İstanbulda keçirilən Qlobal Parlament Konfransında Azərbaycan həqiqətləri ilə bağlı ətraflı məlumat verilib
Diaspora

İstanbulda keçirilən Qlobal Parlament Konfransında Azərbaycan həqiqətləri ilə bağlı ətraflı məlumat verilib

Türkiyə Böyük Millət Məclisi (TBMM) və Parlamentlərarası İttifaqın (IPU) birgə təşkilatçılığı ilə iyunun 20-də İstanbulda Qlobal Parlament Konfransı işə başlayıb. Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi parlament nümayəndə heyəti qlobal konfransda Azərbaycanı təmsil edir.AZƏRTAC xəbər verir ki, "Parlamentlər, Miqrasiya və Qaçqınlar üzrə Qlobal Sazişlər: Daha güclü beynəlxalq əməkdaşlıq və milli icraya necə nail olmalı" mövzusunda keçirilən Qlobal Parlament Konfransının açılışında rəsmi şəxslər, o cümlədən Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop, Parlamentlərarası İttifaqın Prezidenti Duarte Pachecon, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayev, eləcə də IPU-ya üzv ölkələrin təmsilçiləri iştirak ediblər.

Konfransın açılışında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop və Parlamentlərarası İttifaqın Prezidenti Duarte Pacheconun çıxışlarından sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videomüraciətlə tədbirin işinə qatılıb.

Prezident Rəcəb Tayyib Ərdoğan müraciətində diqqətə çatdırıb ki, Türkiyə son 7 ildə dünyada ən çox qaçqına ev sahibliyi edən ölkədir. "Ümid edirəm ki, tariximizin, mədəniyyətimizin, inancımızın bizə qoyduğu bu vəzifəni bundan sonra da layiqincə yerinə yetirəcəyik. İkinci Dünya müharibəsindən sonra ən böyük insan axınının yaşandığı bu gün heç kim öz məsuliyyətindən qaça bilməz", - deyə Türkiyə Prezidenti vurğulayıb.

Türkiyə parlamentinin sədri Mustafa Şəntop isə çıxışında deyib: "Biz dünyanın harasında olurlarsa olsunlar, insan ləyaqəti üçün, məzlumların dərmanı olmaq üçün əlimizdən gələni etməyə davam edəcəyik. Biz qlobal miqrasiya problemi və immiqrantların problemləri üçün həll strategiyaları istiqamətində səy göstərməyə davam edəcəyik".

Çıxışlarda bütün dünyanı təhdid edən məcburi miqrasiya insan haqlarının, hüquq və azadların pozulması kimi dəyərləndirilib. Bildirilib ki, müharibələr, münaqişələr və digər səbəblərdən tüğyan edən qaçqınlıq, məcburi miqrasiya ailələrin məhvinə, kütləvi ölümlərə, işsizliyə və aclıq kimi böyük fəlakətə səbəb olur.

Diqqətə çatdırılıb ki, beynəlxalq ictimaiyyət miqrasiya məsələlərinin arxasında dayanan problemlərə qarşı açıq şəkildə çıxmağa cəsarət etmədikcə bu məsələlər qarşısıalınmaz prosesə çevrilir.

Açılış mərasimindən sonra miqrasiya və qaçqınlara həsr edilmiş sərginin açılışı olub.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop, Milli Məclisin sədri Sahibə Qafarova, Parlamentlərarası İttifaqın Prezidenti Duarte Pachecon və digər iştirakçılar sərginin açılışında iştirak ediblər.

Sərgidə keçmiş Qarabağ münaqişəsinin acılarını, eləcə də Xocalı soyqırımının dəhşətlərini əks etdirən orijinal fotolar nümayiş olunub.

Milli Məclisin sədri Sahibə Qafarova "Beynəlxalq idarəetmə standartları, qlobal sazişlər və qlobal siyasətlərin gündəlikləri: Məqsədlər, öhdəliklər, tərəqqi və həyata keçirilməsi üçün maneələr" mövzusunda çıxış edib. Tədbirin çox mühüm bir mövzuya həsr olunduğunu deyən sədr qeyd edib ki, Türkiyənin konfransa ev sahibi kimi seçilməsi xüsusilə vacibdir. Çünki Türkiyə son illərdə miqrasiya proseslərinin idarə olunmasında əhəmiyyətli rol oynayır. O, ümidvar olduğunu bildirib ki, bu çərçivədə aparılacaq diskussiyalar dövrümüzün mühüm problemi olan miqrasiya və qaçqınlar məsələsinin həlli üçün faydalı olacaq.

Milli Məclisin sədri qeyd edib ki, miqrasiya proseslərinin idarə olunması müasir dünyada bir çox ölkələr üçün ən vacib məsələlərdən biridir. Miqrasiya həm də bir çox fayda verə bilən və imkanlar yaradan proses kimi qiymətləndirilir. Bu, cəmiyyətin inkişafı və sosial cəhətdən yeniləşməsi üçün vacib resurs kimi səciyyələndirilir.

