İstanbulda “IDEF-2021” sərgisində Azərbaycanın müdafiə sənayesinin istehsalı olan 133 adda məmulat nümayiş etdirilir
Digər xəbərlər

İstanbulda “IDEF-2021” sərgisində Azərbaycanın müdafiə sənayesinin istehsalı olan 133 adda məmulat nümayiş etdirilir

Avqustun 17-də İstanbulda Türkiyə Respublikası Prezident Administrasiyasının himayəsi və Milli Müdafiə Nazirliyinin təşkilatçılığı ilə “IDEF-2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi keçirilir.

Müdafiə Sənayesi Nazirliyindən (MSN) AZƏRTAC-a bildiriblər ki, avqustun 20-dək davam edəcək sərgidə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir.

Dünyanın inkişaf etmiş 50-dən çox ölkəsindən 1000-dən çox qabaqcıl şirkətin qatıldığı “IDEF-2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində MSN-in müəssisələrində istehsal edilən müdafiə təyinatlı məmulatlar - snayper tüfəngləri, avtomatlar, hücum pulemyotları, qumbaraatanlar, minaatanlar, pilotsuz uçuş aparatları, müxtəlif çaplı döyüş sursatları və s. olmaqla 133 adda məmulat nümayiş olunur.

Sərgi zamanı müdafiə sənayesi naziri Mədət Quliyevin Türkiyənin dövlət və hökumət nümayəndələri, sərgidə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və aparıcı şirkətlərin təmsilçiləri ilə görüşləri də nəzərdə tutulub.

“IDEF-2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi işini avqustun 20-dək davam etdirəcək.

AZƏRTAC