İranın dəyişməyən xəbis anti-Azərbaycan siyasəti
Siyasət

İranın dəyişməyən xəbis anti-Azərbaycan siyasəti

və ya “ağa...nın dğa” sevgisi

İranla Ermənistanın dostluq və qardaşlıq münasibətləri  həmişə gündəmdə olub. Bu gün də eyni siyasət davam edir. Azərbaycana qarşı hər zaman süni şəkildə xoş münasibət göstərən İran əslində özünün məkrli niyyəti ilə əməldə Ermənistana gizli və bəzən də açıq yollarla dəstək göstərir. Qatı erməni sevgisi ilə tanınan İran bizim üçün hər zaman mehriban düşmən ölkə olub. Bu gün də onlar xain fəaliyyətlərini davam etdirirlər. Belə ki, son 30 illik işğal dövründə İran Ermənistanla dostluq, qardaşlıq siyasəti yürüdüb, əl altından işğalçıya hər cür dəstək verib. Necə deyərlər "əba altından, əmmamədə peşkəş" ötürüblər. "Ağa...nın dğaya" yardım adıyla ötürdüyü "əmmamədəki peşkəşlər"inin böyük bir qisminin silah-sursat olduğu hamıya bəllidir. Ermənistanın baş naziri Nikol Paşinyan da həqiqətləri gizlətməyib, İranın Ermənistan üçün nəfəslik olmasını vurğulayıb.

Görünən budur ki, İran Azərbaycana qarşı ermənipərəst siyasətinə hələ də son qoymaq niyyətində deyil. Ermənistanın sərhədlərini öz qırmızı xətti elan edən İran bu ölkəni indi də yeni silahlarla təchiz etmək istəyini davam etdirir. Bunun adı ermənidən çox erməni olmaqdır. İranda azərbaycanlıların və ermənilərin hüquq və azadlıqlarına ayrı-seçkilik münasibəti sərgilənir. Bu ölkədə soydaşlarımız bütün hüquqlardan məhrum edilib, ana dilində təhsil almaq, yazmaq hüququ belə əllərindən alınıb. Ermənilərin isə İranda öz dillərində mediaları fəaliyyət göstərir, ana dilində təhsil alırlar.

İslam dövləti olmasına baxmayaraq, faşist xislətli erməni terrorçularını dəstəkləməsi İranın dini dəyərlərə hörmətsizliyi kimi qiymətləndirilir. Eyni zamanda, təbii olaraq ikrah doğurur. Çünki 30 il müddətində ermənilər Azərbaycana məxsus İslam abidələrini, məscidləri təhqir edib, talayıb və dağıdıblar. Bütün bunları görməzdən gələn İranın bu mövqeyi ədalət meyarından tamam uzaq, öz dinindən olan ölkəyə xəyanət deməkdir. İslam dəyərlərini bu qədər aliləşdirmiş Azərbaycanın siyasi xəttinə uyğun olmayan münasibətlər nümayiş olunur. İranın bu cür xəbis əməllərinin səbəblərindən biri də ölkəmizin regionda və dünyada gündən-günə artan nüfuzudur. İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahiyanın "Ermənistanın təhlükəsizliyini regionun təhlükəsizliyi hesab edirik" fikri isə heç bir kontekstə sığmır.

İranın son dövrlərdə Ermənistana açıq şəkildə dəstək ifadə etməsi, bu ölkəyə rəsmi səfərlər, dostluq-qardaşlıq mesajları, Qafanda konsulluğun açılması, Azərbaycan sərhədində əzələ nümayişi, hərbi təlimlər keçirilməsi ölkələrimiz arasında gərginliyi son həddə çatdırdı. Azərbaycan cəmiyyəti belə addımları böyük hiddətlə qarşılayır. Həm İkinci Qarabağ müharibəsi zamanı, həm də sonrakı dövrdə ermənipərəst siyasət yürüdən İran Azərbaycan cəmiyyəti qarşısında özünü büsbütün ifşa etdi. Bu proseslər İranın Azərbaycandakı nüfuzuna ciddi zərbə oldu, xalqımız müsəlman qardaşlığının İran üçün yalnız dildə olduğunu gördü.

Tarixən İranın bu tipli siyasət aparmasının şahidi olmuşuq. İran rəsmiləri "Ermənistanın ərazi bütövlüyünün pozulması bizim qırmızı xəttimizdir" kimi açıqlamalar verərək Azərbaycanın ünvanına sərt ittihamlar, təzyiq dolu bəyanatlar səsləndirmişlər. Xüsusilə İran parlamentinin deputatlarının, yüksək vəzifəli hərbi və mülki şəxslərin Azərbaycan haqqında ziddiyyətli açıqlamaları dostluq və qonşuluq münasibətlərindən tam uzaq idi. Artıq müharibənin taleyinin həll edildiyinə və Azərbaycanın şəksiz qələbə qazandığına əmin olduqdan sonra İran rəhbərliyi məcbur olub ölkəmizə dəstək ifadə edən bəyanat vermişdir. Amma 44 günlük müharibə zamanı Ermənistana silah göndərilməsindən tutmuş Azərbaycanın təhdid olunmasına kimi ölkəmizə qarşı hər cür çirkin vasitələrdən istifadə etmişdir.

İşğalda qalmış torpaqlarını Azərbaycanın öz gücü hesabına azad etməsi, ikinci hava limanının tikilməsi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hər iki beynəlxalq hava limanının açılışında iştirak etməsi, türk qardaşlarımızın bizə dəstək verməsi İranı narahat edir, hətta qorxudur. Elə ona görə, İran Zəngəzur dəhlizinin açılması ilə bağlı "qırmızı xətt" açıqlaması verir. Bu gün İran hər vəchlə Azərbaycanla Ermənistan arasında olan məsələlərə müdaxilə etməyə çalışır.

"Ümid edirəm ki, İran hökumətinin ermənipərəst hərəkətləri çox kövrək sülhə xələl gətirməyəcək". Bu sözləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda bildirib. Dövlət başçısı qeyd edib ki, bu vəziyyəti bizim yaratmadığımızı bildirmək üçün son bir məsələni də qeyd etmək istərdim. Mən İranın əvvəlki üç prezidenti ilə - Prezident Hatəmi, Prezident Əhmədinejad və Prezident Ruhani ilə işləmişəm. Bütün bu illər ərzində heç vaxt indiki vəziyyətimizə oxşar bir şey olmayıb. Heç vaxt Azərbaycana qarşı nifrət və təhdid dolu sözlər işlədilməyib, sərhədimizdə heç bir hərbi təlim keçirilməyib, ancaq bir neçə ay ərzində iki hərbi təlim keçirilib. "Deməli, bu o deməkdir ki, bu vəziyyəti yaradan biz deyilik. Biz bu vəziyyətin daha tez bitməsini istəyirik. Biz bütün qonşularımızla sülh və dostluq münasibətləri istəyirik. Eyni zamanda, biz həmişə öz ləyaqətimizi, müstəqilliyimizi, həyat tərzimizi müdafiə edəcəyik və heç bir xarici aktora öz standartlarını və iradəsini hökumətimizə və xalqımıza tətbiq etməyə imkan verməyəcəyik", - deyə Azərbaycan Prezidenti vurğulayıb. Bu baxımdan, İran əmmaməsini qabağına qoyub bir daha yaxşı-yaxşı düşünməli, bu mesajdan ciddi nəticə çıxarmalıdır.

Mustafa KAMAL,

"Respublika".