İran Azərbaycana qarşı hər zaman ikili münasibət bəsləyib
Siyasət

İran Azərbaycana qarşı hər zaman ikili münasibət bəsləyib

Müstəqilliyinin bərpasının ilk illərində iqisadi və siyasi cəhətdən geriləmiş Azərbaycanın dünya dövlətləri ilə əməkdaşlıq əlaqələri demək olar ki, yox dərəcəsində idi. 1993-cü ildən sonra ulu öndər Heydər Əliyev tərəfindən müstəqil dövlətimizin inkişaf strategiyası müəyyənləşdirilməklə ölkə iqtisadiyyatında və siyasi həyatında əldə olunan irəliləyişlər bütün sahələrdə təzahür etdi. Qısa müddət ərzində özünün tərəqqi mərhələsinə qədəm qoyan Azərbaycan beynəlxalq aləmdə tanınmağa başladı və tədricən ölkəmizlə əməkdaşlıq etmək istəyən ölkələr meydana çıxdı. Beləliklə, məqsədyönlü, düşünülmüş siyasət həyata keçirən ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan gündən-günə inkişaf etməyə başladı.

2003-cü ildən respublikaya rəhbərlik edən Prezident İlham Əliyev ulu öndərin siyasi kursunu davam etdirməklə ölkəmizdə bütün sahələrdə inkişafa, iqtisadi tərəqqiyə nail oldu. Ordu quruculuğundan başlayaraq elm, təhsil, səhiyyə, mədəniyyət və s. sahələri əhatə edən uğurlu islahatlar müəyyən vaxt aparsa da, artıq bu gün Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib. Bununla bərabər, beynəlxalq arenada da böyük nüfuza sahib olan ölkə başçısı İlham Əliyevin qərarlarına hörmətlə yanaşılır, atdığı addımlar dəstəklənir. Azərbaycan güclü, qüdrətli, müstəqil siyasət yürüdən dövlət olaraq qəbul edilir.

İkinci Qarabağ müharibəsində dövlətimiz hansı gücə, potensiala sahib olduğunu bir daha təsdiqlədi. 30 illik erməni işğalına 44 gün ərzində son qoyaraq düşməninə diz çökdürən Azərbaycan humanist ideyalara sadiqliyini, həm də XXI əsrin müharibəsini aparmaq gücünü nümayiş etdirdi. Bu isə təbii ki, ölkəmizi gözü götürməyən, onun uğurlarını qəbul edə bilməyən bəzi qərb ölkələrinin və onların arasında isə yeganə islam ölkəsi olan İranın canına vəlvələ saldı.

30 il torpaqlarını işğal edən, xalqına zülm yaşadan düşmən ölkə ilə köhnə vərəqləri çevirib regionda sülh, əmin-amanlıq naminə mehriban qonşuluq şəraitində yaşamaq yolunu seçən ölkəmizə digər bir qonşusunun naxələflik etməsi isə anlaşılan deyil. Əsrlər boyu yaxın qonşu bildiyimiz, islam ölkəsi kimi qəbul etdiyimiz İran İslam Respublikasının düşmənimizlə dost olması sözün həqiqi mənasında heç bir məcraya sığmır. Axı, necə ola bilər ki, islam dəyərlərini təhqir edən, müsəlman aləmində müqəddəs yer sayılan məscidlərə donuz bağlayan erməni ilə özünü qardaş adlandırasan?

İranın atdığı bu yanlış addımın hansı meyara, ölçüyə uyğun gəldiyini təxmin etmək belə mümkün deyil. Digər bir tərəfdən cənub qonşumuzun hər zaman yaxın qonşu, dost ölkə adlandırdığı sülhsevər, heç bir ölkənin daxili işlərinə müdaxilə etmədən çoxtərəfli əməkdaşlığa böyük önəm verən, region ölkələri ilə mehribançılıq şəraitində yaşayan Azərbaycana ikili münasibət bəsləməsinin haradan qaynaqlandığı da sual doğurur. Görünən budur ki, İran İslam Respublikası regionda söz sahibi olan, səmimi əməkdaşlıq və qarşılıqlı anlaşmaya mühüm töhfələr verən, Türkdilli Dövlətlər Təşkilatında mühüm rol oynayan Azərbaycanın bu uğurlarından qorxur. İkinci Qarabağ müharibəsindən sonra İran Azərbaycanın əldə etdiyi nailiyyətləri sindirə bilməməklə yanaşı, həm də dövlətimizin qüdrətlənməsindən, güclənməsindən çəkinir ki, bunun da öz səbəbləri var...

