İşğaldan azad olunmuş torpaqlarımızda ilk beynəlxalq hava limanının görüntüləri möhtəşəm və qürurvericidir
SİYASƏT

İşğaldan azad olunmuş torpaqlarımızda ilk beynəlxalq hava limanının görüntüləri möhtəşəm və qürurvericidir

1992-ci ilin aprelində müstəqillik əldə etdikdən sonra ölkəmizdə  aviasiya üzrə dövlət orqanı - “Azərbaycan Hava Yolları” Dövlət Konserni yaradıldı. 1996-cı ildə “Azərbaycan Hava Yolları” konserninin tərkibində “Azəraeronaviqasiya” hava hərəkətinin idarə edilməsi mərkəzi, 1997-ci ildə AZALOIL müəssisəsi fəaliyyətə başladı. 1999-cu ildə Bakı Hava Limanında yeni beynəlxalq terminal açıldı. 2000-ci ildə “Azərbaycan Hava Yolları” ilk Boeing 757-200 model təyyarələr aldı. 2004-cü ildə Prezident İlham Əliyevin qərarı ilə Binə Hava Limanı Heydər Əliyev Beynəlxalq Hava Limanı adlandırıldı. 2005-ci ildə Heydər Əliyev Beynəlxalq Hava Limanında yeni yük terminalı (Baku Cargo Terminal) açıldı. 2008-ci ilin aprelində Azərbaycan Prezidentinin sərəncamı ilə “AZAL” Dövlət Konserni yenidən formalaşdırılaraq “Azərbaycan Hava Yolları” QSC adlandırıldı. 2016-cı ildə AZAL QSC-nin tərkibində Azərbaycanın ilk aşağı büdcəli aviaşirkəti - Buta Airways yaradıldı...

Dünyanın ən nüfuzlu mülki aviasiya təşkilatının - Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) üzvü, 25 hava gəmisindən ibarət ən yeni təyyarə parkına malik, təyyarələri Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına tamamilə uyğun olan Azərbaycan Hava Yolları QSC 2020-ci ildə aviasiya analitik-sorğu nəşri olan Official Airline Guide (OAG) görə 2019-cu ildə Avropanın ən punktual aviaşirkəti kimi tanınmış, həmin il Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın bulud texnologiyalarına tamamilə keçən ilk hava limanı olmuşdur...

2020-ci ildə ICAO, Füzuli Beynəlxalq Hava Limanının beynəlxalq məkan indeksləri kataloquna daxil edilməsi barədə Dövlət Mülki Aviasiya Administrasiyasının müraciətini təsdiq etmiş, 2021-ci ildə uzunmüddətli fasilədən sonra Qarabağ səmasında milli naviqasiya sistemlərinin radioçağırış siqnalları yenidən ötürülmüşdür. Bu siqnalları ilk dəfə Azərbaycan Milli daşıyıcısının (AZAL) təyyarələri qəbul etmişdir.

Müstəqilliyimiz möhkəmləndikcə, ölkəmizin  iqtisadi qüdrəti artdıqca bütün sahələrdə olduğu kimi Azərbaycan Hava Yolları da beynəlxalq standartlara uyğun olaraq yenidən qurulur, mülki aviasiyamız ildən-ilə inkişaf edir.

Heydər Əliyev Beynəlxalq Hava Limanı bölgədə sərnişin və yükdaşıması, uçuş və enişlərin  sayına, aerovağzal kompleksinin və yük terminalının tutumuna görə ən böyük  hava limanıdır. Bu baxımdan  bölgədə  və MDB ölkələri arasında ən yaxşı hava limanı hesab edilən Heydər Əliyev Beynəlxalq Hava Limanı dəfələrlə Britaniyanın məşhur Skytrax kampaniyası tərəfindən yüksək qiymətləndirilmiş, müxtəlif kateqoriyalar üzrə təltif olunmuşdur.

