İranın bitib-tükənməyən bəhanələri
Siyasət

İranın bitib-tükənməyən bəhanələri

İran yenə bir sıra əsassız iddialarla gündəmə gəlib. Belə ki, cənub qonşumuz Azərbaycan əraziləri üzərindən İsrail koalisiyası ilə qarşılaşacağından qorxduğunu bəhanə edir. Fəqət dövlətimiz öz ərazilərinin digər dövlətlər tərəfindən poliqon kimi istifadəsinin əleyhinə olduğunu hər zaman açıq şəkildə bildirib.

Bu barədə mövzuya toxunan politoloq Oqtay Qasımov İranın müstəqillik dövründən sonra Azərbaycana qarşı siyasətinin heç səmimi konstruktiv olmadığını deyib: "Həm Birinci Qarabağ, həm 44 günlük Vətən müharibəsi dövründə İranın Ermənistana verdiyi dəstək hər kəsə aydındır. Ölkəmizin İkinci Qarabağ savaşından sonra bölgədə yaratdığı reallıqları, dövlətimizin torpaqlarını işğaldan azad etməsini İran tərəfi heç cür qəbul edə bilmir. Bunun nəticəsidir ki, İran da Ermənistandan geri qalmayaraq Azərbaycana qarşı düşmənçilik siyasəti yeridir.

Sözügedən düşmənçilik isə müxtəlif bəhanələrlə əsaslandırılır. Həmin saxta iddialardan biri Azərbaycanın İsraillə əlaqələrinin inkişafının, İsraildə səfirlik açmasının guya vaxtsa İrana qarşı ola biləcək hərbi əməliyyatlar zamanı dövlətimizin ərazisindən istifadəyə icazə verilməsi ilə bağlıdır. Cənub qonşumuz da çox gözəl bilir ki, hələ 15-20 il öncədən ABŞ onun müttəfiqləri İranın nüvə proqramını dayandırmaq onun dünyada terrorizm siyasətinə qarşı mübarizə aparmaq məqsədilə hansısa formada hərbi müdaxilələr etmək üçün planlar cızıblar. ABŞ-ın bu planlarının arasında Azərbaycan ərazisindən istifadə etmək niyyəti əks olunub. Lakin Azərbaycan bu variantlara etiraz bildirmiş, öz ərazisindən üçüncü bir ölkəyə qarşı istifadəyə imkan verməmişdir.

Dövlətimiz bu kimi halların əsla baş tutmayacağı ilə bağlı dəfələrlə açıqlama verib mövqeyini bəlli edib. İran tərəfi saysız bəhanə ilə bu məsələni qabartmaqla bir daha ölkəmizə qarşı olan qısqanclığını təsdiqləyir. Azərbaycan Respublikasının güclənməsi, demokratikliyi, rifahının yüksək səviyyədə olması İranın maraqları ilə uyğunlaşmır. Cənub qonşumuz, həmçinin hesab edir ki, güclü müasir ölkəmiz güneydəki soydaşlarımıza nümunə olduğu üçün İrana təhdidlər yaradır. Yəni İranın bu addımları iftira yalanlardan başqa bir şey deyil. Azərbaycan əsla öz ərazilərindən üçüncü bir ölkəyə, o cümlədən İrana qarşı istifadəyə imkan verməyəcək".

Xatırladaq ki, aprelin 5- İran parlamentinin 210-a yaxın deputatı Azərbaycanın İsraildə səfirliyinin açılmasını pisləyən bəyanat qəbul etmişdi. Bundan başqa, Fələstinin "İslami-Cihad" terrorçu qruplaşması da məsələyə oxşar münasibət bildirmişdi. İranlı deputatlar isə ölkənin Xarici İşlər Nazirliyini məsələ ilə bağlı diplomatik tədbirlər görməyə çağırmışlar. Onlar bunu "İslam dünyasının maraqlarına zidd" addım kimi qiymətləndirmişlər. İran parlamentinin üzvləri ərəb islam ölkələri hakimiyyətlərini, İslam Əməkdaşlıq Təşkilatını Azərbaycanın bu addımını pisləməyə səsləmişlər. Qeyd edək ki, İranın bu qərəzli addımına cavab olaraq aprelin 7- Azərbaycan Milli Məclisi tərəfindən bəyanat qəbul olunmuşdur.

Nəzrin ELDARQIZI,

"Respublika".