Lakin son 20 ildə dünyada siyasi qeyri-sabitlik, sosial ədalətsizlik, mürəkkəb iqtisadi və ekoloji şərait, eləcə də silahlı münaqişələr vəziyyəti mürəkkəbləşdirib. Bu isə öz növbəsində miqrasiya anlayışına münasibətdə dəyişikliyə səbəb olub. Bir sıra hallarda multikulturalizm ideyasından imtina da bu prosesə ciddi təsir göstərib. Təəssüf ki, son 2 ildə "COVID-19" qlobal pandemiyası miqrasiyanı çətinləşdirən başqa bir amil halına gəlib.

Milli Məclis sədrinin sözlərinə görə, bu gün dünyada miqrantlar və qaçqınlarla bağlı, həmçinin bu prosesin idarə edilməsinə dair bir çox debatlar təşkil olunur, müxtəlif baxışlar təklif edilir. Təəssüf ki, hazırda miqrant və qaçqın konsepsiyaları arasındakı fərqlər getdikcə daha çox silinir. Bu isə müxtəlif ziddiyyətlərə gətirib çıxarır. Miqrantların və qaçqınların cəmiyyətə və iqtisadiyyata daha səmərəli inteqrasiyasını təmin etmək, həmçinin onların ləyaqətli, təhlükəsiz şəkildə doğma ölkələrinə qaytarılması məsələləri hələ də həllini gözləyən məsələlər sırasındadır.

Sədr Sahibə Qafarova çıxışında diqqəti, həmçinin miqrantların və qaçqınların qəbulu və yerləşdirilməsinə, onlara dəstək verilməsinə çəkib. Onun sözlərinə görə, bu məsələlərin həllində məsuliyyəti bölüşmək vacibdir. Milli Məclisin sədri bu kontekstdə Türkiyənin miqrasiya proseslərinin idarə edilməsinə öz töhfəsini verən ölkələr sırasında rolunu vurğulayıb. Qeyd edilib ki, son 10 ildə Türkiyə 4 milyondan artıq miqranta ev sahibliyi edib. Bu, sadəcə, Türkiyənin iqtisadi və sosial inkişafının nəticəsi deyil, eyni zamanda, Türkiyə cəmiyyətinin yüksək mənəvi keyfiyyətlərinin göstəricisidir. Qeyd olunub ki, Türkiyənin səyləri layiqincə qiymətləndirilməli və bu məsələdə beynəlxalq birlik tərəfindən dəstəklənməlidir.

Sədr vurğulayıb ki, müvafiq qlobal sazişlər dövlətlərə miqrantların və qaçqınların hüquqlarının qorunması üçün razılaşdırılmış addımlar atmağa, əməkdaşlığa və beynəlxalq hüquqa uyğun davranmağa çağırışdır. Onlar ayrı-ayrılıqda heç bir dövlətin bu çağırışa təkbaşına cavab verə bilməyəcəyini sübut edir və bir daha qüvvələrin birləşdirilməsinin vacibliyini göstərir.

Prosesin təşkilində parlamentlərin rolundan bəhs edən Milli Məclisin sədri qeyd edib ki, bu məsələdə qanunverici orqanlar milli hökumətlərə belə işlərin daha da yaxşı təşkil edilməsi üçün kömək edə bilər. Bütün maraqlı tərəflərlə müntəzəm müzakirələr, razılaşmalara uyğun olaraq, miqrasiya qanunvericiliyini təkmilləşdirmək bu baxımdan əhəmiyyətli ola bilər.

Çıxışında Azərbaycanın bu sahədə təcrübəsi və gördüyü işlər haqqında məlumat verən Sahibə Qafarova deyib ki, miqrasiya proseslərinin beynəlxalq normalara və milli qanunvericiliyə uyğun idarə edilməsi, həmçinin miqrantların hüquqlarının qorunması ölkəmizin miqrasiya siyasətinin əsas prioritetləridir. Şərqlə Qərbin geosiyasi baxımdan mühüm kəsişməsində yerləşən Azərbaycan hər zaman dinamik miqrasiya məkanı olub. Sürətli sosial-iqtisadi inkişaf, xarici investisiyalar və beynəlxalq enerji, nəqliyyat və digər layihələrin reallaşdırılması nəticəsində Azərbaycan miqrant mənbəyi olan ölkədən tranzit ölkəyə, həmçinin miqrantlar üçün təyinat nöqtəsinə çevrilib. Ölkəmizdə yüksək tolerantlıq mühitinin mövcud olması miqrasiya prosesinə təsir edən daha bir mühüm amildir. Azərbaycan miqrasiya və qaçqınlar haqqında hər iki qlobal Sazişə qoşulan ilk ölkələrdən biridir və onların icrası üçün müxtəlif tədbirlər görüb. O cümlədən qaçqınların icbari tibbi sığortasının tətbiqi, qanuni əmək hüquqlarının təmin edilməsi və ali təhsil müəssisələrində təhsil alan qaçqınların təhsil xərclərinin ödənilməsi məqsədi ilə müvafiq tədbirlər uğurla həyata keçirilib.

