İşığı bol Laçınım...
Region

İşığı bol Laçınım...

Mayın 27-də bölgədə bir neçə yarımstansiyanın açılışı olub

"Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər - hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşündə bildirib.

44 günlük Zəfər savaşı xeyirin şər, sivilizasiyanın barbarlıq, mədəniyyətin vəhşilik üzərində qələbəsidir. Azərbaycan sivil dövlət kimi təcavüzkarı məğlub edərək bütövlükdə insanlığa, bəşəriliyə, mədəniyyətə xidmət etmiş oldu. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan dövlətinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi proqramların məzmunu bunu bir daha sübut etdi.

Artıq Azərbaycan sistemli, davamlı və vahid mövqedən yanaşaraq işğaldan azad olunmuş ərazilərdə geniş quruculuq işlərinə başlayıb. Dövlət başçısı ən müasir layihələri reallaşdırmaq üçün əzmlə fəaliyyət göstərir. Bölgəyə mütəmadi şəkildə səfərlər etməsi də dediklərimizin təsdiqidir. Çünki bu səfərlər hansısa obyektin təməlqoyma, yaxud açılışı ilə yadda qalır. Görülən işlər isə o yerləri cənnətə çevirir.

Mayın 27-də Azərbaycan Prezidenti Laçında oldu, "AzərEnerji" Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq "Laçın" şəhər yarımstansiyanın açılışında iştirak etdi.

Qeyd edək ki, Laçın şəhərinin və ətraf kəndlərin Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün şəhərin cənub girişində tikilən 110/35/10 kV-luq "Laçın" şəhər yarımstansiyası rəqəmsal qaydada ən müasir texnologiyalardan istifadə olunmaqla ərsəyə gətirilib. Paralel olaraq, Laçın şəhərinə "Qubadlı" yarımstansiyasından başlayaraq və "Güləbird" Su Elektrik Stansiyasından keçməklə, ümumilikdə 40 kilometr məsafədə 110 kV-luq ötürmə xətti çəkilib.

Prezident İlham Əliyev yarımstansiyanı işə saldı. Dövlət başçısına məlumat verildi ki, strateji əhəmiyyətli "Laçın" şəhər yarımstansiyasında ən müasir avadanlıqlardan ibarət 110 kV-luq açıq paylayıcı qurğu və rəqəmsal idarəetmə mərkəzi tikilib. 35 kV-luq və 10 kV-luq qapalı paylayıcı qurğularla təchiz olunmuş İdarəetmə Mərkəzində yaradılan SCADA sisteminə inteqrasiya olunub. Bunun üçün informasiya mübadiləsi və aktivlərin onlayn müşahidəsinə imkan verən fiberoptik şəbəkə yaradılıb. Eyni zamanda, yarımstansiyada yanğın və partlayışa qarşı SERJİ sistemi qurulub.

Həmin gün dövlət başçısı "AzərEnerji" Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq "Qorçu" yarımstansiyasının da açılışını edib. Qeyd edək ki, Laçın rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması məqsədilə Qorçu kəndində 2021-ci ildə istismara verilən "Kəlbəcər" yarımstansiyasından 42 kilometr məsafədə ikidövrəli olmaqla 110 kilovoltluq yüksəkgərginlikli ötürmə xətti çəkilib. Paralel olaraq Laçın rayonunun Qorçu kəndində dəniz səviyyəsindən 1800 metr yüksəklikdə 110/35/10 kilovoltluq müasir texnologiyalı yarımstansiya tikilib. "Qorçu" yarımstansiyası yaxınlığında tikilən beynəlxalq hava limanının, Laçın və Kəlbəcərdəki meqalayihələrin, o cümlədən yaşayış massivlərinin, turizm və kənd təsərrüfatı infrastrukturunun enerji təchizatında xüsusi rol oynayacaq. Yaxın perspektivdə "Qorçu" yarımstansiyasından "Laçın" şəhər yarımstansiyasına 110 kV-luq ikidövrəli ötürmə xətti çəkiləcək ki, bu da işğaldan azad edilən ərazilərin dairəvi elektrik təchizatını tamamlamış olacaqdır.

