İstanbul: Ümumvətəndaş pasportu təqdim edilib
Digər xəbərlər

İstanbul: Ümumvətəndaş pasportu təqdim edilib

1990-cı illərin əvvəllərində Türkiyəyə köç etmiş bir çox Azərbaycan vətəndaşı sənədlərinin olmadığı üçün yaşadıqları yerdə bir sıra hüquqlardan məhrum olub.  Azərbaycan vətəndaşlığını itirən və Türkiyə vətəndaşlığını da ala bilməyən bu şəxslər etibarsız kimlik sənədləriylə gəzmək məcburiyyətində qalıblar.  Onların  uşaqları da valideynləri kimi ən təbii haqq və azadlıqlardan və hətta təhsil almaq hüququndan belə  istifadə edə bilməyiblər.  Bu şəxslərin, eyni zamanda nikah qeydi, iş müqaviləsi, tibbi və hüquqi yardım almaq kimi  imkanları da olmayıb.

Bununla bağlı 2021-ci ildə Azərbaycan Respublikası Hökuməti tərəfindən tədbirlər planı təsdiq edilib. Tədbirlər planına uyğun olaraq, Türkiyə Respublikasına mühacirət etmiş və hazırda orada qeyri-qanuni yaşayan və Azərbaycan Respublikasının vətəndaşı olması ehtimal edilən şəxslərə, o cümlədən onların Türkiyə ərazisində anadan olmuş ailə üzvlərinə zəruri yardımın göstərilməsi məqsədilə bir sıra tədbirlər görülməyə başlanılıb. Məsələ üzrə aidiyyəti dövlət qurumlarının səlahiyyətli nümayəndələrindən ibarət işçi qrupu yaradılıb və Türkiyə tərəfi ilə razılaşdırmaqla nümayəndə heyəti vətəndaşlarımıza müvafiq yardımın göstərilməsi üçün bu il oktyabrın 27-dən noyabrın 7-dək, eyni zamanda noyabrın 25-dən dekabrın 7-dək İstanbul şəhərində səfərdə olublar.  İşçi qrupu üçüncü səfər çərçivəsində hazırda İstanbul şəhərində fəaliyyətini davam etdirir. 2022-ci il dekabrın 23-dək işçi qrupu tərəfindən 2075 şəxs qəbul edilib, 1817 müraciət cavablandırılıb və 1136 şəxsə ümumvətəndaş pasportu təqdim edilib.  159 nəfərin vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi üzrə sorğuları icraata yönəldilib.

İstanbul və digər şəhərlərdə  qeyri-leqal şəkildə yaşayan azərbaycanlılara  sənədlər Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda təqdim olunub. Diplomatik nümayəndəliyimizdə 354 vətəndaşımıza Azərbaycan Respublikasının ümumvətəndaş pasportu təqdim edilib.

İllərdir Türkiyənin müxtəlif şəhərlərində sənədsiz yaşayan və bu gün nəhayət pasportunu alan vətəndaşların sevinci yerə-göyə sığmayıb. Hüquqi sənədlərini alan vətəndaşlarımız illərdən bəri həllini gözləyən problemə son qoyulmasına görə dövlətimizə dərin minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Türkiyədə yaşayan azərbaycanlıların ümummvətəndaş pasportu ilə təmin edilməsi üçün işçi qrupun fəaliyyəti davam edir. Növbədə olan vətəndaşlara yaxın müddətdə sənədlər təqdim olunacaq. Müvafiq layihənin 2023-cü ildə də davam etdirilməsi nəzərdə tutulub.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.