İran terroru dəstəkləyən dövlətə çevrilib
MÜSAHİBƏLƏR

İran terroru dəstəkləyən dövlətə çevrilib

Beynəlxalq Konvensiyaya görə ölkələrin digər dövlətlərdəki səfirliklərinin yerləşdiyi ərazi onun ərazisi hesab edilir və yerləşdiyi dövlət  səfirliyin qorunmasına məsuliyyət daşıyır. İranda Azərbaycan səfirliyinə edilən silahlı hücum və səfirliyin mühafizəçilərindən  birinin ölümü və 2 nəfərin yaralanması   Azərbaycanın ərazi bütövlüyünə  təhdid sayılır.

Vaxtilə Qərb dövlətləri İrana hərbi müdaxilə üçün Azərbaycanın hava məkanından istifadə etməsinə Azərbaycan dövləti İranı dost, qardaş dövlət adlandıraraq buna razılıq verməmişdir. Budurmu İrandakı molla rejiminin Azərbaycan dövlətinə minnətdarlığı? Azərbaycanın İranı özünə dost və qardaş dövlət hesab etməsi ilə bağlı çox misallar çəkmək olar. Təəssüf ki, İran hər zaman Azərbaycana qarşı qeyri-səmimi münasibət bəsləmişdir. Baş vermiş bu hadisə son vaxtlar İranın siyasi dairələrində, kütləvi informasiya vasitələrində anti-Azərbaycan təbliğatının nəticəsidir. Səfirliyimizə edilən bu hücum bir daha İran rejiminin Azərbaycan dövlətinə olan münasibətinin göstəricisidir. Əksər İslam dövlətlərinə düşmənçilik edən Ermənistanı özünə qardaş hesab edən İran, əslində İslam dininə hörmətsizlik nümayiş etdirir. Çox təəssüflə qeyd etmək istəyirəm ki, törədilmiş terror hadisəsi ilə əlaqədar İran Azərbaycan dövlətindən üzr istəmək, cinayətin arxasında duran qüvvələrin tapılması üçün müvafiq tədbirlər görmək əvəzinə, hadisənin məişət zəminində baş verməsi barədə hər kəsi hiddətləndirən bəyanatla çıxış etdi. Cinayət törətmiş şəxsi tələsik media qarşısına çıxararaq planlaşdırılmış şəkildə müsahibə alıb yayımladılar. Bu da bir daha bu terrorun arxasında İranın xüsusi xidmət orqanlarının dayandığını sübut etmiş oldu. BMT, ATƏT kimi beynəlxalq təşkilatların baş katibləri, ABŞ, Böyük Britaniya, Fransa və bir çox böyük Qərb dövlətləri səfirliyimizə edilən terror hadisəsini pisləyən bəyanatla çıxış etdilər. Bütün dünya İranın irəli sürdüyü faktı absurd hesab etdi. Bununla da İran bir daha Azərbaycan qarşısında acizliyini nümayiş etdirmiş oldu.

İran Azərbaycana qarşı hər zaman düşmənçilik mövqeyi nümayiş etdirib. İrandakı molla rejimi Azərbaycanın güclü bir dövlətə çevrilməsini istəməyib. Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladığı vaxt İran bu işğalı uzatmaq üçün həmişə Ermənistana istər iqtisadi, istərsə də hərbi cəhətdən yardım edib. Azərbaycan güclü, qüdrətli bir dövlətə çevrilib öz torpaqlarını erməni işğalından azad etdikdən sonra İran heç cür bu qələbəmizi həzm edə bilmir. Əvvəllər  İran Azərbaycana qarşı olan düşmənçiliyini, Ermənistana isə dost davranışını açıq şəkildə nümayiş etdirmirdisə, son zamanlar bunu açıq şəkildə büruzə verir. Səfirliyimizə edilən silahlı hücumdan öncə erməni siyasi dairələrində, xüsusən də SEPAH-ın yüksəkrütbəli hərbçiləri Azərbaycana qarşı açıq  təxribat xarakterli çıxışlar etdilər. Baş vermiş silahlı terror, İranda kütləvi aksiyaların keçirilməsi İran dövlətinin Azərbaycana qarşı apardığı düşmənçilik siyasətinin davamıdır.

Azərbaycan bu gün güclü, qüdrətli  bir dövlətdir. İran anlayır ki, Azərbaycan dövləti Cənubi Azərbaycanda molla rejiminin zülm etdiyi, onları işgəncəyə məruz qoyduğu öz soydaşlarının vəziyyətinə biganə qalmayacaq. Baş verən hadisələr bir daha onu deməyə əsas verir ki,  İran özünün vurğuladığı kimi, İslam dininin təşəbbüskarı deyil, əslində dünyada terroru, terrorçuluğu dəstəkləyən bir dövlətdir.

                         Kamilə ƏLİYEVA,

Milli Məclisin deputatı,

BDU-nun kafedra müdiri, professor.