İstanbul: Dünya azərbaycanlılarının elm xadimlərinin görüşü
Diaspora

İstanbul: Dünya azərbaycanlılarının elm xadimlərinin görüşü

Türkiyə, Almaniya, Yaponiya, Rusiya, ABŞ, Kanada, Avstriya və digər ölkələr olmaqla ümumilikdə 19 dövlətdən 25 iştirakçının qatıldığı tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) birgə təşkilatçılığı ilə baş tutub.

Tədbiridə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Dünya Azərbaycanlılarının Şuşada keçirilən Zəfər Qurultayında Azərbaycan Prezidenti İlham Əliyevin xaricdə yaşayan azərbaycanlı alimlərin qüvvələrinin birləşdirilməsi ilə bağlı tövsiyəsini xatırladıb. Bildirib ki, məhz həmin tövsiyədən sonra onların görüşlərinin keçirilməsi, potensialının Azərbaycanın xeyrinə istifadə olunması yolları ilə bağlı müzakirələr aparılıb. Hazırda Azərbaycan diasporunun qarşısında vacib və tarixi vəzifələrin dayandığını qeyd edən Fuad Muradov bildirib ki, Diaspor Komitəsi olaraq biz dünyanın hər bir yerində bütün azərbaycanlıların əməkdaşlığını, həmrəyliyini daha yüksək səviyyəyə çatdırmalıyıq. Böyük hədəflər müəyyənləşdirilib. Bu tədbirdə də həmin hədəflərə aydınlıq gətiriləcək. Dünya ictimaiyyətinə Azərbaycan həqiqətlərinin, xalqımızın haqq səsinin çatdırılması, Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın öz haqları uğrunda mübarizəsinə digər ölkələrdə yaşayan həmvətənlərimiz, xüsusilə elm xadimləri öz töhfələrini verməlidirlər.

Qeyd edilib ki, bu iş heç bir dövlət qurumu və ya təşkilat tərəfindən deyil, sadəcə, alimlərin irəli sürdüyü qərarlar əsasında müəyyən edilməlidir. Elm adamları təşkilatın ümumi formalaşması, fəaliyyət istiqamətləri və bölmələri üzrə qərarlar qəbul etməlidirlər. Azərbaycan dövləti isə öz növbəsində verilən bu qərarlara dəstəyini göstərəcək. Bu işin əsas istiqaməti və məsuliyyəti də alimlərin fəaliyyətindən ibarət olmalıdır.

Ölkəmizin Zəfər Gününə həsr olunmuş videoçarxın nümayiş olunmasından sonra tədbirdə çıxış edən TADEF-in sədr müavini Pərviz Məmmədzadə, ümummilli lider Heydər Əliyevin dünya azərbaycanlıları və Azərbaycan elminə göstərdiyi diqqət və qayğıdan danışıb, hazırda bu qayğının dövlətimizin başçısı tərəfindən uğurla davam etdirildiyini deyib.

Görüş məqsədlərin konsepsiyaya uyğun olaraq nəzərdən keçirilməsi, iştirakçıların rəy və təkliflərinin dinlənilməsi ilə əsas müzakirə mövzularının və formatının müəyyənləşdirilməsi üzrə işçi qrupların formalaşması əsasında davam edib. Mövzu ilə bağlı alimlərin məruzələri dinlənilib.

Türkiyə Elmlər Akademiyası Şurasının üzvü, Sabahattin Zaim Universitetinin rektoru, prof.dr. Ahmet Cevat Acar dünyadakı türk və azərbaycanlı həkimlərin ortaq çalışmalarının əhəmiyyətindən danışıb.

Təhsildə Keyfiyyətin Təminatı Agentliyinin rəhbəri Ülkər Səttarova beynəlxalq elmi layihələrin Azərbaycana gətirilməsi və gənc alimlərin formalaşdırılması işinə bugünkü toplantının töhfə verəcəyinə əminliyini ifadə edib.

Münhendəki Helmholtz Mərkəzinin (Hesablama Biologiyası İnstitutu) professoru, Humboldt mükafatı alan ilk azərbaycanlı alim, Azərbaycanın Əməkdar elm xadimi Məsud Əfəndiyev görüşün əhəmiyyətindən danışmaqla yanaşı, Nobel mükafatı laureatı, Cənubi Kaliforniya Universitetinin Dana və Devid Dornsayf kimya kafedrasının müdiri, Amerika və İsrailin tanınmış alimi Arye Varşelin (Arieh Warshel) tədbir iştirakçılarına ünvanlanmış təbrik məktubunu oxuyub.

Kanadanın Ontario ştatının Vaterloo Universitetinin sabiq prezidenti, mexanika mühəndisliyi üzrə professor Ferudin Həmdullahpur "Sürətlə dəyişən dünyamızda Elm/sənət-cəmiyyət-iqtisadiyyat üçbucağı: ali təhsilin yeri və rolu" mövzusu üzrə təqdimatla çıxış edib.

Dünya azərbaycanlılarının elm xadimlərinin görüşünün İstanbulda keçirilməsinə toxunan Fuad Muradov: "Azərbaycan və Türkiyə qardaş dövlətlərdir. Bizim üçün tədbirin Bakıda, İstanbulda və ya Şuşada keçirilməsi eyni yanaşmadır. Tədbirin İstanbulda keçirilməsi ölkələrimiz arasındakı sıx əməkdaşlığın nümunəsidir. İsti qarşılanmaya görə hər zaman Türkiyəyə öz minnətdarlığımızı bildiririk. Xaricdəki Türklər və Qohum Topluluqlar İdarəsi ilə çox sıx əməkdaşlığımız var. Tədbirlərin qardaş ölkədə keçirilməsi ilə bağlı qərar qəbul etmişik. Onlar da öz tədbirlərini Bakıda, Şuşada keçirirlər", -deyə vurğulayıb.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.