İslam Əməkdaşlıq Təşkilatı ölkələrindən olan gənclər Gəncəyə səfər edib
Digər xəbərlər

İslam Əməkdaşlıq Təşkilatı ölkələrindən olan gənclər Gəncəyə səfər edib

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumu Avrasiya üzrə Regional Mərkəzinin (ARM) təşkilatçılığı ilə 10 dekabr - İnsan Haqları Günü münasibətilə İƏT üzv ölkələrindən olan bir qrup gəncin Gəncə şəhərinə səfəri olub.

ARM-dən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində gəncləri qəbul edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Adil Tağıyev rəhbərlik adından onları salamlayıb, bu qədim şəhər haqqında, eləcə də 44 günlük Vətən müharibəsi zamanı erməni terroru nəticəsində şəhid olan mülki şəxslər və şəhərin infrastrukturuna dəymiş ziyanla bağlı məlumat verib.

Səfər çərçivəsində gənclər həmin müharibədə erməni işğalçılarının raket hücumuna məruz qalmış ailələrlə görüşüblər. Həmçinin Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər. Sonra "İƏT-ə üzv ölkələrdə insan haqları" mövzusunda dəyirmi masada iştirak ediblər.

Dəyirmi masada Müstəqil Daimi İnsan Haqları Komissiyası iclasının simulyasiyası keçirilib. Bu səfərə Azərbaycanda təhsil alan 23 İƏT üzv ölkəsindən (Türkiyə, Pakistan, Qazaxıstan, Tacikistan, Özbəkistan, İordaniya, Misir, Yəmən, Qambiya, Mozambik, Nigeriya, Sierre-Leone və s.) 40-dan çox gənc qatılıb.

Səfər zamanı gəncləri Milli Məclisin deputatı Müşfiq Cəfərov və Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi müşayiət edərək onları maraqlandıran sualları cavablandırıb.

İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin direktoru vəzifələrini icra edən Vüsal Qurbanov Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkürünü bildirib, belə səfərlərin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından əhəmiyyətini qeyd edib.

Tədbirdə sudanlı tələbə Musa Sisi təəssüratlarını belə bölüşərək deyib: "Bu mənim Gəncəyə ilk səfərimdir. Daim Azərbaycanın haqq davasının yanında olmuşuq. Burada gördüklərim isə məni çox məyus etdi. Erməni vəhşiliyi nəticəsində mülki əhaliyə qarşı törədilən bu cinayət qəbuledilməzdir. Mən burda gördüklərimi öz ölkəmdə ictimaiyyətə çatdıraraq insanlarımızı məlumatlandıracam".

Pakistanlı tələbə Mobine Mehdi isə bunları qeyd edib: "Biz bu kədəri azərbaycanlı qardaş və bacılarımla bölüşürük. Bütün bunlara baxmayaraq, müharibə dövründə Gəncə əhalisinin mərdliyinə də çox heyran qaldım. 10 dekabr - İnsan Haqları Günü kimi qeyd olunur, buraya gəlişimizdə məqsəd müharibə zamanı terrordan əziyyət çəkən insanların haqq səsini dünyaya çatdırmaqdır".

AZƏRTAC