İranın iç üzü
Digər xəbərlər

İranın iç üzü

Yanvarın 27-də Azərbaycanın İran İslam Respublikasındakı səfirliyində törədilən terror aktı ölkəmizdə hiddətlə qarşılanıb. Hadisənin araşdırıldığı deyilir. Amma bu qanlı cinayətin nə məqsədlə törədilməsi ilə bağlı ictimaiyyətimizi narahat edən suallara hələ də ağlabatan cavab verilməyib.

"İranın Azərbaycana həqiqi münasibəti İkinci Qarabağ müharibəsi zamanı büruzə verməyə başlamışdı". İmişli rayonunda fəaliyyət göstərən "Yarat" təhsil və karyera mərkəzinin direktoru Ziya Rzayev bizimlə söhbətində belə başlayaraq dedi ki, hələ o zaman Azərbaycan şəhərlərinə raket və top atəşinə tutulduğu, kənd və şəhərlərə bayrağa bükülü şəhid cənazələrinin gətirildiyi bir vaxtda İran həm quru, həm də hava məkanlarını silah-sursat daşıması üçün Ermənistana açmışdı. Torpaqlarımızın işğal altında olduğu dövrdə Ermənistanla isti münasibət quran "molla rejimi" 44 günlük müharibə dövründə Cəbrayıl istiqamətində Ordumuzun irəliləməsinə əngəl yaratmaq, sərhəddə təxribat törətmək istəyirdi. Yalnız döyüşdə zəfər çalandan, beynəlxalq mövqelərimiz güclənəndən sonra İran dostluq və qardaşlıqla, tarixi-mədəni əlaqələrlə bağlı saxta dəstək bəyanatı səsləndirdi. Lakin Azərbaycana və azərbaycanlılara qarşı İran əsl münasibətini bundan sonra gizlələ bilmədi. Xüsusilə Zəngəzur dəhlizinin açılması məsələsi gündəmə gələndən İran bizimlə təhdid, hədə-qorxu dili ilə danışmağa başladı. Bunun bariz nümunəsini Araz çayı boyunca keçirdiyi hərbi təlimlərdə gördük. Sərhədlərimizin yaxınlığında qonşu dövlətin ötən əsrin ortalarında istehsal edilmiş onlarla tankı göründü. İran ölkəmizə qarşı "əzələ nümayişi" ilə əslində özünü biabır etdi. Təlimdən paylaşılan görüntülər bu qədim dövlətin hərbi və texnoloji cəhətdən nə qədər geridə qaldığını göstərdi. Təbii ki, ən müasir silah sistemlərinə malik ordumuzu bununla qorxutmaq mümkün deyildi. Həm də nəzərə alınmalıdır ki, qlobal enerji tədarükçüsünə çevrilən Azərbaycan artıq Avropanın sahədə əsas tərəfdaşlarından biridir. Ölkəmizin Türkiyə ilə müttəfiqliyi isə bu gün regionda sülhün və sabitliyin əsas təminatına çevrilməkdədir. İran yeni dövrün bu reallıqlarını qəbul və həzm edə bilmir.

Öz xalqını əzməyin, yoxsulluğa düçar etməyin, azad sözü, azad medianı qadağan etməyin, ölüm düşərgəsinə çevrilmiş həbsxanalarında vicdan məhbuslarına amansız işgəncələr verməyin İslam əxlaqı ilə əlaqəsi yoxdur. Milli sərvətlərini ayrı-ayrı ölkələrdə təsir güclərinin yaradılmasına və saxlanmasına, stabilliyin pozulmasına sərf edən İran bu gün bütün dünyada terroru dəstəkləyən ölkə kimi tanınır. Təsadüfi deyil ki, İran müasir dünyanın ən çox sanksiyaya məruz qalmış üç ölkəsindən biridir. İran Ermənistanın ölkəmizə qarşı terror siyasətinə verdiyi dəstəklə də əsl simasını göstərib. Əhalisinin təxminən yarısını təşkil edən azərbaycanlılara qarşı İranda sərhədsiz diskriminasiya mövcuddur. Zəlzələdən əziyyət çəkən azərbaycanlılara münasibətləri buna sübutdur. Azərbaycanlıları bütün hüquqlardan məhrum edən, ana dilində təhsil almaq, yazmaq hüququnu belə əlindən alan İran rejimi azərbaycanlıların hər hansı formada təşkilatlanmasını özünə qarşı təhdid kimi dəyərləndirir və dərhal repressiya alətlərinə əl atır. Azsaylı xalq olan ermənilər isə İranda bütün imkanlardan istifadə edir, öz dillərində mediaları fəaliyyət göstərir, ana dillərində təhsil alırlar.

Tehranda səfirliyimizə edilən hücumun "məişət hadisəsi" adlandırılması ilə bağlı İran rəsmilərinin açıqlamaları da xalqımız tərəfindən ciddiyə alınır.

Bu, düşünülmüş bir terror aktıdır. Çağdaş dövrümüzdə belə hadisələr vəhşilik, barbarlıq hesab olunur. Fikir verin, törədilən cinayətə görə məsuliyyətdən yayınmaq üçün İran öz vətəndaşının vəhşi obrazını yaratmaqdan çəkinməyib. İndiyədək minlərlə vətəndaşını kamikadze kimi hazırlayıb başqa ölkələrdə ölümə göndərməklə də o, insan amilinin onun üçün əhəmiyyətli olmadığını göstərib. İranın həm daxili, həm də xarici siyasəti əslində öz məzlum xalqının əleyhinə çevrilib. Son vaxtlar ölkəni bürüyən narazılıq dalğası da göstərdi ki, artıq xalq da bu rejimdən bezib. Müdrik Prezidentimizin uzaqgörən siyasəti ilə Azərbaycan dövləti İranın indiyədək ölkəmizə qarşı törətmək istədiyi bütün təxribatların qarşısını alıb və bundan sonra da alacaqdır.       

 

Ərəstun ABDULOV,

"Respublika".