İsmayıllı: Topçu kəndində sakinlərlə görüş
Sosial həyat

İsmayıllı: Topçu kəndində sakinlərlə görüş

Rayon icra hakimiyyəti başçısı Nahid Bağırov bir qrup Topçu kənd sakini ilə görüşüb. Mövcud pandemiya qaydalarına uyğun keçirilən görüşdə kənd sakinləri dinlənilib, problemlərinin həlli istiqamətində işlərin görülməsi üçün aidiyyəti qurumlara tapşırıqlar verilib.

Rayon rəhbəri çıxış edərək bildirib ki, kənd gözəl təbiəti, bərəkətli torpaqları, mehriban insanları ilə seçilir. Topçu kəndinə turistlərin  cəlb olunması üçün geniş imkanlar mövcuddur. Bu imkanlardan istifadə edərək burada kənd turizmini inkişaf etdirə bilərik. O, həmçinin bildirib ki, bu işdə gənclərin fəallığını artırmaqla bu sahəyə dəstək olmaq və gənc ailələri kənd turizminin inkişafına cəlb etməklə onların maddi rifahına yardım göstərmək olar. Bunun üçün  bu sahədə maarifləndirmə işlərini geniş həyata keçirmək lazımdır.

RİH başçısı Topçu kəndində yeni istehsal müəssisəsinin--“Coca-Cola” zavodunun tikintisinə başlanılacağını vurğulayıb. Qeyd edib ki, məşğulluğun, eləcə də rayonun inkişafına təkan verən bir çox məqsədlərlə həyata keçiriləcək bu layihə kənddə də işsizliyin aradan qaldırılmasına səbəb olacaqdır. Layihə çərçivəsində  900 nəfərə yaxın iş yerinin açılmasının nəzərdə tutulduğunu kənd camaatının diqqətinə çatdırıb.

Kənd sakinləri ilk növbədə ölkə başçısı Prezident İlham Əliyevə və layihənin İsmayıllıda həyata keçirilməsində rolu olan hər kəsə dərin minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, 01 fevral 2021-ci il tarixdə İqtisadiyyat Nazirliyi ilə “Azərbaycan Coca-Cola Bottlers Limited” MMC arasında Azərbaycanda iqtisadi sabitliyin, əlverişli biznes mühitinin və ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsi üçün yönəlmiş siyasətin nəticəsi olaraq Anlaşma Memorandumu imzalanmışdır. Memorandumda İsmayıllı rayonunun Topçu kəndində yeni zavodun tikintisi nəzərdə tutulub.

 

Şəhid ailələri və Vətən müharibəsi iştirakçılarına medallar təqdim edilib

İsmayıllıda Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə  Dövlət Xidməti İsmayıllı rayon şöbəsinin birgə təşkilatçılığı ilə xüsusi karantin qaydalarına riayət olunmaqla “Füzulinin azad olunmasına görə” medalının təqdimetmə mərasimi keçirilib.

Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İsmayıllı rayon şöbəsinin rəisi Əfran Nəbiyev və əməkdaşları, RİH-in məsul əməkdaşları, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak edib. Öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, daha sonra Şəhidlər Xiyabanı ziyarət edilib, şəhidlərin məzarına gül dəstələri düzülüb. Mədəniyyət Mərkəzində davam edən tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Rayon icra hakimiyyətinin başçısının müavini Sevil Əhmədova tədbirdə çıxış edərək Ali Baş Komandan İlham Əliyevin orduya, şəhid ailələrinə, müharibə iştirakçılarına olan diqqət və qayğısını vurğulayıb, medalla təltif edilən iştirakçıları təbrik edib. Şəhid Vüsal Dəmirovun anası Nüşabə Dəmirova və Vətən müharibəsi qazisi Kənan Kərimli də çıxış edərək göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını  bildiriblər.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təltif edilmiş Vətən müharibəsində qəhrəmanlıqla şəhid olanların ailə üzvlərinə, müharibə iştirakçılarına, hərbi qulluqçulara, qazilərə, “Füzulinin azad olunmasına görə” medalı təqdim olunub.

 Qeyd edək ki, tədbirdə şəhid Ramil Musayevin öz adını daşıyan körpəsinə atasının  “Şücaətə görə” və “Füzulinin azad olunmasına görə”  medalları təqdim edilib. Sonda iştirakçılarla xatirə şəkli çəkilib.

Rasim AMANOV,

“Respublika”.