İran Ermənistanla əlbir olduğunu təsdiqləyir
Digər xəbərlər

İran Ermənistanla əlbir olduğunu təsdiqləyir

İran və Ermənistanın birlikdə Azərbaycana hücuma hazırlaşması barədə yerli mətbuatda məlumat gedib. Qeyd edilir ki, Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribat planlaşdırır. Onun hazırlanması və həyata keçirilməsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 30 hərbçisindən ibarət təxribat qrupu iştirak edəcək.

Əvvəla onu qeyd edim ki, tarixən hər iki ölkə terroru dəstəkləyən, ərazisində terrorçu qruplar yetişdirən dövlət imicinə malikdirlər. İranın SEPAH, HİZBULLAH, Ermənistanın ASALA, ASOA, AOD və başqa terror təşkilatları saysız-hesabsız cinayətləri ilə dünyada məşhurdur. Terror təşkilatlarından  istifadə etməklə öz çirkin ideologiyasını yaymaq istiqamətində molla rejimi geniş təcrübəyə malikdir. Yəmən, İraq, Suriya, Livan, Əfqanıstan, Bəhreyn kimi ölkələrdə gedən vətəndaş müharibələri, dağıdıcı proseslər, məhz başlarına əmmamə qoyub şeytana xidmət edənlərin əməlləridir. Əfsuslar olsun ki, 1990-cı illərin ideoloji boşluğundan yararlanan Ocaqnecat kimi ünsürlər ölkəmizdə də 30 ilə yaxın müddətdə toxumlarını səpdilər. Tehrandakı səfirliyimizə edilən təcavüzün kökündə əsasən terror əleyhinə apardığımız mübarizə durur. Ona görə də ehtiyatlı olmalıyıq.

Ermənistanla bağlı hər şey güzgü kimi aydındır. Bu ölkə Azərbaycan, Türkiyə əleyhinə yaradılmış alət, geosiyasi layihədir. İrana gəldikdə isə hər kəsə məlum idi ki, bütün imkanları ilə Ermənistana dəstək verir. Ancaq İslam dininə aidiyyəti olmayan, din alveri ilə məşğul olan mollaların riyakarlığı 44 günlük müharibədən sonra üzə çıxdı. Son iki ildə ermənilərə verdiyi dəstəklə, onlara kortəbii şəkildə səcdə edən yüz minlərlə tərəfdarlarına xəyanət etmiş oldu. İran son davranışları ilə, ermənidən daha təhlükəli düşmən olduğunu sübut etdi. Ancaq yanılırlar, çünki Azərbaycan indiki vaxtda istənilən düşmənə layiqincə cavab vermək iqtidarındadır.

Nəsib MƏHƏMƏLİYEV,

Milli Məclisin deputatı.