İrəvanı həsrətlə xatırlayıram
Digər xəbərlər

İrəvanı həsrətlə xatırlayıram

XX əsrin bəlası - Deportasiya

Erməni millətçiləri XX əsrin əvvəllərindən azərbaycanlıları doğma yurdlarından  çıxarmağa,  soyqırımı siyasətini ardıcıl  surətdə həyata keçirməyə nail olmuşlar. 1905-ci il, 1918-1920-ci illər, 1948-1953-cü illər Qərbi azərbaycanlıların  taleyində faciəli illər olmuşdur. Erməni qəddarlığı nəticəsində  ağır itkilərə, talanlara, soyqırımlarına məruz qalan  azərbaycanlılar ata-baba ocaqlarını tərk etməli olmuş, bir müddətdən sonra yenə tarixi torpaqlarına qayıtmışlar.

Ümumiyyətlə, Ermənistan  ərazisi Azərbaycanın  bir parçası, azərbaycanlıların əzəli, doğma yurd yerləri olmuşdur.

1827-ci il oktyabrın 1-də rus qoşunları İrəvanı  zəbt etdikdən sonra  Türkmənçay müqaviləsinə (1828) əsasən İrəvan xanlığı  Rusiyaya birləşdiriləndə burada 12 min nəfərlik 2400 ailə yaşamışdır. Bunlardan yalnız min beş yüz - iki min nəfər erməni idi.

Ermənistan vilayətinin mərkəzi, sonra qəza şəhəri, 1849-cu ildən isə quberniya mərkəzi olan İrəvanın ictimai-siyasi həyatında 1828-1840-cı illərdə yeni mərhələ - rus şovinizminin əsarəti mərhələsi  başlamış dini fanatizm feodal dünyagörüşlü əhalinin mənəvi aləminə güclü təsir etmişdir.

Bir vaxtlar İrəvan adlanan ərazi Yerevana çevrilmişdir. Həmin dövrdə  İrəvanda 8 məscid fəaliyyət göstərirdi. Tarixi faktlar təsdiq edir ki, İrəvanı həmişə azərbaycanlılar idarə etmişlər. Erməni xəyanəti sayəsində İrəvan  şəhərində soydaşlarımıza  qarşı terror hadisələri törədilmiş, yerli əhali zaman-zaman deportasiyalara məruz qalmış, ata-baba torpaqlarından ağır işgəncələrlə qovulmuşlar. İrəvandakı Təpəbaşı, Toxmaqgöl, Dəmirbulaq, Gedərçay məhəllələrində əsasən azərbaycanlılar yaşayırdılar. Soydaşlarımız həmişə başı göylərə ucalan minarəli məscidlərdə - Göy məscid, Novruzəli məscidi, Hüseynəli məscidi, Qala məscidi, Hacı Bəyim məscidi, Zalxan məscidi və digər məscidləri ziyarət edərdilər. İrəvan ziyalıları həmişə Göy məscidə yığışar, elmi söhbətlər edər, şeirlər deyərdilər.

İrəvan Qərbi Azərbaycanın nəinki bütün Qafqazda, hətta şərq ölkələrində belə ən iri ticarət, elm və mədəniyyət mərkəzi, tipik müsəlman şəhəri olmuşdur.

Erməni vandalları 1918-1920-ci illərdə havadarlarının köməyi ilə İrəvanda azərbaycanlılara qarşı  bir sıra vəhşiliklər törətmişlər.

Qərbi azərbaycanlılar, 1948-1953-cü illərdə tarixi-etnik torpaqlarından qovulmuşlar. Deportasiyanın bu mərhələsində 150 mindən  çox azərbaycanlı Ermənistandan sürgün edilmişdir. Nəticədə isə əhali arasında kütləvi qırğınlar törədilmiş, qısa vaxtda İrəvan şəhərinin azərbaycanlı əhalisi tamam azalmışdı.

Qərbi azərbaycanlılar üçün 1988-ci il daha ağır, faciəli, dözülməz olmuşdur. 70 il ölkə xalqlarını qardaşlıq və dostluq nağılı ilə bihuş edən,  sehrləyən, dünyada "sülh və əmin-amanlıq" libasına bürünmüş rus imperiyasına arxalanan erməni millətçiləri ictimai-siyasi şəraitdən sui-istifadə edərək "türksüz Ermənistan" siyasətini həyata keçirmişlər. Eyni zamanda, Qarabağ problemini ortaya atmaqla rus silahlı qüvvələrinin köməyi ilə Azərbaycan ərazilərinin iyirmi faizini işğal etdilər.

Son deportasiyada 300 minə yaxın soydaşımız  İrəvandan, Göyçədən, Zəngəzurdan, Amasiyadan, Zəngibasardan  və digər ərazilərdən qəddarlıqla köçürüldü. Neçə-neçə insanlar köçürülmə dövründə işgəncələrə məruz qaldı, amansızlıqla qətlə yetirildi, soydaşlarımızın var-dövləti daşnak quldurları tərəfindən dağıdıldı.

Vətən müharibəsində cəmi 44 gündə qüdrətli Azərbaycan Ordusu 30 ilə yaxın erməni işğalı altında olan tarixi Qarabağ torpaqlarını  düşməndən azad etdi. İndi Qərbi Azərbaycana  qayıdış bizim ən böyük  hədəfimizdir.

Qərbi Azərbaycan İcmasının inzibati binasında Prezident İlham Əliyevin icmanın üzvləri ilə görüşündəki çıxışı yeni tarixi mərhələdə qarşıda duran strateji vəzifələrə həsr edilmiş konseptual mahiyyətli, proqram  xarakterli  müddəalarla zəngin olmaqla Azərbaycan cəmiyyətini yeni hədəflərə səfərbər etmək baxımından ciddi ictimai-siyasi və tarixi hadisədir.

İcma azərbaycanlıların qəlbində  nisgil salmış Vətən  həsrətinə son qoymaq,  ata-baba yurdlarımıza sahib çıxmaq, həmvətənlərimizin tarixi keçmişi ilə bərabər, daha uğurlu gələcəkləri və inkişafı baxımından çox mühüm işlər həyata  keçirmək əzmindədir.

Mən yaşlı nəslin  nümayəndəsi kimi,  əminliklə deyə bilərəm ki, çox tezliklə Qərbi Azərbaycana, qəribsəmiz yurd yerlərimizə qayıdacağıq. İrəvan şəhəri, Təpəbaşı məhəlləsi üçün çox darıxıram.

 

Yaşar ƏLİYEV,

"Nurgün" şirkətinin direktoru.