Onu da deyək ki, "AzərEnerji" ASC tərəfindən bu günədək Qarabağda və Şərqi Zəngəzurda bir yerdə 330 kV-luq, 11 yerdə 110 kV-luq olmaqla 12 yarımstansiya tikilib, 700 kilometrə yaxın yüksəkgərginlikli ötürmə xətti çəkilib. Bununla da işğaldan azad olunmuş bütün rayonlar elektrik enerjisilə təmin olunub. Bu isə o torpaqlara qayıdışı tezləşdirir. Təbii ki, işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq işləri sürətlə aparılır, yollar çəkilir, körpülər salınır, evlər tikilir. Bir sözlə, insanların normal yaşaması üçün hər cür şərait yaradılır. Elə dövlət başçısı Laçında olarkən də bir sıra obyektlərin açılışını etdi, təməlini qoydu: "...Ona görə sizin üçün və sizin kimi keçmiş köçkünlər üçün şərait ən yaxşı olmalıdır, ən gözəl olmalıdır ki, siz uzun, əzablı illərdən sonra burada rahat yaşayasınız. Biz çalışacağıq ki, bunu bundan sonra da təmin edək", - deyən dövlət başçısı 31 il əvvəl doğma torpaqlarından zorla çıxarılan laçınlıları qayıdış münasibətilə təbrik etdi.

Bəli, qaçqınlıq, köçkünlük böyük dərddir. Laçınlılar da digər keçmiş köçkünlərimiz kimi, bu acı taleyi yaşamalı oldular, çadır şəhərciklərində, şəraitsiz yataqxana binalarında, vaqonlarda daha bir ömür yaşadılar. Hər gecənin bir sabahı da var axı... Elə köçkünlərimiz də o ağır gecələrin bir gün xoş sabaha açılacağı ümidilə yaşadılar, dözdülər, gözlədilər. Və bir gün Vətənlərinə döndülər. Bu dönüş, möhtəşəm qayıdış Azərbaycan Ordusunun döyüş meydanında qazandığı zəfərlə təmin olundu. Prezident İlham Əliyevin yüksək liderlik keyfiyyətləri, yürütdüyü siyasət, fəaliyyəti dövründə reallaşdırdığı güclü dövlət strategiyası ərazi bütövlüyümüzün bərpasını da təmin etdi. Alınmaz qala Şuşamızın, ilk sakinlərini qəbul edən Laçınımızın bugünkü xoş növrağı da güclü lider - qalib xalq formulunun məntiqi nəticəsidir.

İndi dövlətimiz onsuz da Tanrının binadan gözəl yaratdığı bu diyarı cənnətə çevirir, yeni həyat başlayır. Hər şey göz qabağındadır, tam nəzarətimizə keçdiyi vaxtdan ötən 7-8 ay ərzində Laçında görülən işlər dövlətimizin bu acı taleli vətəndaşlarının doğma yurdlarına qayıtmasına hamıdan çox maraqlı olduğunu göstərir. Hər bir vətəndaşının Prezidenti olan İlham Əliyev o torpaqlarda cənnət yaradacağı vədinə də sadiqdir. Doğrudan da əgər cənnətin təsviri varsa, bax, o dediyimiz cənnət elə buradadır. Vaxtilə Süleyman Rüstəmin "Cənnət görmək istəyən Azərbaycana gəlsin!" misrasından ruhlanıb deyirik: Cənnət görmək istəyən bu gün tikilib-qurulan Qarabağa gəlsin! İşığı bol Laçınım, bu gün sənin bir günlük müsafirin olmaq belə xoşbəxtlikdir. Hələ mən orada əbədi yaşamağı demirəm...

Zümrüd QURBANQIZI,

"Respublika".