İsmayıllı: Sönməyən məşəldir onlar
Region

İsmayıllı: Sönməyən məşəldir onlar

Xidməti işimlə əlaqədar rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədovanın iş otağında İsmayıllıdan hazırlayacağım yazılar barədə fikirlərimizi bölüşürdük. Təxminən bir saat müddətində onun iş və cib telefonuna hansısa bir ehtiyacının, arzu və təklifinin həlli ilə bağlı bəlkə də otuzdan çox zənglər gəldi. İş otağına gəlib üzbəüz müraciət edənlər də çox oldu. Bu zənglərin, edilən müraciətlərin, demək olar, hamısı bu gün bütün Azərbaycanın, fəaliyyətinin ana xəttinə çevrilən Qarabağ müharibəsi şəhidlərinin valideynlərinin, qazilərinin və onların ailə üzvlərinin qayğıları, problemləri, arzu və istəkləri təşkil edirdi. Sevil müəllimə də hər bir zəngə, müraciətə həssaslıqla yanaşır, həlli üçün operativ hərəkət edirdi. İstəyirdi ki, bu ümid qapısından heç kim ümidsiz ayrılmasın. Xülasə, qısa müddətdə burada şəhid və qazilərə olan böyük ehtiramın gözəl təntənəsini gördüm, böyük təskinlik verildiyinin şahidi oldum. Bu ümid qapısına gələnlərdən biri də rayonun Quşencə kəndinin sakini şəhid atası Abil kişi idi. Çöhrəsindən nə qədər mülayimlik, qayğıkeşlik, elə, obaya məhəbbət hiss olunsa da, amma içində övladı Taleh üçün nə qədər qovrulduğunu, göz yaşlarını gündüzlər içinə, axşamlar isə üzünə axıtdığını sezməmək mümkün deyildi. Bu həzinliyin, göynərtinin fonunda düşmənə nifrət vardı, övladının şəhidlik zirvəsində olmasından yaranan qürur, mərdlik, vətənə məhəbbət də. Bəli, Abil kişi belə valideynlərdəndir.

-Heç bir problemim yoxdur, əksinə ömür-gün yoldaşımı kənd bağçasında işə düzəltməklə sanki ailəmizə, xüsusilə də ana fəryadına təskinlik gətirmisiniz. Bir xahişim var ki, əgər mümkünsə anası işləyən bağçaya Talehin adının verilməsinə köməklik göstərəsiniz - deyərək istəyini sıxıla-sıxıla çatdırdı.

-Taleh ondan da böyük dəyərə, hörmətə layiqdir, ay Abil qardaş, biz onun barəsində daha yaddaqalan, heç vaxt unudulmayan, əbədiləşən bir iş görmək istəyirik, bir az darıxmayın - cavabını eşidən də özündən asılı olmayaraq gözlərindən süzülməkdə olan muncuq-muncuq göz yaşlarını silə-silə, çox sağ olun - deyib salamatlaşıb ayrıldı.

Minlərlə Azərbaycan gənci kimi İsmayıllı rayonunun Quşencə kəndinin sakini Taleh Qəmbərli də ötən ilin sentyabr ayının 27-də erməni işğalçılarının Qarabağ torpaqlarından qovulub çıxarılması üçün başlanan Vətən müharibəsinə öz qəlbinin hökmü, el-obaya, Vətənə, torpağa olan sonsuz məhəbbətinin, düşmənə qarşı hədsiz nifrətinin gücü ilə könüllü getdi. İlk döyüş yolu Cəbrayıldan başlandı, Füzulidən keçdi, Azərbaycanımızın mədəniyyət beşiyi olan Şuşaya kimi getdi. Bu yolun hər saatı, hər günü unudulmaz qəhrəmanlıqla əbədiyyətə qovuşdu. Noyabrın 5-də isə Şuşa uğrunda döyüşlərin birində Talehin döyüş taleyi başa çatdı. Aldığı qəlpə yarasından dünyasını dəyişdi.

Quşencədə sadə, zəhmətkeş bir ailədə yaşayan, təsərrüfat işləri ilə məşğul olan Taleh Qəmbərli ən uca zirvədə, şəhidlik zirvəsində özünə əbədi bir ev qurdu. Elə bir ev ki, orada alovlanan məşəl heç vaxt sönməyəcək, öz gur işığı ilə Vətənimizə nur paylayacaq, bugünkü gəncliyin daha firavan sabaha gedən yoluna işıq salacaq. Atası Abil, anası Arzu, qardaşı Azər, elə bütün əzizləri, bütün quşencəlilər toyunu gözlədikləri igid balanın şəhidlik zirvəsində alovlanan, heç zaman sönməyəcək məşələnin gur işığından hədsiz qürurlanırlar. Xalqın, elin məhəbbəti, dövlətin diqqət və qayğısı ilə daha çox təskinlik tapırlar. Vətən, torpaq yolunda sinəsini sipər edib can qoydu, gözlərini əbədi yumdu, amma ruhu, qəhrəmanlığı aydın səmanın ənginliklərinə ucaldı. Ölümündən sonra Taleh "Vətən uğrunda", "Füizulinin azad olunmasına görə” və "Şuşanın azad olunmasına görə” medalları ilə təltif olundu. Yaşasaydı bu ilin oktyabrın 17-də iyirmi yeddi yaşı tamam olacaqdı.

Oktyabrın 17-də ad günündə rayon rəhbərləri, ictimaiyyət nümayəndələri, məktəbli dostları, qohumları, əzizləri  məzarı üstünə əklil qoydular, ruhuna dualar oxundu. Ən uca zirvədə, şəhidlik zirvəsində əbədiləşən Talehə onu da söylədilər ki, nigaran yatmasın, indi Qarabağ bizimdir, Qarabağ Azərbaycandır, sənin bu zirvədə alovlanan məşəlin heç vaxt sönməyəcək.

Çünki şəhidlərin özləri elə heç vaxt sönməyən məşəldir.

Rasim AMANOV,

"Respublika".