İstanbul: Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb
Digər xəbərlər

İstanbul: Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

27 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin 30 il davam edən erməni işğalına qarşı başlatdığı, 44 gündə zəfərlə başa çatan Vətən müharibəsi nəinki vətəndaşlarımızın, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların ölkəmizin böyük siyasətinin ümdə tərkib hissəsi olan  dövlətçiliyi qorumaq, ərazi bütövlüyünü təmin etmək, milli birliyi möhkəmləndirmək işinə dönməz sadiqliyinin sınağı oldu. Vətən müharibəsində Müzəffər Ordumuzun qalib Ali Baş Komandanı, Prezident İlham Əliyevin ilk gündən qəti qələbə əzminin, mahir siyasətçi və əzmkar sərkərdəlik məharətinin, dönməz və qətiyyətli iradəsinin düşmənə və onun dünyadakı havadarlarına qarşı qalibiyyətli mübarizəmizdə həlledici rol oynadığını, ordumuza və xalqımıza necə güc verdiyini izləməkdən və görməkdən iftixar duyduq.

Müharibənin ilk günündən Ali Baş Komandanın tam qələbəyə inamlı çağırışı, zəfər ümidli müraciətləri bütün xalqımızı qəhrəmana çevirdi. Bu çağırışlar babalarımızın döyüş ruhunu və vərdişlərini dirçəltməyimizə, döyüş meydanında təsdiq etməyimizə gətirib çıxardı. Müzəffər sərkərdəmizin düşünülmüş strategiyası, siyasi iradəsi və qətiyyəti sayəsində ordu ilə xalqın sarsılmaz birliyi təmin olunaraq tarixi Qələbə qazanıldı. İndən belə çoxlu qərinələr keçəcək, illər ötəcək, tarix isə bu şanlı Qələbəni xalqımızın ən parlaq səhifəsi və zəfəri kimi heç vaxt unutmayacaqdır.  Öz tarixini bu möhtəşəm Qələbə ilə şərəfləndirən Azərbaycan xalqı bütün dünyaya yenilməz gücünü, haqqı uğrunda mübarizə aparmaq əzmini nümayiş etdirdi.

 Azərbaycanın 44 günlük Vətən müharibəsinin başlamasının birinci ildönümü və şəhidlərin Anım Günü ilə əlaqədar olaraq tək Azərbaycanda deyil, dünyanın  müxtəlif ölkələrində anım mərasimləri  təşkil olunur. Qardaş Türkiyədə də silsilə anım mərasimləri keçirilir. İstanbulun Sarıyer rayonundakı Heydər Əliyev parkında, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) təşəbbüsü və təşkilatçılığı, Sarıyer Bələdiyyəsinin dəstəyi ilə anım mərasimi keçirilib. Mərasim hər iki qardaş ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Mərasimdə Azərbaycanın İstanbuldakı baş konsulluğunun və Sarıyer Bələdiyyəsinin əməkdaşları, TADEF və qardaş ölkədə fəaliyyət göstərən digər ictimai birliklərin nümayəndələri, Türkiyədə yaşayan həmvətənlərimiz və yerli ictimaiyyətin nümayəndələri  iştirak ediblər.

Azərbaycanın İstanbuldakı baş konsulluğunun konsulu Zaur Allahverdizadə, TADEF-in sədri Ədalət Turan və başqaları mərasimdə çıxış edərək Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbənin bütün Türk dünyasının bayramı kimi qiymətləndiriblər. Bildirilib ki, bütün dünya üçün nümunə olan Qarabağ Zəfəri Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, Ordumuzun peşəkarlığı və xalqımızın sarsılmaz birliyi sayəsində əldə olundu. Bu böyük Zəfər həm də xalq-dövlət-ordu birliyinin ən gözəl nümunəsidir.

Çıxışlarda əsrlərə söykənən Türkiyə-Azərbaycan qardaşlığının əbədi davam edəcəyinə əminlik ifadə olunub.

Sonda Azərbaycanın dövlət bayrağı rənglərində şarlar havaya buraxılıb.

