İranın məkr və qərəzi, dəyişməyən xəbis niyyəti
Siyasət

İranın məkr və qərəzi, dəyişməyən xəbis niyyəti

"Biz bütün qonşularımızla sülh və dostluq münasibətləri istəyirik. Eyni zamanda, biz həmişə öz ləyaqətimizi, müstəqilliyimizi, həyat tərzimizi müdafiə edəcəyik və heç bir xarici aktora öz standartlarını və iradəsini hökumətimizə və xalqımıza tətbiq etməyə imkan verməyəcəyik". Bu sözləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda bildirib.

Rəsmi Bakı qonşuları ilə münasibətlərin formalaşmasında maraqlıdır. Amma çox təəssüflər olsun ki, Azərbaycanın yerləşdiyi bölgədə qonşu olduğu dövlətlər isə əks siyasət yürüdürlər. Onlar daim ikili oyunlar mexanizmindən istifadə edir. Azərbaycan Prezidenti işğaldan azad olunan ərazilərə səfəri zamanı Xudafərin körpüsünü dostluq körpüsü, İran-Azərbaycan sərhədini isə dostluq və qardaşlıq sərhədi adlandıraraq yaxın qonşumuza xoş mesajlar vermişdi. Bununla yanaşı, bir sıra İran şirkətlərinə də Qarabağın bərpasında iştirak etmək imkanı yaradıldı.  

Ölkəmiz 30 ilə yaxın bir dövrdə Azərbaycanın tarixi torpaqlarının işğalına İranın susqunluğuna, Şuşada və İrəvanda azərbaycanlılara məxsus məscidlərin təmir edilərək fars məscidləri kimi qələmə verməsinə, 44 günlük Vətən müharibəsi dövründə rəsmi Tehranın Ermənistana silah-sursat ötürməsinə baxmayaraq, qonşuluq münasibətlərini davam etdirmək niyyətini dəfələrlə bəyan etmişdi. Lakin İran Azərbaycana qarşı heç bir əsası olmayan iddialar irəli sürməyə başladı. İran İslam Respublikasının qonşu olaraq Azərbaycana qarşı riyakar davranışları davam etməkdədir.

30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyib, digər tərəfdən təcavüzkar Ermənistana dəstək verərək etibarsız qonşu olduğunu nümayiş etdirir. Qarabağ münaqişəsinin bitməsindən sonra iki ölkə arasında sülhün əldə edilməsini açıq-aşkar əngəlləyir, Zəngəzur dəhlizinin reallaşdırılmasına mane olmaq üçün əlindən gələni edir. İranın riyakar hərəkətini İslam dəyərlərinə qarşı xəyanətdən başqa cür qiymətləndirmək olmur. Azərbaycan Qarabağ münaqişəsini tarixə qovuşdurandan sonra İran Zəngəzur dəhlizinin reallaşmasına açıq şəkildə maneə törətmək üçün əlindən gələni edir. Ermənistan sərhədinin pozulmasını özünün "qırmızı xətt"i kimi, Ermənistanın təhlükəsizliyini öz təhlükəsizliyi kimi qələmə verir. Təəssüf ki, İslam dəyərlərinə qarşı xain siyasət yürüdən İranın din xadimlərinin Azərbaycan əleyhinə yönəlmiş təxribatlarda iştirak etməsi İslamın əxlaq kodeksinə də zidd bir əməldir.

Ermənistanın baş naziri Nikol Paşinyan Tehranın ötən əsrin 90-cı illərindən İrəvan üçün nəfəslik rolunu oynaması barədə etirafı İranın Azərbaycana qarşı ikiüzlü siyasətinin ifşasıdır. Paşinyanın bu etirafı İrəvanla Tehranın əlaqələrinin nə qədər dərin olduğunu göstərir. Bəs İran dini və milli bağlılığı olmayan ermənilərə niyə bu qədər can yandırıb və indi də yandırmağa davam edir? İranın Ermənistanla dostluğunun kökündə, onların Azərbaycan xalqına qarşı bəslədiyi ortaq düşmənçilik niyyətləri dayanır. İranın Qafanda konsulluq açması, Ermənistanın Təbriz şəhərində konsulluq açmaq istəyinin gündəmə gətirilməsinə şərait yaratması bu ölkənin Azərbaycana qarşı qeyri-dürüst davranışının nümunəsidir. 30 illik işğal dövründə Ermənistana Azərbaycan ərazisində talançılıq etməyə İran da yardımçı olub. Qarabağ və Şərqi Zəngəzurda azərbaycanlılara məxsus evlərin, binaların, məscidlərin daşları sökülərək İrana daşınıb.

İranda son vaxtlar baş verən kütləvi narazılıqların və keçirilən etiraz aksiyalarının bir səbəbi də ölkədə on illər boyu hökm sürmüş milli-etnik ayrı-seçkilikdir. İslam mənəviyyatından, ədalətindən danışan İran rejimi bu ölkədə yaşayan azərbaycanlıların öz ana dilində təhsil almalarına, adət-ənənələrini, mədəniyyətlərini yaşatmağa mane olur. Bu yolla İran rejimi Azərbaycan türklərinin hər vəchlə assimilyasiya olunmasına çalışır. Bu davranış İranın əhalisinin az qala yarısını təşkil edən azərbaycanlılara qarşı haqsızlıqdır. Azərbaycan bundan sonra daha da ciddi şəkildə bütün dünyada yaşayan soydaşlarımızın, o cümlədən İranda yaşayan çoxmilyonlu azərbaycanlıların arxasındadır və onlara hər cür yardım göstərəcək.

İranın Azərbaycana qarşı məkrli planları bu günün, dünənin işi deyil. Proseslər irəlilədikcə adını "islam dövləti" qoyub, ermənipərəst mövqe sərgiləyən, Azərbaycanın düşməninin əlini sıxan, onu silahlandıran Tehranın Azərbaycanda planlaşdırdıqları iyrənc oyunların qarşısındakı pərdə də qalxmağa başlayır. Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası on gündən çoxdur ki, davam edir. Hava şəraitinin soyuq olmasına baxmayaraq, fasiləsiz dinc aksiyaya qoşulanların sayı da getdikcə artmaqdadır. Belə ki, dinc aksiyaya Azərbaycanın hər yerindən böyük dəstək var. Yol humanitar məqsədlər üçün açıqdır. Aksiya iştirakçıları buradan bütün mülki ermənilərin, o cümlədən köməyə ehtiyacı olan dinc ermənilərin - yaşlıların, qadınların, uşaqların da keçidinə eyni şəraiti yarada biləcəklərini bildirirlər. Təəssüf ki, Ruben Vardanyan onları buraxmır, bura gəlmələrinin qarşısını alır və qəsdən Azərbaycan tərəfi dinc ermənilərə qarşı humanitar böhran yaradır kimi feyk məlumatlar tirajlayır. Bu iftira və yalanlara yenə İran və onun xain mövqe ilə fərqlənən media qurumları dəstək verir. Ədalətdən ağızdolusu danışan İran öz xəbis xislətinə sadiq qalaraq haqlı Azərbaycanın deyil, talançı və oğru ermənilərin yanındadır. Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycanla düşmənçilik niyyəti İranın köhnə peşəsi, dəyişməyən, qərəzli anti-Azərbaycan siyasətidir.

Mustafa KAMAL,

"Respublika.