İslahatlar insan hüquqlarının təminatına geniş imkanlar yaradır
Digər xəbərlər

İslahatlar insan hüquqlarının təminatına geniş imkanlar yaradır

Müasir Azərbaycanda dövlət quruculuğunun, iqtisadi dirçəlişin, ictimai-siyasi və sosial həyatda tərəqqinin bütöv bir dövrü ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Həmin dövrdən etibarən Azərbaycanda milli mənlik şüuru yüksəlmiş, kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atılmış, yeni, o cümlədən müxtəlif ixtisaslar üzrə kadrların hazırlanması üçün təhsil ocaqları yaradılmış, qısa müddət ərzində yeni istehsal sahələri təşkil edilərək çoxsaylı böyük zavodlar, fabriklər istifadəyə verilmiş, mühüm sosial dəyişikliklər həyata keçirilmişdir. Nəhayət, 1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı dövlətimizi və xalqımızı özbaşınalıqdan, xaosdan və iqtisadi tənəzzüldən xilas edərək yeni inkişaf strategiyasının təməlini qoydu.

Bu da öz növbəsində müasir Azərbaycanımızı həm siyasi, həm də iqtisadi cəhətdən sabit və dinamik inkişaf yolu seçən bir ölkəyə çevirdi.

Heydər Əliyev siyasi kursu bu gün onun ideyalarına sadiq olan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ümummilli liderimizin: “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deyərək qiymətləndirdiyi Prezidentimiz bu gün, xalqın etimadını doğrultmaqla həmin ümidləri gerçəkləşdirir.

Ümummilli lider Heydər Əliyev tərəfindən yeridilən siyasətin göstəricisi kimi, 2003-cü ildə keçirilmiş seçkilərdə İlham Əliyevin mütləq səs çoxluğu ilə xalq tərəfindən prezident seçilməsində öz ifadəsini tapmışdır. Əslində xalq yalnız İlham Əliyev şəxsiyyətinə deyil, həm də ümummilli liderin daxili və xarici siyasətinin uğurlu davamçısı kimi ona səs vermişdi.

Son 30 ilin ən mühüm siyasi hadisəsi - 2020-ci ilin 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın və Azərbaycan Ordusunun əldə etdiyi tarixi hərbi-siyasi zəfər Prezident İlham Əliyevin qətiyyətli, prinsipial, milli maraqları əsas tutan fenomenal liderlik missiyasını bir daha təsdiqləməklə yanaşı, vətəndaşların böyük sevinc və məmnunluğuna səbəb olmuşdur. Azərbaycanın Vətən müharibəsindəki layiqli qələbəsi Prezident İlham Əliyevin regional və qlobal miqyasda nüfuzunu daha da artırmış, ilin yekunları üzrə dünyanın ən uğurlu liderləri sırasında yer almasını təmin etmişdir.

Dövlət müstəqilliyimizin bərpasından sonra dünya şöhrətli ümummilli liderimiz tərəfindən cəmiyyət və dövlət həyatının bütün sahələrində olduğu kimi hüquqi sahədə də köklü islahatlar aparılmış, bu islahatların həyata keçirilməsinin əsası isə onun müəllifliyi ilə 1995-ci ildə qəbul olunmuş ilk milli Konstitusiyamızla qoyulmuşdur.

Azərbaycan xalqının milli, mədəni və tarixi ənənələrinə söykənərək, həqiqi, demokratik cəmiyyət yaradılmasına xidmət edən bu islahatlar ilk növbədə insan hüquqlarının daha etibarlı təmin edilməsinə yönəlmişdir.

Hüquqi islahatlar yolunda inamla irəliləyən Azərbaycan Respublikasında qısa müddətdə hüquq sisteminin təməlini təşkil edən mühüm qanun və məcəllələr qəbul edilmiş, hüquq-mühafizə orqanlarının funksiya və səlahiyyətlərinə yenidən baxılaraq, bu sahədə fəaliyyət demokratik prinsiplər və beynəlxalq hüquq normalarının tələblərinə uyğunlaşdırılmış, ümumiyyətlə, ölkəmizdə əvvəlkindən prinsipcə köklü sürətdə fərqlənən yeni hüquq sistemi yaradılmışdır.

