İşğaldan azad edilmiş ərazilərin dayanıqlı elektrik enerjisi ilə təminatı layihələri uğurla davam edir
İQTİSADİYYAT

İşğaldan azad edilmiş ərazilərin dayanıqlı elektrik enerjisi ilə təminatı layihələri uğurla davam edir

Ölkəmizdə müasir infrastruktur quruculuğu siyasəti müxtəlif sahələri əhatə edir. Son vaxtlarda yeni istifadəyə verilən elektrik stansiyaları enerji təminatının dayanıqlılığının daha da artmasına müsbət təsir göstərəcək generasiya obyektləri respublikamızda böyük iqtisadi və sosial önəm daşıyan infrastruktur quruculuğuna yaxşı nümunədir.

Erməni vandalları işğal etdikləri torpaqlarımızda 30 il ərzində görünməmiş vəhşiliklər törətmiş, bütün maddi sərvətləri dağıtmışlar. İndi əsas vəzifə bu yerləri bərpa edib əvvəlkindən də yüksək səviyyəyə çatdırmaqdır. Dövlət başçısı cənab İlham Əliyev çıxışlarında dəfələrlə bəyan edib ki, düşmənin dağıdıb viran qoyduğu torpaqları yenidən dirçəldib gözəl Qarabağımızı cənnətə çevirəcəyik.

Hazırda Prezidentin tapşırığı ilə bölgələrin bərpası müvafiq dövlət qurumları tərəfindən aparılır, yeni infrastrukturun yaradılması üçün hazırlanmış layihələr icra olunur.

Məlumdur ki, müasir dövrdə istənilən regionun inkişafında elektrik enerjisi ilə təminat mühüm rol oynayır. Odur ki, işğaldan azad edilmiş ərazilərin dayanıqlı elektrik enerjisi ilə təminatı istiqamətində “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən mühüm layihələr həyata keçirilir.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun işğaldan azad etdiyi Qarabağ bölgəsində bütün həyat təminatlı sahələrdə, o cümlədən elektrik enerjisinin təminatı sahəsində də genişmiqyaslı işlər görülür. İşğaldan azad edilən ərazilərin ən qısa vaxtda dayanıqlı, fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi ilə bağlı ölkə başçısının tapşırığına uyğun olaraq 3 ay ərzində Füzuli şəhərində yeni 110/35/10 kV-luq yarımstansiya inşa edilib. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni tikilən “Füzuli” yarımstansiyasının açılışında iştirak ediblər. Yarımstansiyada 110 kV-luq Açıq Paylayıcı Qurğu tikilərək ən müasir tələblərə cavab verən elektrik avadanlıqları, şin sistemləri və 2 ədəd 40 MVA gücündə transformatorlarla təchiz olunub.

Ən yeni avadanlıqlarla komplektləşdirilmiş, müasir mikroprosessor tipli rəqəmsal idarəetmə, mühafizə və avtomatika sistemləri, sabit və dəyişən cərəyan qurğuları ilə təchiz olunan yeni İdarəetmə Mərkəzi tikilib. 35 kV və 10 kV-luq Qapalı Paylayıcı Qurğular, xüsusi sərfiyyat transformatorları İdarəetmə Mərkəzi daxilində yerləşdirilib. İdarəetmə Mərkəzində dispetçer-idarəetmə otağı, reaktorlar, akkumulyator batareyası otaqları, personal üçün xidməti otaqlar, işçi personalın fasiləsiz əmək fəaliyyətini təmin edən şərait yaradılıb.

Yarımstansiyanın iş rejiminə real zamanda nəzarət olunması və göstəricilərin “Azərenerji” ASC-nin SCADA sisteminə ötürülməsi məqsədilə yerli mikro-SCADA dispetçer idarəetmə sistemi qurulub. Yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə nasosxana binası, yanğından mühafizə və yanğın xəbərverici sistemləri quraşdırılıb.

Füzuli şəhərində tikilən yeni aeroportun və Şuşa yolunun yaxınlığında yerləşən yarımstansiya sözügedən yerlər də daxil olmaqla Füzuli şəhəri və ətraf kəndlərdə inşa ediləcək bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edəcək.

İşğaldan azad edilən ərazilərin böyük hissəsini Azərbaycanın ümumi enerji sisteminə qoşulması üçün Füzulidəki 110/35/10 kV-luq “Şükürbəyli” yarımstansiyası genişləndirilərək tam yenidən qurulub. Bunun üçün yarımstansiyanın gücü artırılmaqla yanaşı 110 kV-luq Açıq Paylayıcı Qurğu sökülərək daha geniş formada yenidən tikilib. Yeni avadanlıqlarla komplektləşdirilmiş mühafizə və avtomatika sistemləri ilə təchiz olunmuş İdarəetmə Mərkəzi tikilib və lokal mikro-SCADA sistemi qurularaq yarımstansiyanın idarə olunması tam rəqəmsallaşdırılıb.

İşğaldan azad edilən digər rayonlarda tikiləcək yarımstansiyaların Azərbaycanın ümumi enerji sisteminə qoşulması üçün yenidən qurularaq genişləndirilən “Şükürbəyli” yarımstansiyasına İmişli yarımstansiyasından 51 kilometr məsafədə 110 kV-luq xətt gətirilib. Eyni zamanda “Şükürbəyli” yarımstansiyasından Şuşaya 75 km məsafədə ikidövrəli 110 kV-luq xətt çəkilib və həmin xətt Füzuli şəhərində yeni tikilən 110 kV-luq yarımstansiya ilə əlaqələndirilib.

Paralel olaraq hazırda “Şükürbəyli” yarımstansiyasından Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında yeni tikilən 110/35/10 kV-luq yarımstansiyalara ikidövrəli variantda 110 kV-luq yüksək gərginlikli elektrik verilişi xətti çəkilir. Bu yarımstansiyanın önəmliliyi ondan ibarətdir ki, “Füzuli”, “Şuşa” və “Cəbrayıl”, “Qubadlı”, “Zəngilan” yarımstansiyaları məhz sözügedən yarımstansiya vasitəsilə qidalandırılacaq. Hazırda Qarabağda və işğaldan azad olunmuş ətraf ərazilərdə işlər davam etdirilir. Kəlbəcərdə yeni 110 kV-luq yarımstansiya tikilir və Murovu aşmaqla, Kəlbəcər rayonuna 70 kilometrlik məsafədə 110 kV-luq ikidövrəli xətt çəkilir.

Həmçinin, Ağdamda hazırda “Ağdam 1” və “Ağdam 2” 110 kV-luq yarımstansiyalar tikilir. “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyalarında maşın zalları, aqreqatları, generatorları, eləcə də idarəetmə mərkəzinin binası, panellər, avadanlıqlar, yarımstansiyanın gərginlik və cərəyan transformatorları təmir edilməklə və ya yenisi ilə əvəzlənməklə işlər yekunlaşıb.

Beləliklə, işğaldan azad edilmiş bütün rayonların dayanıqlı, fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi sahəsindəki işlər sürətlə davam etdirilir.

Bəybala BƏYBALAYEV,

“Respublika”.