İRAN ÇADRASINDAKI ANNA
Digər xəbərlər

İRAN ÇADRASINDAKI ANNA

Hələ ötən il noyabr ayının 16-da Ermənistan parlamentində 2023-cü ilin dövlət büdcəsi müzakirə edilərkən baş nazir Nikol Paşinyanın iclasda əlində təsbeh fırlatması erməni mediasında müxtəlif fikirlərə səbəb olmuşdur. Gah onun türkçülüyü nümayiş etdirməsi, gah da təsbehi fars qardaşlarının hədiyyə etməsi ilə bağlı mülahizələr irəli sürülürdü. Ancaq ümumilikdə götürəndə Ermənistanda İrana qarşı süni də olsa bir sevgi formalaşmaqdadır. Bunu son günlər Ermənistan baş nazirinin həyat yoldaşı Anna Akopyanın İrana səfəri zamanı da aydın şəkildə gördük.

İranın paytaxtı Tehran şəhərində keçirilən "Nüfuzlu Qadınların Birinci Beynəlxalq Konqresi"ndə bir çox ölkələri təmsil edən qadınlarla yanaşı, Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan da iştirak edirdi. Əslində, bu adi haldır. Lakin son illər, xüsusən də 44 günlük Vətən müharibəsindəki qələbəmizdən sonra İranın bizə qarşı dəyişən mövqeyində Ermənistanın gün üzünə çıxması da çaşdırıcı deyil. Çünki İranın Ermənistandan tranzit ölkə kimi istifadə etməsi farsların hər işinə yarayır. İndi isə axçi Annanın məşədi Annaya çevrilməsi tam gözləniləndir. Əgər, İran anlasaydı ki, müsəlman dininin müqəddəs örpəyi olan çadranın altda qımışan Anna elə müsəlmanlara qənim kəsilən millətin nümayəndəsidir, heç vaxt bunu etməzdi. Bir müddət əvvəl Tehranla İrəvan "bacılıq" olmaları barədə anlaşma imzalayıb. Yəqin ki, bu görüşləri də əhdlərinə sadiqliyi nümayiş etdirir.

 İki gün davam edən toplantıya dünyanın 90-a yaxın ölkəsindən fəal qadınlar dəvət olunmuşdu. İran prezidenti İbrahim Rəisi konqres iştirakçıları olan qadınların qəbulunu keçirib. Amma deyəsən, görüşdə Annaya olan sevgi diqqətdən qaçmayıb. Belə ki, xanım Akopyan məclisdə yuxarı başda - prezident Rəisi və xarici işlər naziri Abdullahianın yanında əyləşdirilib. Hətta çıxış üçün ona söz də verilib. Xüsusi qayğı ilə əhatə olunan Anna Akopyan bu barədə öz feysbuk səhifəsində paylaşım edərək yazır: "Dost İran İslam Respublikası xalqının bizə qarşı belə isti münasibəti məni heyran etdi. Mən prezident İbrahim Rəisi və xanım Cəmilə Sadat Alamolhodaya Tehranda Güclü Qadınların Birinci Beynəlxalq Konqresinin təşkilinə və evsahibliyinə görə təşəkkür edirəm. Ermənistanda Nüfuzlu Qadınların II Beynəlxalq Konqresinə evsahibliyi etmək bizim üçün böyük şərəf olacaq".

30 illik işğal dövründə İran Ermənistanla birlikdə Arazın sularında nələrə kölgə salıblar onu bir özləri bilir. Hətta, Vətən müharibəsinin ilk günlərində ordumuza mane olmağa çalışan İran sərbazları da yadımızdadır. Bütün baş verənlərə soyuqqanlı davranan Azərbaycan dövləti hər iki ölkənin layiqli cavabını vermişdir. Şuşada Yuxarı Gövhərağa məscidində İran şirkətinin "təmir" adı ilə tariximizi farslaşdırması cəhdi də ifşa olunmuşdur. Elə bu səbəbdən də, Anna Akopyanın çadraya bürünüb, məscidə getməsi heç də bizi çaşdırmadı. Bu gün İranla Ermənistanın "bacılıq" münasibətləri fonunda Anna Akopyanın məscidə aparılması İranın müsəlman mövqeyinə kölgə salacaq qədər utancvericidir. Belə ki, yanvar ayının 18-də Ermənistanın İrandakı səfiri Arsen Avakyanın müşayiətilə Ermənistan baş nazirinin xanımı Anna Akopyan İran Respublikası Prezidentinin xanımı Cəmilə Sadat Alamolhoda və İran Prezidentinin qadın və ailə məsələləri üzrə müavini Ensie Xazali ilə görüşüb. Səhəri gün isə Anna Akopyan İranın birinci xanımı Cəmilə Sadat Alamolhoda və qızı Reyhane Rəisinin müşayiətilə Qum şəhərinə gedib. İranın birinci xanımı Annanı Qumdakı məscidə və Həzrəti Fatimə Məsumənin məqbərəsini ziyarətə aparıb. Bir vaxtlar əlindəki avtomat silahı azərbaycanlılara qarşı tuşlayan qaniçən Anna özünü çadra altında mələk hiss edib, deyəsən. Bu, o Annadır ki, 2020-ci ilin sentyabr ayının 2-də Qarabağa gələrək qadın terrorçulardan ibarət dəstə yaratdığını və adını da "Erato" qoyduğunu elan etmişdir.

Bir vaxtlar Ermənistan Qarabağın işğal olunmuş ərazilərində azərbaycanlılara məxsus məscidlərdə donuz saxlayanda bunu İran çox gözəl bilirdi. Çünki ərazidə, lap yaxınlıqda İran əkin-biçinlə, narkotik sahələrində becərmə işləri ilə məşğul idi. Başı daha "mühüm" işlərə qarışmışdı. Bu gün isə İranın bu münasibəti təkcə bizi deyil, bütün müsəlman dünyasını narahat etməlidir. Axı, peyğəmbərin də hörmətlə yanaşdığı müqəddəs çadranı erməni Annanın başına bağlayıb, Allahın evinə aparmaq elə ilk növbədə İran qaydalarına ziddir. Əgər, aylar əvvəl İranın "əxlaq polisi" Məhsanı baş örtüsü qaydalarını pozduğuna görə qətlə yetirmişdisə, o zaman Annanın başına çadra bağlayıb, məscidə aparması hansı qaydaları pozur?

Ramidə YAQUBQIZI,

"Respublika".