                   ***

 Azərbaycan Respublikası Gənclər Fondunun və Türkiyə Gənclər Fondunun (TÜGVA) birgə təşkilatçılığı ilə keçirilən mərasim çərçivəsində əvvəlcə İstanbulun tarixi Ayasofya məscidində şəhidlərin ruhuna sübh namazı qılınıb. Sonra Ayasofya məscidinin qarşısında Türkiyə gəncləri adından yerli və xarici media qurumlarına bəyanat səsləndirilib.

Bəyanatda İkinci Qarabağ müharibəsində Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi ilə qazanılan şanlı Zəfərin tarixə qızıl hərflərlə yazıldığı, qardaş Türkiyənin həmişə olduğu kimi, bu savaşda da ölkəmizin yanında yer aldığı xatırlanıb.

Bildirilib ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində Qarabağ müharibəsinin qısa zamanda Azərbaycanın Qələbəsi ilə başa çatmasının əsas səbəbkarı Prezident İlham Əliyevin qətiyyəti və sərkərdəlik qabiliyyəti olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müharibənin ilk günlərindən Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu və qardaşını heç vaxt tək qoymadığını söyləyib.

Türkiyə və Azərbaycan qardaşlığının tarix boyunca çətin sınaqlardan keçməsinin vurğulandığı bəyanatda bildirilib ki, 103 il əvvəl - 1918-ci ildə Nuru paşanın komandanlığı altında Qafqaz İslam Ordusu tərəfindən Bakının azad edilməsinin Azərbaycan tarixində mühüm yeri var. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi, Türk ordusunun Bakıya gəlişi və şəhəri erməni quldur dəstələrinin hücumlarından xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı bu çətin dövrdə türk xalqının köməyini heç vaxt unutmayacaq”.

“Bu tarixi bağın davamı kimi Azərbaycan və Türkiyə prezidentləri bir-birinə “qardaş” deyir, ay-ulduzlu bayraqlarımız bir yerdə dalğalanır. Bu isə dostlarımızda qürur, düşmənlərimizdə qorxu hissi yaradır. Vətən müharibəsində qazanılan Qələbə bölgədə güc balansının dəyişməsinə səbəb olsa da, bu, Azərbaycan ilə Türkiyə arasında yeni birlik və həmrəyliyin növbəti nümunəsi kimi tarixə düşüb. Bu birlik siyasətdən daha üstün, mənəvi birlikdir. Bu birlik tarixə qızıl hərflərlə yazılmış qardaşlıqdır. Can Azərbaycanın yanında olmaqda davam edəcəyik. Bütün dünya Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz və əbədi birlik olduğuna bir daha şahidlik etdi. Şanlı Qarabağ Zəfəri uğrunda canından, qanından keçən şəhidlərimizi hörmət və minnətdarlıqla anır, bir daha “Bir millət, iki dövlət” deyirik”, - deyə Türkiyənin Gənclik Vəqfinin bəyanatında bildirilib.

Mərasimdə çıxış edən Türkiyə Gənclər Fondunun (TÜGVA) sədri Enes Eminoğlu, Türkiyənin Vətən müharibəsinin ilk saatlarından qardaş Azərbaycana ən yüksək səviyyədə dəstək ifadə etdiyini vurğulayıb.  O deyib: “İki ay əvvəl bizə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində gözəl Qarabağa, o cümlədən valehedici Şuşa şəhərinə getmək, qədim yurdumuzu görmək qismət oldu. Qarabağ həqiqətən füsunkar təbiətə malik diyardır. Əminik ki, bu gözəl torpaqlarda bundan sonra sülh, əmin-amanlıq və bərəkət olacaq”.

Vətən müharibəsinin başlamasının birinci ildönümü münasibətilə Azərbaycandan nümayəndə heyətinin, o cümlədən qazilərin Türkiyəyə səfər etdiklərini deyən TÜGVA sədri bildirib: “Azərbaycan-Türkiyə qardaşlığı, eləcə də qardaş ölkələrimizin gənclərinin dostluğu, türk gənclərin Azərbaycana sevgisi əbədi davam edəcək. Biz bu qardaşlığın daha yüksək səviyyəyə çatdırılması üçün əlimizdən gələni edəcəyik. İki qardaş ölkənin Gənclər Fondu olaraq çox səmərəli əməkdaşlıq həyata keçiririk. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarı altında bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün səylə çalışacağıq”.

Esmira Yazkan ASLANOVA,

“Respublika”qəzetinin Türkiyə üzrə müxbiri.