İranın  Ermənistanın hərbi cəhətdən güclənməsinə olan marağı hər iki tərəfin başına bəla olacaq
Siyasət

İranın  Ermənistanın hərbi cəhətdən güclənməsinə olan marağı hər iki tərəfin başına bəla olacaq

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın və ətraf rayonların Ermənistan tərəfindən  işğalı nəticəsində bir milyondan çox vətəndaşımız məcburi köçkün vəziyyətinə düşdü. Doğma yurdlarından qovulan insanlar 30 il respublikamızın ayrı-ayrı rayonlarında məskunlaşdılar. İllər boyu min bir əziyyətlə, halal zəhmətlə qurub-yaratdıqları  torpaqlarda ermənilər at oynatdı. Barlı-bərəkətli, yeraltı-yerüstü sərvətlərlə zəngin olan ərazilərimiz  mənfur düşmənin qazanc mənbəyinə çevrildi. Sərvətlərimiz talan edildi.

Düşmən ölkə Qarabağda dünyanın bir çox xarici şirkətləri ilə müxtəlif sahələr - mədənçilik, tikinti, ağac emalı, telekommunikasiya və digər sahələr üzrə  Azərbaycanın icazəsi olmadan  qanunsuz fəaliyyət göstərdi. İşğal olunmuş ərazilərimizdə ermənilərin  törətdiyi ekoloji terrora 20-dən artıq ölkənin – o cümlədən Böyük Britaniya, Fransa, İran, ABŞ, Rusiya, İsveçrə, Almaniya, Hollandiya və digər dövlətlərin şirkətləri qoşularaq işğal edilmiş ərazilərimizi tar-mar etdilər. Azərbaycanın təbii sərvətləri  qəddarlıqla istismar edildi,  müxtəlif yollarla xarici ölkələrdə satışa çıxarıldı.

İşğal olunmuş ərazilərdə həyata keçirilmiş qeyri-qanuni fəaliyyət və təbii ehtiyatların istismarı ölkəmizin iqtisadiyyatı ilə yanaşı, həm də böyük ekoloji problemlərə səbəb olmuşdur. Belə ki, meşələrin qırılması  və yandırılması, su ehtiyatlarının çirklənməsi, flora və faunanın məhv edilməsi, regionda yerin təkinin talan edilməsi nəticəsində ekoloji tarazlıq pozulmuş,  torpaq sahələri deqradasiya olunmuşdur. Azərbaycanın  işğal olunmuş bütün ərazilərində əvvəllər mövcud olan 260 min hektara yaxın meşə ərazisi  son 30 il ərzində sürətlə azalmış, qiymətli ağac növləri - qoz, palıd, Eldar şamı, xurma və xüsusi mühafizə altında olan digər ağaclar, minlərlə hektar ərazini əhatə edən meşələr oduncaq tədarükü üçün qırılmış və qiymətli ağac növlərinin bitdiyi Qarabağın meşə resursları Ermənistana daşınmışdır.

30 illik işğal dövründə  xalqımızın mədəni irsi də məhv edildi. Ermənistan öz havadarları ilə birgə  Azərbaycana məxsus milli-mədəni abidələrimizin bəzilərini yer üzündən sildi, bəzilərini isə erməniləşdirməyə cəhd göstərdi. Bu işdə  onun ən yaxın “köməkçilərindən”, dəstək verənlərindən biri isə İran İslam Respublikası oldu. Belə ki, özünü islam ölkəsi adlandıran İran həmin ərazilərdə Azərbaycan xalqına məxsus milli-mədəni irsin dağıdılmasına, məscidlərin təhqir olunmasına  göz yumdu, İrəvanda, Şuşada məscidlərin erməniləşdirilməsində yaxından iştirak etdi.

