İşğaldan azad edilən torpağın ilk məhsulu
İQTİSADİYYAT

İşğaldan azad edilən torpağın ilk məhsulu

Şanlı qələbə, inkişaf, tərəqqi, sosial rifah, köklü islahatlar, gələcək hədəflərə inamlı addımlar. İndi Azərbaycanda həyatın nəbzi belə bir ritmdə döyünür desək, heç də yanılmarıq. Ötən ilin payızında bütün dünya böyük bir həqiqəti gördü və şahidi oldu ki, Ermənistanın 30 ilə yaxın işğalda saxladığı torpaqlar azad edilib, 44 gün davam edən Vətən müharibəsindəki şanlı qələbəmiz müzəffər ordumuzun, əsgər və zabitlərimizin şücaəti, qəhrəmanlığı sayəsində qazanılıb.

İşğaldan azad edilən torpaqlardan gələn sevindirici xəbərlər hər birimizdə haqlı olaraq qürur hissi yaradır. Ötən ilin payızında Vətən müharibəsində qazanılan möhtəşəm qələbədən sonra Ağdam rayonunda işğaldan azad edilən və minalardan təmizlənən torpaqlarda üç min hektara yaxın sahədə taxıl əkilib. Bu il Ağdamın İsmayılbəyli, Bağmanlar kəndlərinin ərazisində yetişdirilən ilk məhsul yığılıb. Dəmyə şəraitində yetişdirilən taxılın məhsuldarlığı yüksəkdir. Ermənilərin xaraba qoyduğu torpaqlarda əkin aparılması, məhsul götürülməsi azərbaycanlıların nə qədər torpağa bağlı olduğunu bir daha göstərir.

Əldə etdiyimiz məlumata görə, 44 günlük Vətən müharibəsindən sonra Füzuli rayonunun işğaldan azad edilmiş 600 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində taxıl becərilib və məhsul tədarük edilib. Həmçinin cari ildə rayonun 288.8 hektar ərazisində şəkər çuğunduru əkilib və həmin torpaqların 78,8 hektarı işğaldan azad edilmiş əraziləri əhatə edir.

Füzuli rayonunun işğaldan azad edilmiş Seyidmahmudlu kəndi ərazisindəki minalardan təmizlənmiş həmin torpaqlarda şəkər çuğunduru ilk dəfədir becərilir və yüksək məhsuldarlıq əldə olunub. Belə ki, şəkərlilik faizi 15-16 faiz göstərici ilə hər hektardan 55-60 ton məhsul yığılıb və bu günə kimi 1800 tona yaxın məhsul tədarük edilib. Rayon üzrə bu göstərici 3600 tondur.

Sahələrdə şəkər çuğunduru yığımı davam edir. Məhsulun itkisiz və optimal müddətdə tam yığılıb tədarük edilməsi üçün müasir tipli çuğunduryığan kombayndan istifadə olunur. Qeyd edək ki, əkin sahələrinə suvarma suyu işğaldan azad edilən Köndələnçay üzərində yerləşən su anbarından verilib.

Təbii ki, işğaldan azad edilən ərazilərdə əkin aparılması, barıt qoxulu torpaqdan məhsul əldə olunması Qarabağ iqtisadi rayonunun xoş gələcəyindən xəbər verir, burada kənd təsərrüfatının inkişafının yeni üfüqləri aydın görünür. Barlı-bəhərli Qarabağ torpaqlarında yetişdirilən məhsulların sorağı hər tərəfə yayılacaq.

Salman ALIOĞLU,

"Respublika".