İslam dünyasını bir araya gətirən idman bayramı
İdman

İslam dünyasını bir araya gətirən idman bayramı

İlk dəfə Səudiyyə Ərəbistanının Ciddə şəhərində təşkil olunan, ikinci dəfə 2013-cü ildə İndoneziyanın Palembanq şəhərində baş tutan, 4 il sonra - 2017-ci ildə Bakıda böyük təntənə ilə keçirilən İslam Həmrəyliyi Oyunları bu dəfə Türkiyənin Konya şəhərində bütün İslam dünyasını bir araya gətirdi. İslam Həmrəyliyi İdman Federasiyası və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin iştirakı ilə Konya Böyükşəhər Bələdiyyəsi Stadionunda V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi avqust ayının 9-da oldu. İstiqlal Marşının sədaları altında keçirilən mərasimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev, türk dünyasının dövlət və hökumət başçıları birgə izlədilər.

Mövlanə Cəlaləddin Ruminin "Biz birləşdirməyə gəldik, ayırmağa gəlmədik" devizi altında keçirilən açılış mərasimi maraqlı kompozisiyaların təqdimatı ilə davam etdi. "Salam olsun!", "Həmrəyliyin gücü", "Elmin gücü", "Hikmətin gücü", "Eşqin gücü" və s. kompozisiyalar müsəlman dünyasının həmrəyliyin gücü ilə birləşməsinə, İslam alimlərinin bəşər tarixinə bəxş etdikləri elmi biliklərə, elmin, düşüncənin mərkəzi hesab edilən Konya şəhərinin qədim tarixinin müxtəlif dövrlərinə bir baxış idi. İslam dünyasının həmrəyliyini möhkəmləndirməyi hədəfləyən İslam Həmrəylik Oyunlarının müxtəlif mədəniyyətlərin bir araya gəldiyi, İslam sivilizasiyasının mühüm mərkəzlərindən sayılan qədim Konya şəhərində keçirilməsi də tarixi nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb edir. Belə ki, Oyunların iştirakçıları və qonaqlar Türk və İslam dünyasının ən böyük sufilərindən olan Mövlanə Cəlaləddin Ruminin Konyanın Karatay səmtində yerləşən muzeyini ziyarət etməklə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, İslam birliyini əks etdirən qardaşlıq mesajlarını bütün dünyaya ünvanladılar.

2017-ci il mayın 12-22-də Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident və Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunları da bu missiyanı həyata keçirmiş və bütün dünyaya İslam aləminin birliyini, həmrəyliyini nümayiş etdirmişdir. 5 il öncə paytaxtımızdakı Daş Salnamə Muzeyində "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə start verilmiş və ölkəmizin həyatında çox əlamətdar hadisə olan IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə 54 ölkəni təmsil edən 3 mindən çox idmançı Azərbaycanda bir araya gəlmişdi. 24 idman növü- atletika, gimnastika, güləş, boks, cüdo, taekvondo, ağır atletika, tennis, stolüstü tennis, atıcılıq, üzgüçülük, basketbol, həndbol, voleybol, futbol, karate və s. yarışlarda paralimpiya üzrə paraatletiklər və paracüdoçular 269 dəst medal uğrunda mübarizə aparmışdılar. Eyni zamanda, Oyunlarda qeyri-ənənəvi idman növü olan milli zorxana oyunu üzrə də yarışlar təşkil olunmuşdu. Oyunlara 425 atletlə qatılan Azərbaycan 162 medalla birinci yerdə qərarlaşmışdır.

Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşündə Azərbaycanın artıq dünyada həm də idman ölkəsi kimi tanındığını, istər Olimpiya Oyunlarında, istərsə də Avropa çempionatlarında idmançılarımızın ölkəmizi ləyaqətlə təmsil etdiklərini vurğulayaraq bu Oyunlarda da onların gözəl nəticələr əldə edəcəklərinə əmin olduğunu bildirmişdir. Qalib Azərbaycanı təmsil edən idmançılarımızla səmimi söhbət edən dövlət başçısı V İslam Həmrəyliyi Oyunlarının qardaş Türkiyədə keçirilməsinin ölkəmiz üçün əlavə imkanlar yaratdığını, onlara müsəlman ölkələrinin idmançıları ilə daha sıx təmasda olmaq, dostluqlarını möhkəmləndirmək üçün şərait yarandığını qeyd etmişdir. V İslam Həmrəyliyi Oyunlarını həm idman, həm də İslam həmrəyliyi bayramı kimi qiymətləndirən ölkə başçımız yarışların müsəlman ölkələri arasındakı birliyin, həmrəyliyin, dostluğun möhkəmləndirilməsində, eyni zamanda dünyada müsəlmanlara göstərilən ayrı-seçkiliyin, islamafobiyanın qarşısının alınmasında vacib amil olacağını bildirmişdir.

Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın mədəni müxtəlifliyin mərkəzi sayılan Konyada Atletlər Kəndinə gələrək idmançılarımıza dəstək vermələrinin nəticəsidir ki, onlar V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı ləyaqətlə təmsil edərək böyük uğurlara imza atdılar. Bəli, artıq Oyunlar başa çatıb. Sözun əsl mənasında, həmrəylik bayramına çevrilən, dünyanın 56 ölkəsindən 4000- dən çox idmançının iştirak etdiyi yarışları idmançılarımız 29-u qızıl, 36-sı gümüş, 34-ü bürünc olmaqla 99 medal qazanaraq ölkələrin ümumi sıralamasında 4-cü pillədə başa vurublar. İslamiadada iştirak edən 281 idmançımız ağır atletika, atıcılıq, atletika, qadınlar və kişilər arasında basketbol 3x3, cüdo, futbol, güləş, gimnastika, aerobika, bədii gimnastika, qadınlar və kişilər arasında həndbol, karate, kikboksinq, qılıncoynatma, oxatma, para-oxatma, para-atletika, para-üzgüçülük, stolüstü tennis, taekvondo, velosiped, qadınlar və kişilər arasında voleybol və üzgüçülük yarışlarında güclərini sınadılar. İdmançılarımız yarışların son günündə isə idman gimnastikası, kikboksinq, karate növlərində mübarizələrini davam etdiriblər.

Sözsüz ki, hər bir sahədə olduğu kimi, idmanda məğlubiyyət də var, qələbə də. Önəmli olan ölkəni ləyaqətlə təmsil etmək, adını uca tutmaqdır. V İslam Həmrəyliyi Oyunlarının hər bir iştirakçısının üzərinə isə ikiqat məsuliyyət düşür: öz ölkəsi ilə bərabər, həm də bütün türk dünyasının adını, şərəfini ucaltmaq. Fəxrlə deyə bilərik ki, İslam Həmrəyliyi Oyunlarının tarixində idmançılarımız bu missiyanı uğurla həyata keçirmiş, birliyimizin, həmrəyliyimizin bariz nümunəsini nümayiş etdirmişlər.

Əminik ki, Türkiyənin qədim mədəniyyət paytaxtı Konyada keçirilən V İslam Həmrəyliyi Oyunları bütün dünyada müsəlmanlara göstərilən ayrı-seçkiliyin, islamafobiyanın qarşısının alınmasında, müsəlman aləminin birləşməsində, türk dünyasının qardaşlıq və həmrəyliyində, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin idmançı gənclərinin mədəni əməkdaşlığının inkişafında mühüm rol oynayacaq. Oyunlarının 21 rəqəmini simvolizə edən, lalə formasında hazırlanmış loqosunda ərəb dilində "qardaş" sözünün görüntüsü də elə bütün türk dünyasını, müsəlman aləmini birliyə, həmrəyliyə çağırışın təzahürü idi.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarında atletlər idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparmış və bu mübarizədə Türkiyə 145 qızıl, 107 gümüş, 89 bürünc olmaqla 341 medal qazanaraq birinci, Özbəkistan 51 qızıl, 42 gümüş, 65 bürünc olmaqla 158 medalla ikinci, İran 39 qızıl, 44 gümüş, 50 bürünc olmaqla 133 medalla üçüncü yeri tutmuşdur.

Növbəti VI İslam Həmrəyliyi Oyunları 2025-ci ildə Kamerunun paytaxtı Yaundedə keçiriləcək.

Mehparə ƏLİYEVA,

"Respublika".