 Müsəlman ölkəsi sayılan İranın regionda söz sahibi olan, islam dəyərlərini qoruyub saxlayan bir türk dövlətinə qarşı bu qədər kin-küdurəti nədən qaynaqlanır? Nədən İran İslam Respublikası  tarix boyu yaxın qonşuluq əlaqələri olan, heç bir ölkənin daxili işinə qarışmayan, sülhsevər Azərbaycanın deyil, özgə torpaqlarında özünə dövlət quran, qəsbkar, işğalçı, islam dininə qarşı hər zaman hörmətsizliklə yanaşan  Ermənistanı haqsız olduğu halda haqlı çıxarmağa çalışır. Bəli, çalışır, amma bacarmayacaq...

 Çalışır ona görə ki, Azərbaycan-Türkiyə birliyi İranı qorxuya salıb, cünki türk xalqlarının həmrəyliyi  daha böyük çevrəni əhatə edə bilər. Ta bir ucu  Güney Azərbaycanda olan 40 milyona yaxın azərbaycanlıya qədər.  İranı sarsıdan digər səbəblərdən biri isə İkinci Qarabağ müharibəsində qələbə çalan Azərbaycanın  əzəli torpaqlarını işğaldan azad etməsidir. Bu, təbii ki, Ermənistanın məğlubiyyətinə  görə deyil, 30 ilə yaxındır ki, ermənilərlə birləşib  narkotik maddələrin istehsalı, tranziti, ticarəti və transmilli cinayətkarlığın digər təhlükəli növləri üçün istifadə etdiyi, qazanc mənbəyinə çevirdiyi münbit torpaqların  əlindən çıxması səbəbindən İranın Azərbaycana qarşı aqressiyasıdır.

İran hər zaman sözdə dost, qardaş deyib, lakin heç bir vaxt uğuruna, yaxşı gününə sevinmədiyi Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsindən sonra ölkəmizə olan riyakarlığını açıq-aydın büruzə verdi. Azərbaycanla sərhədində təlimlər keçirməsi, Ermənistanın ərazi bütövlüyünü özünün qırmızı xətti elan etməsi, mütəmadi səfərlərin baş tutması, Qafan rayonunda  konsulluğunu açması, İkinci Qarabağ müharibəsində olduğu kimi, indi də  Ermənistanı zərbə PUA-ları ilə, 1000 km məsafəyə uça bilən dronlarla silahlandırması  İran İslam Respublikasının Azərbaycana qarşı düşmənçilik münasibətinin təzahürüdür. Belə ki, Türkiyə-Azərbaycan müttəfiqliyindən, son zamanlar isə İsraillə Türkiyə arasında olan münasibətlərin bərpasından əndişə edən İran İstanbul-Bakı-Təl-Əviv münasibətlərini kompensasiya etmək üçün  Ermənistana “Şahed” və “Ababil” PUA-ları, “Mohajer” pilotsuz təyyarələrini satmaqla Ermənistanın müdafiə qabiliyyətini gücləndirmək və Azərbaycanla münasibətlərin normallaşmasına əngəl törətmək məqsədi güdür. Çünki İran Azərbaycana düşmən olmaqla bərabər,  həm də Ermənistanın vaxtilə işğal etdiyi torpaqlarımızda  həyata keçirdiyi  narkotik  tərkibli maddələrin istehsalında iş ortağı olub axı...

Ermənistanın baş prokuroru Anna Vardapetyan noyabr ayının 22-də İranın bu ölkədəki səfiri Abbas Badaşxan Zohurinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü zamanı   Ermənistanla ikitərəfli münasibətlərin İran üçün prioritet olduğunu və bunun hər iki ölkənin liderləri tərəfindən təsdiqləndiyini bildirərək qeyd edib ki,  Zəngəzur rəsmi Tehran üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, İranın  Ermənistana hərbi cəhətdən güclənməsinə kömək etməkdə  maraqları çox böyükdür.  Amma bu maraqlar həm Ermənistanın, həm də İranın başına bəla olacaq...

Mehparə ƏLİYEVA,

“Respublika”.