“İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 674-VIQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Fərman

“İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 674-VIQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 674-VIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3.9-cu (hər iki halda) və 3.10-cu bəndlərində, 4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 3-cü maddəsinin 3.9-cu bəndində (birinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi nəzərdə tutulur;

1.3. həmin Qanunun 3-cü maddəsinin 3.9-cu bəndində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya nəzərdə tutulur;

1.4. həmin Qanunun 3-cü maddəsinin 3.10-cu bəndində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi nəzərdə tutulur;

1.5. həmin Qanunun 4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi və Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya nəzərdə tutulurlar.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 674-VIQ nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

3.1. işsizlikdən sığorta fondunun 2023-cü il büdcəsinin gəlirlərinin yerinə yetirilməsi üçün tədbirlər görsün və bu barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;

3.2. büdcə təşkilatlarının 2023-cü il yanvarın 1-dək yaranmış işsizlikdən sığorta haqları üzrə borclarına dair məlumatları 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin;

3.3. “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 674-VIQ nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

4.1. işsizlikdən sığorta fondunun 2023-cü il büdcəsinin xərclərinin yerinə yetirilməsi üçün tədbirlər görsün və bu barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;

4.2. “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 674-VIQ nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və büdcədən maliyyələşən təşkilatlar büdcədənkənar vəsaitlər üzrə əvvəlki illərdə yaranmış işsizlikdən sığorta haqları üzrə borclarını 2023-cü il üçün xüsusi vəsaitlərin smetalarında nəzərə alsınlar.

6. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, şəhər və rayon icra hakimiyyətləri dövlət təşkilatlarının, o cümlədən büdcədən maliyyələşən təşkilatların işsizlikdən sığorta üzrə sığorta haqlarını vaxtında və tam ödəməsini təmin etmək üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki qurumlarla birlikdə tədbirlər görsünlər.

7. Bu Fərman 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 30 dekabr 2022-ci il