İşğaldan azad edilmiş ərazilərdə infrastruktur yenidən qurulur
Digər xəbərlər

İşğaldan azad edilmiş ərazilərdə infrastruktur yenidən qurulur

Aparılan abadlıq-quruculuq işləri deməyə əsas verir ki, şəhər, qəsəbə və kəndlərimiz əvvəlkindən də gözəl görünüşə malik olacaqdır

Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi qələbəsindən sonra qarşıda duran ən ali vəzifə azad olunan ərazilərin qısa zamanda bərpa və yenidən qurulması, 30 ilə yaxın məcburi köçkün həyatı yaşamış insanların öz doğma yurdlarına qayıdışının təmin edilməsidir. Bu müddət ərzində torpaqları işğal altında saxlayan düşmən terror hərəkətləri törədib, həmin ərazilərdə daşı-daş üstə qoymayıb, infrastrukturu dağıdıb, yeraltı və yerüstü sərvətləri talan edib. Bir sözlə, bir vaxtlar həyat qaynayan rayonlarda dədə-baba torpaqlarından qovulan azərbaycanlıların ev-eşikləri erməni vandalları tərəfindən yerlə-yeksan olunub.

Bu gün isə misli görünməmiş işlər həyata keçirilir və ilk dəfə Zəngilan rayonunun Ağalı kəndinə sakinlərin köçürülməsilə Böyük Qayıdışa start verilib, Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının açılışı olub. Qarabağ və Şərqi Zəngəzurda yol, enerji, su və digər layihələrin həyata keçirilməsi davam etdirilib. Bu işlərin aparılması üçün son 2 ildə dövlət büdcəsindən 4,8 milyard manatdan çox vəsait ayrılıb.

Bir çox layihələr artıq başa çatdırılıb və Prezident İlham Əliyev bu layihələrin açılışında iştirak edib. Hazırda davam edən işlər birbaşa Prezidentin nəzarətindədir. Məhz bu da işlərin sürətlə getməsi, keyfiyyətlə həyata keçirilməsi, həm də keçmiş məcburi köçkünlərin öz ərazilərinə, dədə-baba yurdlarına tezliklə qayıtması deməkdir.

2021-ci ildən etibarən işğaldan azad edilmiş ərazilərdə görülən işlərinin həcmi ölkəmizin iqtisadi gücünü bir daha nümayiş etdirir. Dövlət başçımız müharibənin başa çatmasından təxminən 20 gün sonra - dekabrın 1-də Azərbaycan xalqına ünvanladığı tarixi müraciətdə demişdir: "Bizim ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə öz sözümüzü demişik, bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və əminəm ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir".

Şuşada, Ağdamda, Zəngilanda, Füzulidə, Cəbrayılda və başqa azad edilmiş ərazilərdə iri layihələr uğurla davam etdirilir. Yəni avtomobil yollarının, dəmir yolunun çəkilişi, yeni binaların, məktəblərin, xəstəxanaların inşası istiqamətində davamlı olaraq işlər görülür. 2 il müddətində böyük quruculuq və abadlıq işlərinin həyata keçirildiyinin bilavasitə şahidiyik.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bu günlərdə Zəngilan Beynəlxalq Hava Limanında Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində görülmüş işlər və qarşıda duran planlar barədə verdiyi açıqlamasında bildirib ki, Ağıllı şəhərlərin qurulması və vətəndaşlarımıza yüksək həyat standartlarının çatdırılması əsas məqsəddir. Azad edilmiş ərazilərə innovasiyalar gətirmək, daha yaxşı infrastruktur qurmaq və sənaye inkişafının dəstəklənməsi vacibdir. Biz, eyni zamanda, “yaşıl enerji” infrastrukturunun qurulması ilə yanaşı, mümkün qədər enerji səmərəliliyi əldə etməyi hədəfləyirik. Ümumilikdə, Qarabağ iqtisadi rayonunda 150 minə yaxın iş yerinin yaradılması planlaşdırılır. 190 hektar ərazidə Ağdam Sənaye Parkı tikilir və burada sakinlər bütün lazımi kommunal xidmətlərlə təmin olunacaqlar.

Hazırda bərpa-quruculuq işləri uğurla davam edir. Məqsəd isə işləri mümkün qədər tez başa çatdıraraq, keçmiş köçkün vətəndaşlarımızı doğma yurdlarına qaytarmaqdır. Sözsüz ki, Prezidentimizin dönməz iradəsi bu prosesi də uğurla başa çatdırmağa imkan verəcək. Uğurlar sevindirici, hədəflər isə irimiqyaslıdır. Böyük perspektivlər və geniş imkanlar Azərbaycana əzəmətli nailiyyətlər qazandıracaq.

Beləliklə, Prezident İlham Əliyevin vurğuladığı kimi, tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tədbirlərin sürətlə aparılması da bunu deməyə əsas verir.

M.MİRZƏ,

"Respublika".