Konstitusiyamızda hakimiyyət bölgüsü, məhkəmə hakimiyyətinin, xüsusilə hakimlərin müstəqilliyinin təminatı barədə müddəalar təsbit edilmiş, insan hüquqları daha etibarlı təmin edilmiş, insan haqlarının daha etibarlı təmin edilməsi üçün yeni - üçpilləli məhkəmə sistemi yaradılmış, məhkəmələrə müstəsna səlahiyyətlər verilmiş, onların üzərində əvvəllər mövcud olmuş total nəzarətə və müdaxiləyə son qoyulmuşdur.

Eyni zamanda,  Konstitusiyamıza görə məhkəmə hakimiyyətinin müstəqilliyini təmin etmək məqsədilə Azərbaycan tarixində ilk dəfə olaraq hakimlər test üsulu ilə seçilirlər. Ölkə başçısının diqqət və qayğısının təzahürü olaraq əksər məhkəmələr statuslarına uyğun yeni binalarla təmin edilmişlər.

Hüquqi islahatın yüksələn xətt üzrə inkişafını daim diqqət mərkəzində saxlayan hörmətli Prezidentimiz İlham Əliyevin “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi haqqında” 19 yanvar 2006-cı il tarixli fərmanı xüsusilə qeyd olunmalıdır. Həmin fərmanla məhkəmə sisteminin müasirləşdirilməsinin növbəti mərhələsi kimi regionların sosial-iqtisadi inkişafı şəraitində əhalinin hüquq institutlarına və hüquqi yardıma tələbatının ödənilməsi üçün yeni məhkəmələrin yaradılması, vətəndaşların narazılıqlarına səbəb olan sui-istifadə, süründürməçilik hallarının və digər nöqsanların aradan qaldırılması, ədalət mühakiməsinin səmərəliliyinin və vətəndaşların məhkəmələrə inamının artırılması təmin edilmişdir. Məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, məhkəmələrin fəaliyyətində yeni informasiya texnologiyalarının tətbiq edilməsi, məhkəmə aparatlarının strukturunun və işinin daha optimal şəkildə qurulması, habelə digər mühüm məsələlərin həlli nəzərdə tutulur. Fərmanda Azərbaycan Respublikasının Apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə tövsiyə edilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etsinlər və onu məhkəmə təcrübəsində nəzərə alsınlar.

Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin düzgün və vahid qaydada tətbiqinin təmini məqsədilə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 30 mart 2006-cı il tarixli Qərarı ilə məhkəmələrə bir daha izah edir ki, insan hüquqları müasir dünyada ümumbəşəri mədəniyyətin mühüm tərkib hissəsidir. Konstitusiyamızın 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir.

Ali Məhkəmənin Plenumu insan hüquqlarının həyata keçirilməsi ilə bağlı məhkəmələrə tövsiyəsində bildirir ki, bütün insanlar heç bir ayrı-seçkiliyə yol vermədən əsas hüquq və azadlıqlara malikdirlər. Bu hüquq və azadlıqlar məkan, ərazi hüdudları ilə bağlı deyil. İnsan hüquqları universal, bölünməzdir. Milli, dini, tarixi, mədəni özünəməxsusluq nəzərə alınmaqla, insan hüquq və azadlıqlarına ali dəyər kimi hörmət və riayət edilməli, onların müdafiəsi təmin olunmalıdır. İnsan hüquq və azadlıqları yalnız qanun, konstitusiya və beynəlxalq hüquq normalarında nəzərdə tutulmuş hallarda və qaydada məhdudlaşdırıla bilər. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

Hüquqi sahədə aparılan tədbirlərə Azərbaycan Respublikasında hakim seçkiləri ilə əlaqədar məhkəmə islahatlarının davam etdirilməsini də göstərmək olar. Bu islahatların məqsədi məhkəmələrin müstəqilliyinin və onların fəaliyyətinin səmərəliliyinin artırılması, hakimlərin seçilməsi prosedurlarının təkmilləşdirilməsi, Məhkəmə-Hüquq Şurasının yenidən formalaşdırılması və hakimlərin seçilməsində yeni seçki qurumunun iştirakının təmin edilməsidir. İslahatlar həyata keçirilərkən Avropa Şurasının və BMT-nin həmin sahə üzrə tövsiyələri nəzərə alınır.

2019-cu il 20 mart tarixində xalqa ənənəvi müraciətində cənab İlham Əliyev cəmiyyətin digər sahələri ilə yanaşı, məhkəmə-hüquq sistemində islahatların davam etdirilməsinin zəruriliyini bir daha bildirmişdir. Dövlətimizin başçısının 3 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanı keyfiyyətcə yeni mərhələdə məhkəmə-hüquq islahatlarının dərinləşməsinə geniş imkanlar açmışdır. Fərmana əsasən, Azərbaycan Respublikasının bütün məhkəmə sədrlərinə və hakimlərinə məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi kimi prinsiplərə dönmədən riayət etmək tövsiyə edilmişdir.