Azərbaycan regionda BMT-nin Miqrasiya Şəbəkəsini milli səviyyədə ilk dəfə yaratmış ölkədir. Bu, 2020-ci ilin iyul ayında həyata keçirilib. Azərbaycan, həmçinin 2020-ci ilin sentyabrında BMT-nin Miqrasiya Şəbəkəsinin himayəsi altında fəaliyyətə başlayan "Çempion ölkələr" təşəbbüsünə də qoşulub. Bundan başqa, ölkəmiz 2020-ci ildə Qlobal Miqrasiya Sazişinin həyata keçirilməsinə dair könüllü milli hesabat təqdim edib və 2022-ci ilin mart ayında hesabatı yeniləyib.

Ötən ay ölkəmiz miqrasiya üzrə birinci Beynəlxalq İcmal Forumunda 33 "Çempion ölkə"dən biri kimi iştirak edib. Azərbaycan, həmçinin forum çərçivəsində dörd dəyirmi masaya sədrlik edən 8 ölkədən biridir. Azərbaycanın əməkdaşlığın və mütəşəkkil miqrasiyanın təşviqinə sadiqliyinin daha bir vacib və aydın təzahürü Beynəlxalq Miqrasiya Təşkilatının Regional Miqrasiya Tədris Mərkəzinin təsis edilməsidir.

Milli Məclisin sədri çıxışında Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində əldə etdiyi Zəfər barədə də məlumat verib. O deyib ki, Azərbaycan bu Qələbə sayəsində öz ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoyub. Bu 30 ildə bir milyona yaxın Azərbaycan vətəndaşı öz evindən didərgin düşüb. İşğalın ağır sosial və iqtisadi yüklərinə baxmayaraq, dövlətimiz qaçqın və məcburi köçkünlərin bütün ehtiyaclarını ödəmək üçün lazımi tədbirləri həyata keçirib.

Sahibə Qafarova bildirib ki, işğal olunmuş torpaqların azad edilməsi regionda yeni reallıqlar və imkanlar yaradıb. Bu Qələbə sayəsində, həmçinin məcburi köçkünlərin öz Vətəninə - Qarabağa qayıtmaq hüququ təmin olunub. Ona görə də Azərbaycan dinamik daxili miqrasiya proseslərinin astanasındadır. Eyni zamanda, bu torpaqlarda görülən bərpa-yenidənqurma işləri, eləcə də bu regionların ölkəmizin iqtisadiyyatına reinteqrasiyası üçün görülən tədbirlər Qarabağ və Şərqi Zəngəzuru turizm, investisiya və yeni işgüzar müəssisələrin yaradılması üçün cəlbedici edəcək. Bu da öz növbəsində miqrasiya idarəçiliyinə yeni yanaşmaların tətbiqinə gətirib çıxaracaq, həm Azərbaycanda, həm də regionda miqrasiya proseslərində yeni dinamika yaradacaq.

Qlobal Parlament Konfransının birinci günü müzakirələrin sonunda Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop və Parlamentlərarası İttifaqın prezidenti Duarte Pachecon birgə brifinq keçiriblər.

Qlobal Parlament Konfransının məqsəd və vəzifələrini ümumdünya insan haqları və hüquq bərabərliyinin qorunması aspektindən dəyərləndirən tərəflər əminliklə ifadə ediblər ki, qaçqın və miqrasiya problemləri ilə bağlı parlamentarilərin fikir və mülahizələri, edilən çağırışlar dünya ictimaiyyəti tərəfindən diqqətlə qalşılanacaq. Ümumilikdə 54 ölkədən parlamentarilərin bu konfransa qatılması dünya ictimaiyyətinin qaçqın və miqrasiya probleminə göstərdiyi ciddi yanaşma kimi dəyərləndirilib.

Altı sessiyadan ibarət konfrans iyunun 21-də işini davam etdirəcək.

Böyük Millət Məclisinin sədri Mustafa Şəntop konfransın bağlanışında yekun çıxışını edəcək.

Azərbaycanı təmsil edən parlament nümayəndə heyətinə Milli Məclisin Səhiyyə komitəsinin sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və digər rəsmi şəxslər daxildirlər.

Qeyd edək ki, 1889-cu ildə parlament diplomatiyası və dialoq vasitəsilə sülhün təşviqinə həsr olunmuş kiçik bir parlamentari qrupu kimi fəaliyyətə başlayan IPU o vaxtdan bəri milli parlamentlərin qlobal təşkilatına çevrilib. Hazırda 178 parlamenti, 14 assosiativ üzvü özündə birləşdirən təşkilat demokratik idarəçiliyi, institutları, dəyərləri təbliğ etməklə xalqların ehtiyac və istəklərini ifadə edən parlamentlər və parlamentarilərlə sıx əməkdaşlıq edir.

AZƏRTAC