“Azərbaycan Hava Yolları” QSC bu gün dünyanın  demək olar ki, hər tərəfinə  uçuşlarının  sayını artırmaqla yanaşı, respublika ərazisində sərnişinlərə yüksək və keyfiyyətli xidmət göstərən  hava limanlarının  da sayını artırır. Belə ki, bu il ölkə başçısı Prezident cənab İlham Əliyevin göstərişi ilə  3 hava limanının tikintisinə başlanılmışdır.

İşğal edilmiş ərazilərimizdə  hava məkanı təxminən  30 il  müddətində  beynəlxalq  uçuşlar üçün  bağlı olmuş, həmin ərazilərdəki  mülki aviasiya infrastrukturu  ciddi şəkildə  zərər çəkmiş  və tamamilə dağıdılmışdı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun rəşadəti sayəsində işğaldan  azad olunmuş torpaqlarımızda  bu gün  böyük qayıdışımızı təmin edən möhtəşəm quruculuq işləri və beynəlxalq uçuşların həyata keçirilməsi  məqsədilə Ermənistanın işğalından azad olunmuş ərazilərdə aeronaviqasiya  təminatının bərpası aparılır.

Torpaqlarımız işğaldan azad edildikdən sonra, bu ilin əvvəlində  ölkə başçımız İlham Əliyev Füzuli şəhərində sayca 7-ci beynəlxalq hava limanının tikintisi barədə sərəncam imzalamış, gələcək hava  limanının  təməlqoyma  mərasimi  yanvar ayının 14-də baş tutmuşdur. İnşası “AzVirt” MMC-yə həvalə  olunmuş, Füzuli şəhərinin işğalından öncə mövcud olan yerli əhəmiyyətli, uçuş zolağı 1600 metr olan köhnə aeroportun yerində yeni hava limanının tikintisinə başlanmışdı.

Tikilən beynəlxalq hava limanının uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni isə 60 metrdir. Perronun ölçüləri 60 min kvadratmetrdir ki, bu da 8 ədəd A-320  tipli təyyarənin yerləşməsinə imkan verir. Təyyarələrin enişi iki tərəfdən təmin olunacaq hava limanında uçuş-enmə zolağının və perronun  tikintisində torpaq və beton işləri, yol geyiminin tikintisi, yolların asfaltlanması yüksək səviyyədə həyata keçirilmişdir. Dam örtüyü İtaliyadan, fasad materialları isə Türkiyədən gətirilmiş hava limanında  birinci sınaq uçuşu yerinə yetirilmişdir. İlin sonunda isə aerovağzalın tam istifadəyə veriləcəyi planlaşdırılır.

Sentyabr ayının 5-də Füzuli Beynəlxalq Hava Limanının istismara verilməsindən əvvəl, Bakıdan uçan  “Azərbaycan Hava Yolları”na məxsus  ən böyük “Airbus A340-500” tipli sərnişin təyyarəsi sınaq reysi həyata keçirərək  işğaldan azad olunmuş Qarabağın ilk hava limanında eniş icra edib. Bundan əlavə, Azərbaycanın “Silk Way” aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan “Boeing 747-400” tipli hava gəmisi də həmin gün Füzuli Beynəlxalq Hava Limanına eniş icra edərək Qarabağa ilk dəfə hava yolu vasitəsilə yüklər çatdırmışdır.

Təxminən 35 dəqiqə müddətində AZAL-ın “Qarabağ” təyyarəsinin Füzuli Beynəlxalq Hava Limanına enməsi, işğaldan azad olunmuş torpaqlarımızda ilk beynəlxalq hava limanının görünməsi tarixi bir hadisə idi. “Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tikinti işlərinə birbaşa nəzarəti sayəsində mümkün olmuşdur. Dövlət başçısının qeyd etdiyi kimi, bu hava limanı Qarabağa hava qapısı olacaq. Qeyd etmək istərdim ki, qısa müddətə baxmayaraq, Füzuli Beynəlxalq Hava Limanı beynəlxalq hava limanları üçün nəzərdə tutulan bütün yüksək tələblərə uyğun şəkildə inşa edilmişdir” - deyə AZAL-ın prezidenti Cahangir Əsgərov bildirmişdir.

