İşğaldan azad olunmuş ərazilərin inkişafında dost ölkələr də maraqlıdır
Digər xəbərlər

İşğaldan azad olunmuş ərazilərin inkişafında dost ölkələr də maraqlıdır

Erməni vandalizmi nəticəsində yerlə-yeksan olan Qarabağın yenidən qurulması işində yerli şirkətlərlə yanaşı, dost ölkələrin investorları da iştirak edirlər. Qarabağın yenidən dirçəldilməsində fəal iştirak edən ölkələrin sırasında Türkiyə öndə gəlir.

İlk müqavilələr də məhz qardaş və dost ölkə olan Türkiyə şirkətlərilə imzalanıb. Ümumiyyətlə, Türkiyə şirkətlərinə işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma, bərpa və quruculuq işlərində böyük üstünlük verilir. Çünki bu şirkətlər böyük təcrübə və səriştəyə malikdirlər. Qardaş ölkə tikinti işlərilə yanaşı, kənd təsərrüfatı sahəsinin inkişafında da əsas rol oynayır. "Dost Aqropark" türk və azərbaycanlı sərmayədarlar tərəfindən Qarabağ və Zəngəzur bölgələrində yaradılan ilk özəl kənd təsərrüfatı kompleksidir. Kompleksin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etmişdilər. Dövlət başçısı İlham Əliyev açılış mərasimində deyib: "Əziz qardaşımı və onunla bərabər Azərbaycana gəlmiş bütün türk bacı-qardaşlarımızı səmimiyyətlə salamlayıram, "Xoş gəlmisiniz!" deyirəm. Biz düz bir il bundan əvvəl, bax, burada idik, o zaman bura boş sahə idi, heç nə yox idi. Burada "Aqropark"ın təməlini qoyduq. Bu gün artıq burada görülən işlərlə tanış olarkən bir daha gördük ki, Türkiyə-Azərbaycan birliyi, dostluğu hər bir sahədə özünü göstərir və hər bir sahədə gözəl nəticələr verir".

Qarabağın inkişafında Türkiyə ilə yanaşı, digər ölkələr, İtaliya, İsrail, Qazaxıstan, Rusiya, Pakistan və Yaponiya kimi ölkələr də maraqlıdır. Qazaxıstan və Özbəkistan təhsil sahəsinin inkişaf etdirilməsi üçün məktəb tikintisində iştirak edirlər. İtaliya şirkətləri separatçılardan azad olunmuş ərazilərdə fəal iştirak edir, şəhər, kənd və qəsəbələrin bərpasında fəallıq nümayiş etdirirlər. "Azərenerji" ASC ilə İtaliyanın "Ansaldo Energia" şirkəti arasında əməkdaşlıq sahəsində müqavilə imzalanıb. Müqaviləyə əsasən, Ağdam, Füzuli, Kəlbəcər və Qubadlı rayonlarında 4 ədəd 110 kilovoltluq yarımstansiyanı avadanlıqlarla İtaliya şirkəti təchiz edəcək. Dünya ölkələrinin etibarlı və sınanmış dostu olan Azərbaycana Macarıstan şirkətləri də böyük maraq göstərir. Yaponiyanın "TET International Development" şirkəti kənd təsərrüfatı sahəsində, eləcə də Qarabağın inkişafında iştirak etməyə hazır olduğunu bildirib. Yaponiya şirkətinin prezidenti bəyan edib ki: "Biz bu regiona maksimum sayda investisiya cəlb etməyə hazırıq". Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən olan İsrailin onlarla şirkəti Qarabağın yenidən qurulmasına kömək etməyə hazır olduqlarını bildiriblər. İsrail-Azərbaycan strateji tərəfdaşlığı iki ölkənin müxtəlif sahələrdə inkişafına gətirib çıxarıb. Hərbi-texniki, iqtisadiyyat, yüksək texnologiyalar, səhiyyə sahəsində də hər iki ölkə yüksək səviyyədə əməkdaşlıq edir.

Qarabağda həyata keçirilən layihələrdə iştirak etmək istəyən dost ölkələrdən biri də Pakistan İslam Respublikasıdır. Enerji, tranzit-logistika və sənaye sahələrində iştirakla bağlı hər iki ölkə qarşılıqlı mübadilə aparır. Rusiya Federasiyasına məxsus şirkətlər də azad olunmuş ərazilərin bərpasına dair bir sıra layihələr təqdim edib. Hələ 2021-ci ildə Rusiyanın "KamAz" şirkəti tərəfindən Cəbrayıl rayonunda servis mərkəzinin təməli qoyulmuşdur. Dünyanın inkişaf etmiş ölkələri sırasında qabaqcıl yer tutan Böyük Britaniyanın "BP" şirkəti Qarabağda "yaşıl enerji" mənbələrindən istifadəni təmin etmək üçün xüsusi layihələr üzərində işləyir. Regionun güclü və lider dövləti olan Azərbaycan xarici investorları işğaldan azad olunmuş ərazilərə cəlb etməklə Böyük Qayıdışa daha sürətlə yaxınlaşır.

Musa BAĞIRLI,

"Respublika".