İşğalçı Ermənistan tərəfindən pozulmuş ekoloji tarazlıq bərpa edilir
Ekologiya

İşğalçı Ermənistan tərəfindən pozulmuş ekoloji tarazlıq bərpa edilir

Uçarda turac, qaçarda ceyran

Qarabağ və Şərqi Zəngəzur bölgələri ilahinin yaratdığı təbiət muzeyidir, burada gül-gülə söykənib, bülbül ötüb, turac, qırqovul, sarıköynək, köksünün altı bərq vuran kəklik göy üzündə süzüb. Dərələrində ceyran, cüyür səkib, dağ keçisi sıldırım qayalardan boylanıb, torağayın, qaratoyuğun, qaranquşun səsi ətrafa yayılıb. Vaxtilə bu yerlərin yaraşığı olan quşlar, canlılar erməni işğalı nəticəsində öz yuvalarından kənar düşdü, meşələri talayan, bulaqları qurudan, çayları zəhərləyən, sərvətlərimizi istismar edən ünsürlər torpağa da qənim kəsildilər.

İşğalçı Ermənistan 30 il ərzində Azərbaycana qarşı ekoloji terror həyata keçirib. İlkin hesablamalara görə işğal altında saxladıqları ərazilərdə ermənilər tərəfindən təbii sərvətlərimiz talan olunub, yandırılıb, su ehtiyatları çirkləndirilib, 60 min hektara yaxın meşə sahəsi məhv edilib. Təbiətə qarşı qəddarlıq göstərən ermənilərin vəhşi hərəkətləri bu bölgədə mövcud olan ənənələrə, vərdişlərə, Qafqazda səciyyəvi olan davranış qaydalarına tamamilə ziddir. Bu, bir daha onu göstərir ki, erməni xalqının bizim bölgə ilə heç bir əlaqəsi olmayıb. Ermənilər heç vaxt Qafqaz xalqı olmayıb, sonradan bu yerlərə gəlmələrdir. Mütəxəssislərin qənaətinə görə, vaxtilə işğal altına düşən ərazilərdə düşmən qəsdən yanğınlar törədərək 110 min hektar otlaq, biçənək, yaşıllıq və kol sahələrini məhv edib, torpağın üst münbit qatını yararsız hala salıb.

Azərbaycanın azad olunmuş ərazilərində ümumi sahələri 43 min hektar olan təbiət qoruqları və yasaqlıqları - Bəsitçay və Qaragöl qoruqları, Laçın, Qubadlı, Arazboyu və Daşaltı yasaqlıqları ermənilər tərəfindən məhv edilib. İşğal illərində düşmən ermənilər qəsdən, bilərəkdən və məqsədli şəkildə Qarabağın və Şərqi Zəngəzurun təbiətini yaralayıb, flora və faunaya qarşı terror törədiblər. İşğaldan əvvəl burada "Azərbaycan Respublikasının Qırmızı Kitabı"na daxil edilmiş çox sayda nadir bitki, quş, heyvan mühafizə olunurdu ki, onların da əksəriyyəti artıq məhv edilib. Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində 13 min hektar qiymətli meşə sahəsi, qırmızı palıd, çinar ağacları misli görünməmiş vandalizmə məruz qalıb. İşğal olunmuş ərazilərdə 460 növdən çox yabanı ağac və kol növünün əksəriyyəti ermənilər tərəfindən məhv edilib. Ümumiyyətlə, su ehtiyatlarının çirkləndirilməsi, meşələrin yandırılması üçün ermənilər döyüşlər zamanı qadağan olunmuş fosfor bombalarından istifadə ediblər. Bu bombaların düşdüyü ərazilərdə hər şey məhv olub.

Otuz illik işğal dövründə ermənilər Qarabağın və Şərqi Zəngəzurun təbiətinə düşmən münasibəti göstəriblər. Yeraltı və yerüstü sərvətləri, flora və faunanı, bol su ehtiyatlarını, tarixi mədəni-dini abidələri, nadir təbiət incilərini yer üzündən silməyə çalışıblar. Əfsuslar olsun ki, ermənilər həmin gözəl və bərəkətli meşələri, çayları, ormanları, təbii abidələri ekoloji terrora məruz qoyublar. Təəssüf ki, otuz ilə yaxın müddətdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil edilən ərazilərin yeraltı-yerüstü sərvətləri erməni vandalları tərəfindən talanıb, qarət olunaraq Ermənistana daşınıb. Vətən müharibəsində ağır və rüsvayçı məğlubiyyətə düçar olan Ermənistan Xankəndidə və ətraf ərazilərdə Azərbaycanın sərvətlərini talamaqda davam edir. Azərbaycanlı ekofəalların bu qeyri-qanuni istismarın dayandırılmasına qarşı başladıqları etiraz aksiyaları günbəgün genişlənir, gənclər havanın şaxtasına, yağışına baxmayaraq qətiyyət və sarsılmaz iradə nümayiş etdirirlər.

Ötən il oktyabrın 19-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva reintroduksiya layihələrinin həyata keçirilməsi çərçivəsində Cəbrayıl rayonu ərazisinə 18 baş ceyranın buraxılması mərasimində iştirak ediblər. Sonra Cəbrayıl rayonunda səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əraziyə 15 baş ceyran buraxıblar. Artıq Qarabağ və Şərqi Zəngəzur torpaqlarında ceyran sürüləri gəzəcək, təbiət öz məhvərinə qayıdacaq. Göründüyü kimi, təbiətin dirçəldilməsi və yaraların sağaldılması dövlətimizin başçısı İlham Əliyevin birbaşa nəzarətindədir.

Bu günlərdə daha bir şad xəbər yayıldı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətindən verilən məlumata görə 1988-ci ildə ermənilər tərəfindən qırılan Topxana meşəsinin bərpasına başlanılıb. Ötən ildən burada və digər ərazilərdə yeni ağacların əkilməsinə başlanıb, həmçinin ərazilərə ağac toxumları da səpilib. Bu işlər ardıcıllıqla davam etdiriləcək və Topxana meşəsi tam bərpa ediləcək. Həmin ərazidə palıd, vələs, dağdağan ağacları əkilib. Laçın və Şuşada da yaşıllıq zolaqlarının salınması həyata keçirilir. Azad olunan ərazilərdə əkilməsi üçün Türkiyədən 49 min ting gətirilib.

Ümumilikdə bu günə qədər işğaldan azad edilmiş ərazilərdə 42 hektar sahədə 40 minə qədər ting əkilib. Cəbrayıl rayonu ərazisində Türkiyə ilə birgə tinglik sahəsinin salınması üzrə işlər aparılır. Regionda əkin məhsullarına olan tələbat həmin tinglik vasitəsilə ödəniləcək. Düşmən ermənilər tərəfindən Qarabağın və Şərqi Zəngəzurun yaralanmış təbiəti yenidən cana gəlir, yeni tinglər əkilir, torpağa toxum səpilir, pöhrələr baş qaldırır, çaylar öz məcrasına düşür, kənar düşmüş heyvanlar və quşlar öz məskənlərinə qayıdırlar. Çox keçməz ki, bu torpaqlarda uçarda turacları, qaçarda ceyranları görəcəyik…

Salman ALIOĞLU,

"Respublika".