Avtomatlaşdırılmış sistemlərlə təchiz olunmuş Hava Hərəkətini İdarəetmə (HHİ)  qülləsinin tikilməsi Füzuli Beynəlxalq Hava Limanına ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanmasına imkan verəcək. Aeronaviqasiya sisteminə və işğaldan azad edilmiş ərazilər üzərindən uçuşlara tam nəzarəti təmin etmək üçün yeni beynəlxalq hava yolları tətbiq olunur. Gələcək aerovağzal kompleksinin elektrik enerjisi ilə təmin edilməsi üçün nəzərdə tutulan əsas transformator yarımstansiyaları və elektrik ötürücü xətləri də hazır vəziyyətə gətirilmiş, qazanxana və digər köməkçi binaların tikintisi başa çatmışdır.

Sentyabrın sonunda istifadəyə verilməsi nəzərdə tutulan sərnişin terminalının qarşısında 150 avtomobil üçün nəzərdə tutulan dayanacaq inşa edilmişdir. Həmçinin, Füzuli Beynəlxalq Hava Limanını Zəfər yolu və  Şuşa şəhərinə aparan magistral yolu ilə birləşdirən avtomobil yolunun tikintisi davam etdirilir. Bundan əlavə, hava limanının ərazisində yaşıllaşdırma işləri aparılır.

Aeroportun tikintisində müasir texnologiyalardan istifadə edilmiş, iki müasir tipli asfalt-beton qurğusu alınmış, həmçinin üç doğrayıcı-çeşidləyici qurğu  və bir ədəd beton zavod, bir ədəd qarışdırıcı mexaniki qurğu quraşdırılmışdır.

Hava Limanının layihəsinə aerovağzal binası, 3000x45 metr ölçüdə uçuş-enmə zolağı, perron, yönəldici yol, uçuş-enmə zolağının işıq siqnal sistemləri, transformator yarımstansiyalarının tikintisi və köməkçi binalar daxildir.

Füzulidə Beynəlxalq Hava Limanının tikilməsi ölkənin bu bölgəsi ilə rahat və operativ əlaqənin saxlanılması, işğaldan azad edilən ərazilərin inkişafı, o cümlədən turizm imkanlarının artması üçün də əlverişli şərait yaradacaq. Bu günlərdə istifadəyə  verilən Füzuli Beynəlxalq Hava Limanının inşa edilməsi turistlərin daha sərfəli, qısa yolla birbaşa işğaldan azad edilən ərazilərimizə getməsinə, Şuşa və digər şəhərlərimizi ziyarət edə bilmələrinə imkan verəcək. Füzulidə beynəlxalq hava limanının açılması Azərbaycanın iqtisadi və logistik imkanlarının genişləndirilməsi baxımından da vacib amildir.

Naxçıvan və Türkiyəni birləşdirən yolun üzərində yerləşərək Zəfər yoluna birləşdirilən Füzuli Beynəlxalq Hava Limanı turist səfərlərini asanlaşdıraraq  eyni zamanda daxili və xarici turistlər üçün  də cəlbedici olacaq. İşğaldan azad olunmuş ərazilərimizdə bütün növ, o cümlədən ağır yük təyyarələrini qəbul edə biləcək  Füzuli, Zəngilan və Laçın Hava Limanlarının tikilməsi iqtisadi baxımdan səmərəli olmaqla bərabər bu rayonların strateji əhəmiyyətini də artırır. Qarşıdakı yaxın illərdə Qarabağın inkişafında bu limanların  böyük rolu olacağı artıq reallıqdır.

Mehparə ƏLİYEVA,

“Respublika”.