İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi barədə ÇƏRÇİVƏ ZƏMANƏT SAZİŞİ
Hüquqi aktlar

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi barədə ÇƏRÇİVƏ ZƏMANƏT SAZİŞİ

“İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət 

 göstərən sahibkarlıq subyektlərinə verilən

 kreditlərin dövlət zəmanəti ilə təmin

 edilməsi və kredit faizlərinin

 subsidiyalaşdırılması Qaydası”na

                 Əlavə

 

1.Ümumi müddəalar

 

1.1. “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi barədə Çərçivə Zəmanət Sazişi” (bundan sonra – Saziş) Azərbaycan Respublikası Prezidentinin 9 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”nın (bundan sonra ‒ Qayda) 4.1-ci bəndində nəzərdə tutulan tələblərə cavab verən kreditlərin dövlət zəmanəti ilə təmin olunması şərtlərini müəyyən edir.

1.2. Bu Saziş, “Dövlət borcu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası adından çıxış edən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra ‒ Zamin) ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (bundan sonra ‒ Fond) arasında imzalanır.

1.3. Bu Sazişdə istifadə olunmuş anlayışlar Qaydada istifadə edilən mənaları ifadə edir.

 

2. Sazişin predmeti

 

2.1. Bu Sazişin predmetini sahibkarlıq subyektlərinə verilməsi nəzərdə tutulan 500 (beş yüz) milyon manatadək kredit üzrə əsas borc öhdəliyi yerinə yetirilmədikdə, onların əsas borcunun 90 (doxsan) faizədək hissəsinin ödənilməsinə dair Fonda Zamin tərəfindən bu Sazişin 3.1.3-cü yarımbəndinin tələbləri nəzərə alınmaqla dövlət zəmanətinin verilməsi təşkil edir.

2.2. Bu Saziş üzrə dövlət zəmanətinin yuxarı həddi 450 (dörd yüz əlli) milyon manat təşkil edir.

 

3. Fondun öhdəlikləri

 

3.1. Fond aşağıdakı öhdəliklərin yerinə yetirilməsini təmin edir:

3.1.1. müvəkkil kredit təşkilatı tərəfindən hər bir sahibkarlıq subyektinə ayrılan kredit vəsaiti, kredit vəsaitindən istifadə istiqamətləri, kreditin faiz dərəcəsi, müddəti (güzəşt müddəti ayrıca göstərilməklə), ayrılan kredit müqabilində götürdüyü girov (olduqda) barədə məlumatların hər növbəti ayın 10-dək Zaminə təqdim edilməsini;

3.1.2. sahibkarlıq subyekti müvəkkil kredit təşkilatı qarşısında kredit öhdəliklərini vaxtında yerinə yetirmədikdə, bu barədə məlumatların növbəti ayın 10-dək Zaminə təqdim edilməsini;

3.1.3. müəyyən edilmiş limit çərçivəsində sahibkarlıq subyektlərinə ayrılacaq zəmanət məbləğinin 0,5 (sıfır tam onda beş) faizi həcmində birdəfəlik əvəzsiz haqqın (bundan sonra ‒ zəmanət haqqı) Qaydanın 7.2-ci bəndində nəzərdə tutulmuş qaydada, Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fonduna köçürülməsinin təmin edilməsi üçün Zaminin hesabına köçürülməsini və bu barədə müvafiq təsdiqedici sənədlərin Zaminə təqdim edilməsini;

3.1.4. Qaydanın 13-cü hissəsinə əsasən aparılmış monitorinqlərin nəticəsi barədə rübdə bir dəfə Zaminə məlumat verilməsini.

3.2. Dövlət zəmanəti bu Sazişin 3.1.3-cü yarımbəndində nəzərdə tutulan zəmanət haqqı ödənildikdən sonra və ödənilən zəmanət haqqına mütənasib şəkildə qüvvəyə minir.

 

4. Zaminin öhdəlikləri

 

4.1. Zamin Fondun müraciəti əsasında müvəkkil kredit təşkilatı tərəfindən sahibkarlıq subyektlərinə ayrılan kredit vəsaiti üzrə öhdəliklərin (əsas borc) 450 (dörd yüz əlli) milyon manat məbləğinədək hissəsinin yerinə yetirilməsinə həmin məbləğdə dövlət zəmanəti verir.

4.2. Zamin, sahibkarlıq subyektinin müvəkkil kredit təşkilatı qarşısında kredit müqaviləsi üzrə vaxtı keçmiş borcu yarandığı təqdirdə, müvəkkil kredit təşkilatının bu barədə Fonda müraciəti və müvafiq olaraq Fondun Zaminə müraciəti əsasında (Qaydanın 8.2-ci bəndində göstərilən sənədlər əlavə olunmaqla), bu Sazişin 6-cı hissəsində qeyd edilən müddət və şərtlər çərçivəsində borc öhdəliklərinin dövlət zəmanətinə aid edilən hissəsini müvəkkil kredit təşkilatına ödəməyi öhdəsinə götürür.

5. Zaminin hüquqları

 

 

Qaydanın 10-cu hissəsi ilə müəyyən edilən hallardan biri və ya bir neçəsi baş verdikdə, Zamin dövlət zəmanətinin verilməsini dayandırmaq və ya verilmiş dövlət zəmanətinə xitam vermək hüququna malikdir. Bu zaman əvvəlki kredit tranşları üzrə verilən kreditlərlə bağlı dövlət zəmanəti qüvvədə qalır.

