İşğaldan azad edilmiş ərazilərdə yerquruluşu və torpaq kadastrı işləri
İQTİSADİYYAT

İşğaldan azad edilmiş ərazilərdə yerquruluşu və torpaq kadastrı işləri

30 ilə yaxın erməni işğalında qalan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında torpaqların kəmiyyət və keyfiyyət göstəricilərinin elektron kadastr uçotu, eləcə də torpaqların bonitirovkası, iqtisadi qiymətləndirilməsi və s. kimi torpaq kadastrı və yerquruluşu işlərinin icra olunmasına başlanıb.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bildirir ki, qurum tərəfindən işğaldan azad edilən torpaqlarda 2022-ci ilin aprel ayından etibarən yerquruluşu və torpaq kadastrı işlərinə başlanıb. Cari ilin aprel ayından 26 sentyabr tarixinədək işğaldan azad edilmiş ərazilərdə aparılmış yerquruluşu işləri çərçivəsində Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarında ümumilikdə 313577 hektar ərazidə çöl-ölçmə işləri icra olunub. Dağıdılmış yaşayış məskənləri, kənd təsərrüfatı təyinatlı torpaqlar, meşələr və digər təyinatlı torpaqların, o cümlədən onların hüdudları daxilində yerləşən bütün komponentlərin koordinatları çöl-ölçmə işləri zamanı Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən müasir cihazlarla təyin olunur.

26 sentyabr tarixinədək Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonları üzrə ümumilikdə 214 min hektardan çox ərazidə çöl torpaq tədqiqatı, 244372 hektar ərazidə çöl geobotaniki tədqiqatlar aparılıb.

İşğaldan azad olunmuş ərazilərdə torpaqların kəmiyyət və keyfiyyət göstəriciləri ilə bağlı aparılan elektron kadastr uçotu torpaq islahatının həyata keçirilməsinə, daşınmaz əmlakın vahid dövlət kadastrının formalaşdırılmasına, torpaqlardan istifadənin və onun mühafizəsinin etibarlılığının artırılmasına, torpaq idarəçiliyində müasir texnologiyaların tətbiqi yolu ilə torpaq ehtiyatlarının daha təkmil formada idarə edilməsinə imkan verəcək.

Çöl-ölçmə və tədqiqat işləri çərçivəsində əldə edilən bütün məlumatların vahid elektron bazaya (Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemi) daxil edilməsi ilə dövlət torpaqlar üzərində nəzarəti gücləndirir və torpaqların səmərəli istifadəsini təşkil etməklə onların təyinatına uyğun istifadə olunmasına şərait yaradacaqdır.

Nəriman CAVADOV,

"Respublika".