İrəvan şəhərinin Təpəbaşı məhəlləsinin taleyi və Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması ilə bağlı kitabın təqdimatı olub
Siyasət

İrəvan şəhərinin Təpəbaşı məhəlləsinin taleyi və Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması ilə bağlı kitabın təqdimatı olub

İyulun 5-də "Gülüstan" sarayında "İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərinin silinməsi" üzrə aparılmış araşdırmanın və onun nəticələrini əks etdirən kitabın təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, araşdırma çərçivəsində İrəvan şəhərinin, o cümlədən Təpəbaşı hissəsinin tarixi, şəhərdə Azərbaycan irsinin yüz il əvvəl başlanmış və hələ də davam edən sistemli dağıdılması prosesi, Təpəbaşı məhəlləsinin son qalıqlarının da sökülərək, məhəllənin tamamilə məhv edilməsi təhlükəsi barədə mühüm məlumatlar toplanıb.

Tədbirdə İrəvanda Azərbaycanın milli-mədəni irsi barədə film nümayiş etdirilib.

Araşdırmanın müəllifi, tədqiqatçı, tarixçi Səbuhi Hüseynov materialların hazırlanmasında Azərbaycan Respublikasının Milli Arxivində, Azərbaycan Respublikasının Dövlət Tarix Arxivində, Amerika Birləşmiş Ştatları Konqres Kitabxanasının Nadir Əlyazmalar Kolleksiyasında, Türkiyə Respublikasındakı Osmanlı Arxivində, Rusiya Federasiyasının Dövlət Arxivində saxlanılan sənədlərdən istifadə olunduğunu və üçüncü dövlətlərin arxivlərində saxlanılan Ermənistan arxivindən götürülmüş mikrofilmlərin tədqiqata cəlb edildiyini bildirib. "Biz əvvəlcə İrəvanın Təpəbaşı məhəlləsinin ilkin ərazilərini müəyyən etməli idik. Yəni, tarixi Təpəbaşı ərazisi harada idi, onun tarixi landşaftı nə qədər idi, ölçüləri nə qədər idi? Buna görə də biz müasir texnoloji imkanlardan istifadə etdik, İrəvanın virtual mühitini yaratdıq. Müəyyən edildi ki, Təpəbaşı bu gün gördüyümüz ərazidən ibarət olmayıb. Təpəbaşı İrəvanın ən böyük hissələrindən biri idi", - deyən Səbuhi Hüseynov 1808-ci ilə aid xəritədə Təpəbaşının yalnız təpədə olan hissədən ibarət deyil, qala divarlarına qədər çatdığının əksini tapdığını bildirib.

Müəllif, həmçinin mövzunun araşdırılmasında ilk dəfə Coğrafi İnformasiya Sistemində günümüzə qədər məlum olan hərbi topoqrafik xəritələr və şəhər planlarının inteqrasiya edilməsi sayəsində tarixi şəhər landşaftının müəyyənləşdirildiyini, məkana bağlı müxtəlif təhlillərin aparıldığını, İrəvanın Təpəbaşı hissəsində vaxtilə mövcud olmuş memarlıq abidələrinin dəqiq koordinatlarının müəyyən olunmaqla onların məhv edilmə dövrlərinin dəqiqləşdirildiyini bildirib. Qeyd olunub ki, hazırda İrəvan şəhərinin Təpəbaşı hissəsindən təkcə Təpəbaşı məhəlləsinin ərazisi müəyyənləşdirilərək, mövcud abidələrin bazası yaradılıb. Məlum olub ki, burada 300-dən çox yaşayış evi mövcuddur. Mütəxəssislərin fikrincə, köhnə şəhər mühiti, paytaxtın dəyişdirilməmiş siması məhz Təpəbaşıda qalıb. Eyni zamanda, hazırda bir çox tikinti şirkətləri Təpəbaşı ərazisində inşaat işləri aparmaqdadır.

Bildirilib ki, araşdırma nəticəsində əldə edilmiş materiallardan ibarət kitab ərsəyə gəlib. Kitab Azərbaycanın milli-mədəni və tarixi irsinin qorunması və beynəlxalq səviyyədə təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərə mühüm töhfə verəcək. Kitabda Təpəbaşı məhəlləsinin və orada dağılmaq üzrə olan son abidələrin Azərbaycan xalqına məxsusluğunu sübut edən arxiv sənədləri də dərc olunub.