 

6. Zəmanət üzrə öhdəliyin icrası

 

6.1. Zəmanət verilmiş kredit üzrə ödənişlərin gecikmə müddəti 120 (yüz iyirmi) günü keçdikdə, müvəkkil kredit təşkilatının zəmanət üzrə tələb hüququ yaranır. Tələb hüququ yarandığı gündən etibarən 60 (altmış) gün müddətində qüvvədə olur. Bu müddətdə müvəkkil kredit təşkilatı ödəniş tələbini Qaydanın 8.2-ci bəndində nəzərdə tutulmuş sənədlərlə birlikdə irəli sürmədikdə, zəmanət qüvvəsini itirir. Tələb hüququ müddəti müvəkkil kredit təşkilatının zəmanət üzrə tələb hüququnu irəli sürdüyü müddətə və bundan əlavə, çatışmayan müvafiq sənədlərin tam şəkildə təqdim edilməsi müddətinə şamil edilir.

6.2. Müvəkkil kredit təşkilatı verilmiş zəmanət üzrə ödəniş aparılması üçün Fonda yazılı müraciət edir. Fond, Qaydanın 8.1‒8.3-cü və 10.4-cü bəndlərində göstərilənləri nəzərə almaqla, tələbin daxil olduğu tarixdən etibarən 5 (beş) iş günündən gec olmayaraq, zəmanətin ödənilməsi ilə bağlı qərar qəbul edir və müvəkkil kredit təşkilatına bu barədə bildiriş göndərir. Bildiriş əsasında müvəkkil kredit təşkilatı 3 (üç) iş günü müddətində sahibkarlıq subyektinə münasibətdə zəmanət verilmiş kredit üzrə tələb hüquqlarını tam həcmdə tələbin güzəşti müqaviləsi və adlı qiymətli kağız üzrə (olduqda) indossament yolu ilə Fonda güzəşt edir.

6.3. Tələb hüquqları Fonda güzəşt edildikdən sonra Fond əməkdaşlıq müqaviləsinin, müvəkkil kredit təşkilatı ilə sahibkarlıq subyekti arasında imzalanmış kredit müqaviləsinin (ödəniş cədvəli də daxil olmaqla), girov (ipoteka) müqaviləsinin (olduqda) təsdiq olunmuş surətləri, müvəkkil kredit təşkilatının rekvizitləri və Fonda rəsmi müraciətini əlavə etməklə, zəmanət üzrə ödənişin həyata keçirilməsi üçün Zaminə müraciət edir. Zamin Fondun müraciətini qəbul etdikdən sonra 30 (otuz) iş günü müddətində zəmanət üzrə ödənişi müvəkkil kredit təşkilatının hesabına köçürür. Zəmanət üzrə ödəniş birdəfəlik həyata keçirilir və hissə-hissə ödənilməsinə yol verilmir.

6.4. Dövlət zəmanəti üzrə edilmiş ödənişlərin sonradan Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fonduna bərpa edilməsi məqsədilə Fondla Zamin arasında müqavilə imzalanır.

6.5. Tələb hüquqlarının realizə edilməsi üçün görüləcək tədbirlər Zaminlə razılaşdırılır və həyata keçirilən bütün tədbirlər nəticəsində əldə edilən vəsait bu Sazişin 6.4-cü bəndində qeyd olunan müqaviləyə əsasən Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu qarşısında yaranmış öhdəliklərin yerinə yetirilməsinə kifayət etmədikdə, həmin vəsaitin çatışmayan hissəsi Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun zərərinə silinir.

6.6. Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan dövlət zəmanətinə görə ödəniş edilmiş kredit üzrə sahibkarlıq subyekti tərəfindən müvəkkil kredit təşkilatına daxil olan vəsaitin bölüşdürülməsi Qaydanın 12-ci hissəsi ilə müəyyən edilən şərtlər çərçivəsində tənzimlənir.

 

7. Dövlət zəmanətinin dayandırılması və ona xitam verilməsi

 

“Dövlət borcu haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi, habelə Qaydanın 10-cu hissəsi ilə müəyyən edilən bir və ya bir neçə hal baş verdikdə, Zaminin verdiyi dövlət zəmanəti dayandırılır və ya ona xitam verilir.

 

8. Sazişin qüvvədə olma müddəti

 

Bu Saziş imzalandığı tarixdən qüvvəyə minir və müvəkkil kredit təşkilatları tərəfindən müvafiq kredit müqavilələri üzrə sahibkarlıq subyektlərinə ayrılmış kreditlər ilə bağlı öhdəliklər tam icra olunana qədər qüvvədə qalır.

9. Mübahisələrin həll olunması

 

Fondla Zamin arasında mübahisələr danışıqlar yolu ilə, tərəflərin qarşılıqlı razılaşması əsasında məhkəmədənkənar digər yollarla və ya “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu nəzərə alınmaqla, Azərbaycan Respublikasının məhkəmələri vasitəsilə həll edilə bilər.

 

10. Sair şərtlər

 

10.1. Fond yenidən təşkil edilərsə, Sazişdən irəli gələn öhdəliklər bütünlüklə Fondun hüquqi varisinə keçir.

10.2. Bu Saziş eyni hüquqi qüvvəyə malik 2 (iki) nüsxədə imzalanır, bir nüsxə Zamində və bir nüsxə Fondda saxlanılır.

10.3. Bu Sazişlə əlaqədar bütün məlumatlar yazılı formada tərtib edilir və poçt rabitəsi, faks və ya elektron poçt vasitəsilə göndərilir.

11. Tərəflərin hüquqi ünvanı və rekvizitləri

ZAMİN

FOND

Azərbaycan Respublikasının Maliyyə

                    Nazirliyi

 

Azərbaycan Respublikası İqtisadiyyat

Nazirliyinin tabeliyində Azərbaycan

Biznesinin İnkişafı Fondu

 

 

maliyyə naziri

   M.Y.

Müşahidə Şurasının sədri

  M.Y.