İsrafil Şahverdiyev
Sosial həyat

İsrafil Şahverdiyev

İsrafil Şahverdi oğlu Şahverdiyev 1952-ci il iyun ayının 11-də Laçın rayonunun Unannovu kəndində doğulmuşdur. 1959-cu ildə Unannovu kənd orta məktəbinə getmiş, 1969-cu ildə həmin məktəbi bitirmişdir. 1971-74-cü illərdə İ.Şahverdiyev ordu sıralarında olmuşdur. 1975-ci ildə Laçın Rayon Daxili İşlər Şöbəsində milis nəfəri kimi əmək fəaliyyətinə başlamışdır.

Yağı düşmən torpaqlarımıza basqın edən vaxtdan, İ.Şahverdiyev bir polis işçisi kimi əhalinin təhlükəsizliyinin təmin edilməsində fəal iştirak etmiş, fədakarlıqlar göstərmişdir. Onun şücaəti nəticəsində Qaladərəsi kəndini keçməyə cəhd edən iki erməni casusu yaxalanmışdır. Salatın Əsgərovanın qatillərinin ələ keçməsində onun böyük əməyi olmuşdur.

1991-ci ilin yazında Qaladərəsi kəndini erməni quldurlarından təmizləmək məqsədilə plan hazırlanır. Gecədən səhərə kimi davam edən ağır döyüşdə erməni yaraqlıları güclü müqavimətlə rastlaşdılar və geri çəkilməyə məcbur oldular.

İsrafil öz bölüyü ilə 1992-ci il sentyabr ayının 19-dan noyabr ayının 17-ə qədər Hocaz qayası və Hocaz kəndi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, dəfələrlə kəşfiyyata getmiş, düşmənin yerinin təyin olunmasında qəhrəmanlıq göstərmişdir.

1994-cü il yanvar ayının 6-da Horadiz qəsəbəsi azad edildikdən sonra İ.Şahverdiyevin bölüyü Füzuli rayonunun kəndlərini erməni işğalından azad etmək üçün döyüşə girir. Bölük Horadiz qəsəbəsini, eləcə də digər 4 kəndi azad edir.

İgid komandir İsrafilin son döyüşü 1994-cü il yanvar ayının 13-də olur. Bölük bir neçə istiqamətdən hücuma keçərək, düşmənin əsas qüvvəsini sarsıdır. Erməni yaraqlılarının çoxlu sayda canlı qüvvəsi və döyüş texnikası məhv edilir. Bu döyüşdə İsrafil Şahverdiyev özü də qəhrəmancasına şəhid olur.

Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, Vətən torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti borcunun şərəflə yerinə yetirilməsindəki misilsiz xidmətlərinə görə Azərbaycan Prezidentinin 15 yanvar 1995-ci il tarixli Fərmanı ilə ölümündən sonra Şahverdiyev İsrafil Şahverdi oğluna "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Ailəli idi. Milli qəhrəmanın üç övladı onun adını yaşadır.  İsrafil Şahverdiyev Bakı şəhərində, Şəhidlər xiyabanında dəfn edilib. Laçın rayon orta məktəblərindən biri Qəhrəmanın adını daşıyır.

Laçın polis taborunun komandiri olmuş polis mayoru Çingiz Abbasov, Laçın alayının qərargah rəisi olmuş polkovnik-leytenant Rafiq Nağıyev, istefada olan polis mayoru Əlövsət Qasımov İsrafil Şahverdiyevlə bağlı xatirələrində onun əsl insan, döyüşçü kimi daim Azərbaycan hərbçisi, zabiti, komandiri üçün nümunə olacaq insani keyfiyyətləri, eləcə də onun nə qədər güclü bir döyüşçü olması və bugünkü gənclər üçün böyük örnək olduğunu vurğulamışlar.

Torpaqlarımızın azad olunması uğrunda fədakarlıq göstərən və şəhid olan İsrafilin adı hər bir kəs üçün əzizdir. Bu gün İsrafilin ruhu şaddır. 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları nəticəsində Ermənistanın uzun illər işğal altında saxladığı torpaqlarımız azad olunub.

Azərbaycan xalqı və dövləti düşmən üzərində parlaq, inamlı  Qələbə qazanmaqla öz gücünü dünyaya nümayiş etdirdi. Bu möhtəşəm Qələbə xalqımız tərəfindən böyük qürur, sevinc və ruh yüksəkliyi ilə qarşılandı. Azərbaycan xalqı öz liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməklə mətinliyini, mübarizliyini göstərdi.

Yaşasaydı, 70 yaşı olacaqdı... İsrafil və onun kimi qəhrəmanlıqla döyüşən, şəhidlik zirvəsinə ucalan bütün igidlərimizin ömrü bu məmləkətdə nəsildən-nəslə insanlara ötürülən bənzərsiz bir örnək, əvəzsiz  bir  nümunə  olacaq. Mərdlik və fədakarlıq nümunəsi...

M.MİRZƏ,

"Respublika".