Qərbi Azərbaycan İcmasının sədri, "Qərbi Azərbaycan yaddaşı" layihəsinin müəllifi, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxışında İrəvan şəhərinin digər yaşayış massivləri kimi, Təpəbaşı məhəlləsində də azərbaycanlıların həmişə üstünlük təşkil etdiklərini, lakin zaman-zaman onların Ermənistandan deportasiya olunduqlarını, azərbaycanlılara məxsus tikililərin, habelə İrəvan şəhərindəki müsəlman abidələrinin erməni vandalizminin qurbanına çevrildiyini bir daha vurğulayıb: "Dünya ictimaiyyəti bu məsələyə laqeyd qalmamalıdır. Məsələ təkcə İrəvanla bitmir. İndiki Ermənistan ərazisində - Qərbi Azərbaycanda bizim tarixi mahallarımız, yüzlərlə kəndlərimiz, şəhərlərimiz olub. Həmin ərazilərdə Azərbaycan mədəni irsinin nadir nümunələri var. Təpəbaşı məscidi ilə bağlı həyata keçirilmiş möhtəşəm layihə digər bölgələrimiz üçün də davam etdirilməlidir. Bütün Qərbi Azərbaycan ərazisində xalqımıza məxsus olan və min illər boyu əcdadlarımızın yaratdığı mədəni irsə sahib çıxmalıyıq".

Təpəbaşının sabiq sakini, "Elmi Araşdırmalar" İctimai Birliyinin sədri Telman Qasımov çıxışında məhəllənin özünəməxsus obrazının keçmişdə burada yaşayan yerli azərbaycanlı sakinlər tərəfindən yaradıldığını bildirib. O, həmçinin Təpəbaşı məhəlləsinin yaşadığı dövrə aid milli koloriti barədə xatirələrini tədbir iştirakçıları ilə bölüşərək deyib: "Təpəbaşının özünəməxsus koloriti olub. Çünki Təpəbaşı Şərq üslubunda tikilmiş məhəllə olub. Çoxları bu məhəlləni "Şəhər içində şəhər" adlandırır, bəziləri İrəvan şəhərinin mərkəzi hesab edirlər. Çünki Təpəbaşı şəhərin digər məhəllələrindən fərqli olub. Buranın öz məscidi, məhəllədə xanların, bəylərin evləri olub. Bütün bu infrastruktur, eləcə də abidələr ermənilər tərəfindən məhv edilib.

Beynəlxalq təşkilatlara, xüsusən UNESCO-ya çatdırmaq lazımdır ki, onlar Ermənistana gedirlərsə, mütləq Təpəbaşına ziyarət etməlidirlər. O məhəllənin ziyalıları, imkanları şəxsləri, onların mülkləri olub. Bizdə bunların siyahısı var. UNESCO-nun nümayəndələri İrəvana gedərkən bunları araşdırsalar, yaxşı olar".

Tədbirdə çıxış edən "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli İrəvan şəhərinə və onun mədəni irsinə beynəlxalq konvensiyalar çərçivəsində yanaşılmasının vacibliyini vurğulayıb. O, UNESCO da daxil olmaqla, beynəlxalq təşkilatların faktaraşdırıcı missiyalarının bu irsin hazırkı vəziyyəti ilə bağlı monitorinqinin aparılması, nəticələrin sənədləşdirilməsi və qorunmasının təşviq edilməsi, sülh naminə Qafqazın, xüsusilə onun son iki min illik tarixi həqiqətlərinin anlaşılması üçün akademik fəaliyyətlərə dəstəyin göstərilməsinin zəruriliyini qeyd edib.

Bildirilib ki, bütövlükdə İrəvanda, o cümlədən şəhərin Təpəbaşı məhəlləsində xalqımızın milli-mədəni, tarixi irsinə qarşı Ermənistanın həyata keçirdiyi mədəni soyqırımı ilə bağlı Azərbaycanın bir qrup elm xadimi və ictimaiyyət nümayəndələri tərəfindən UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət ünvanlanıb.

Təqdimat mərasimində Təpəbaşı məhəlləsində dağıdılmış və sökülməkdə olan abidələri əks etdirən fotosərgi təşkil olunub.

Tədbirdə dövlət rəsmiləri, diplomatik korpusun, elm və təhsil müəssisələrinin, ictimai təşkilatların nümayəndələri, eləcə də Təpəbaşı məhəlləsində yaşamış azərbaycanlı ailələrin üzvləri iştirak ediblər.

AZƏRTAC