Fərmanda müvafiq qurumlara sahibkarlıq fəaliyyəti ilə bağlı yaranan mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə ixtisaslaşmış məhkəmələrin yaradılması istiqamətində təkliflərin verilməsi tapşırılmışdır. Qeyd etməliyik ki, ötən dövr ərzində Fərmandan irəli gələn vəzifələr yerinə yetirilmiş və bu gün məhkəmə sistemində inzibati və kommersiya məhkəmələri fəaliyyət göstərməkdədir.

Aparılan hüquqi islahatlara daxili işlər orqanları da fəal surətdə qoşulmuşdur və 5 fevral 2007-ci il tarixdə “DİN-də insan hüquqlarının müdafiəsi üzrə komissiyanın yaradılması” barədə əmr imzalanmışdır. DİN-in müvafiq əmri ilə yaradılan komissiya “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın daxili işlər orqanlarına aid müddəalarının yerinə yetirilməsi məqsədilə hazırlanmış tədbirlər planına uyğun olaraq insan hüquqları sahəsində beynəlxalq sənədləri və təcrübəni öyrənmək, müvafiq təhsil müəssisələrinin ədəbiyyat fondunun zənginləşdirilməsi və hüquqi maarifləndirmə işinin genişləndirilməsi istiqamətində lazımi tədbirin görülməsini həyata keçirməklə məşğuldur.

Təbii ki, peşəkar polis kadrlarının hazırlanmasına öz töhfələrini verən və bu il 100 illiyini qeyd edəcək DİN-in Polis Akademiyası ölkəmizdə aparılan hüquqi islahatlardan kənarda qala bilməz. Polis Akademiyası təhsil ocağı olmaqla yanaşı, həm də ictimai mühit hesab olunur. Kursantlar burada gələcəyə hazırlanır, xidməti peşə xüsusiyyətlərinə yiyələnməklə yanaşı, həm də nizamnamə qaydalarını öyrənirlər. Bu məqsədlə Polis Akademiyasının “Cinayət prosesi” kafedrası mütəmadi və əməli işlər görərək cəmiyyətin və cinayət işləri üzrə ədalət mühakiməsinin həyata keçirilməsinin qaydalarını təsbit edən cinayət-prosessual qanunvericiliyini gələcəyin polis kadrlarına öyrədir.

Cinayət işləri üzrə ədalət mühakiməsinin qanunvericiliyin tələblərinə riayət edilməklə həyata keçirilməsinin insan hüquq və azadlıqlarının qorunmasında müstəsna əhəmiyyətə malik olmasını nəzərə alaraq “Cinayət prosesi” kafedrasında ədəbiyyat fondunun zənginləşdirilməsi, bu sahədə beynəlxalq aləmdə mövcud məhkəmə təcrübəsi materiallarından, insan hüquqları sahəsində beynəlxalq konvensiyalarla bağlı mövzulardan daha geniş şəkildə istifadə olunması təşkil edilir, eyni zamanda hərtərəfli, tam və real biliklər əldə etmələri üçün kursant və dinləyicilərə “Cinayət-prosessual hüquq” fənni ilə yanaşı “Hüquq-mühafizə orqanları”, “Daxili işlər orqanlarında təhqiqat” fənləri  tədris olunur.

Ölkəmizdə uğurla həyata keçirilən hüquqi islahatlar artıq yeni mərhələyə qədəm qoymuşdur. Beynəlxalq təcrübədən bəhrələnməklə hüquqi islahatlar daim təkmilləşir. Bu mənada məhkəmə hakimiyyəti də cəmiyyətimizlə birlikdə inkişaf edir və müasirləşir. İmzalanan hüquqi aktlar insan hüquq və azadlıqlarının təminatı baxımından mühüm əhəmiyyət kəsb edir. Bütün bunlar öz növbəsində dövlətimizin bəşəri dəyərlərə sadiqliyini əyani nümayiş etdirir, insan hüquqlarının qorunmasını daim diqqət mərkəzində saxlandığını bir daha təsdiq edir.

Səyyad AĞAYEV,

Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının “Cinayət

prosesi” kafedrasının rəisi, polis polkovniki, hüquq üzrə fəlsəfə doktoru, dosent.