İsmayıllı: Qanunsuz tikintilərə qarşı ciddi tədbirlər görülür
Region

İsmayıllı: Qanunsuz tikintilərə qarşı ciddi tədbirlər görülür

Respublikamızda bəzi rayonların əsasən yol kənarlarında özbaşına qanunsuz tikintilərin aparıldığı və qeyri-qanuni ticarət mərkəzlərinin inşası ərazilərin memarlıq görkəminə xələl gətirməklə ciddi problemlərə çevrilir, turist və yerli sakinlərdə mənfi rəy formalaşdırır. Əksər hallarda belə qanunsuz tikintilərin avtomobil yolunun daralmasına səbəb olması təhlükəsizlik baxımından da ciddi problemlər yaradır. Füsunkar təbiəti və meşə zənginliyi ilə böyük istirahət zonasına çevrilən İsmayıllı rayon ərazisində bu cür neqativ halların olmaması və mövcud problemlərin həlli üçün konkret işlər görülür.

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 22 aprel 2022-ci il tarixli əmri ilə rayon ərazisində aparılan qanunsuz tikintilərin qarşısının alınması ilə bağlı yaradılmış Komissiyanın gördüyü işlər barədə hesabat görüşü keçirilib.

Rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, təşkilat rəhbərlərinin, İƏD üzrə nümayəndələr və  bələdiyyə sədrlərinin iştirak etdiyi görüşdə baş memar Vüsal Abdullayev bildirib ki, komissiya yarandığı gündən ötən 7 ay ərzində rayon ərazisində 98 yeni yaşayış evinin məlumatlandırma icraatı qaydasında sənədləşməsi təmin edilmiş, 9 qeyri-yaşayış obyektinin inşasına icazə verilmiş, ötən illərdə inşa edilmiş 1 obyektin sənədləşdirilməsi aparılmış, 8 obyektin istismarına icazə sənədi verilmişdir. Rayonun bir neçə yaşayış məntəqələrində və həmin məntəqələri rayon mərkəzi ilə birləşdirən yolların kənarında aparılan monitorinqlər zamanı özbaşına və qanunsuz tikintilər aşkar olunmuş, həmin tikinti sahibləri şifahi məlumatlandırmaqla, sənədləşmə işlərinə cəlb edilmişdir.

Rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov qeyd edib ki, qanunsuz tikililər ciddi qanun pozuntusudur, gələcəkdə vətəndaşların özləri üçün də böyük problemlər yaratmaqla mülki mübahisə predmetlərinə çevrilir.  Rayon rəhbəri həmin tikililərin sökülməsi və ya dövlət vəsaiti hesabına kompensasiya edilməsinin çətinliklər yaratdığını vurğulayaraq aidiyyəti təşkilatların bu işdə məsuliyyətini diqqətə çatdırıb. Xüsusilə də rayon ərazisindən keçən avtomobil yollarının kənarında, rayondaxili əsas turizm marşrutlarının ətrafında primitiv görkəmli, standartlara uyğun olmayan, şəhərin və digər yaşayış məntəqələrinin memarlıq görkəminə xələl gətirən tikililərin qarşısının alınması üçün İƏD üzrə nümayəndəlikləri və bələdiyyələrin qarşısına bir daha ciddi tələblər qoyulub.

Rayon rəhbəri qeyd edib ki, hər hansı tikinti işləri Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri ilə müəyyən olunmuş müvafiq rəsmiləşdirmə işləri aparıldıqdan sonra həyata keçirilməlidir. Qanunsuz tikintilərin həyata keçirilməsi halları baş verdikdə həm vətəndaşlar, həm də bu işlərə himayədarlıq edən vəzifəli şəxslərlə bağlı qanunamüvafiq qaydada ciddi tədbirlərin görüləcəyi bildirilib.

M.NƏRİMANOĞLU,

“Respublika”.