İkinci Qarabağ müharibəsindən sonra İranın Azərbaycana olan münasibəti tamamilə dəyişdi. Əslində, dəyişmədi, İran açıq şəkildə olmasa da, hər zaman Azərbaycana ikili münasibət bəsləyib. Belə ki, Ermənistan Azərbaycan torpaqlarını işğal etdikdən sonra həmin ərazilərdə bir çox xarici ölkə şirkətləri ilə işbirliyi quraraq ölkəmizin təbii sərvətlərini talan etmişdir ki, bu işdə İran şirkətləri sayca çoxluq təşkil etmişdir. Eyni zamanda, Qarabağın talan olunan təbii sərvətləri bir sıra xarici ölkələrlə bərabər İran bazarlarında da satışa çıxarılmışdır. Bu isə onu göstərir ki, hələ 30 il bundan əvvəl cənub qonşumuz altdan-altdan Ermənistanın işğalçı siyasətini dəstəkləmiş, bir tərəfdən humanitar yardım adı ilə Ermənistana silah-sursat göndərmiş, bir tərəfdən də Azərbaycanın təbii sərvətlərinin daşınmasında xüsusi fəallıq göstərmişdir. Bu gün də Ermənistanda yüzlərlə İran şirkəti Azərbaycanın təbii sərvətlərinin talan edilməsində Ermənistanla əlbir fəaliyyət göstərir.

İran kimi havadarlarının olmasına baxmayaraq, Ermənistanın məğlubiyyətindən, Azərbaycanın isə öz gücünə, heç bir ölkədən yardım almadan  ərazi bütövlüyünü təmin etməsindən sonra İran ermənipərəst, erməni havadarı olduğunu açıq-aydın göstərdi. Hətta Ermənistanın sərhədlərini öz sərhədləri, təhlükəsizliyini öz təhlükəsizliyi elan etdi. Hərbi gücünü Azərbaycana göstərmək üçün sərhəddə bir-birinin ardınca təlimlər də keçdi. İranın bu davranışları isə onu göstərir ki, İran əməkdaşlığın, tərəfdaşlığın, qardaşlığın mücəssəməsi olan Azərbaycan-Türkiyə birliyindən, həmçinin Azərbaycanın cənubda yaşayan 40 milyon vətəndaşına sahib çıxmasından çox ehtiyatlanır. Amma İran anlamır ki, Azərbaycan ilə Türkiyə arasında olan münasibətlər, iki ölkənin birgə fəaliyyəti yalnız bölgədə sabitliyin möhkəmləndirilməsinə, əmin-amanlığa, təhlükəsizliyə yönəlib.

Noyabr ayının 25-də ADA Universitetində "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda keçirilən beynəlxalq konfransda ölkə başçımız İlham Əliyev bu barədə demişdir: "...Türkiyənin potensialı da artır. Azərbaycanın potensialı da artır. Nəinki iqtisadi və sənaye, o cümlədən hərbi gücü artır. Bu gün dünya görür ki, bu, hər ölkə üçün bir nömrəli meyardır... Beləliklə, müdafiə infrastrukturuna sərmayələr, ümumi təşəbbüslər, birgə hərbi təlimlər göz qabağındadır. Bizim Türkiyə ilə dövri əsaslarla bir il ərzində 10-dan artıq birgə hərbi təlimlərimiz olub. Onlar həm Türkiyədə, həm də Azərbaycanda təşkil olunub. Bu, regional sabitliyin və təhlükəsizliyimizin mühüm meyarıdır. Azərbaycana və ya Türkiyəyə qarşı məkrli planları olanlar bilməlidirlər ki, türk ordusu tək deyil, orada, həmçinin bizim ordu da var. Bizim ordu isə tək deyil, o cümlədən orada türk ordusu da var. Sərhədimizdə təxribatları planlaşdıranlar, bizi qorxutmağa çalışanlar bu planlarını yaddan çıxarmalıdırlar".

Azərbaycan Prezidenti İlham Əliyevin bu çıxışı Azərbaycana qarşı ikili münasibət bəsləyən, onu əsassız ittihamlarla günahlandıran bütün erməni havadarlarına, o cümlədən İran İslam Respublikasına bir xəbərdarlıqdır.

Mehparə ƏLİYEVA,

"Respublika".