İstanbulda Ümummilli Liderin əziz xatirəsi ehtiramla yad edilib
Diaspora

İstanbulda Ümummilli Liderin əziz xatirəsi ehtiramla yad edilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə İstanbulun Sarıyer rayonundakı Heydər Əliyev Parkında, ulu öndərin abidəsi ziyarət olunub və xatirəsi böyük ehtiramla yad edilib. Tədbir Azərbaycanın İstanbuldakı Baş konsulluğunun təşkilatçılığı ilə keçirilib.

Mərasimdə Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva, Türkiyə Xarici İşlər Nazirliyinin İstanbul Təmsilçiliyinin rəhbəri səfir Ayşe Usluer, Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı Şamil Ayrım, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasının Baş katibi Asəf Hacıyev, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) və "Azərbaycan Hava Yolları"nın əməkdaşları, eləcə də konsulluğun və Türkiyədə fəaliyyət göstərən Azərbaycanın dövlət idarələrinin əməkdaşları, diplomatlar, rəsmi şəxslər, ziyalılar, KİV və QHT nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Baş konsul Nərminə Mustafayeva Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolundan bəhs edib: "Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra xalqımız ulu öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdi və bundan sonra suveren Azərbaycan yarandı. Ümummilli lider ölkəmizin müstəqilliyini hər şeydən üstün tuturdu. Xalqa olan sevgisi isə qarşılıqlı idi. Azərbaycan xalqı bilirdi ki, dövlətinin ən çətin anında ulu öndər onun köməyinə gələcək. Ümummilli liderin siyasətini uğurla davam etdirən, xalqının, dövlətinin qüdrətlənməsi yolunda böyük uğurlara imza atan Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi ilə işğal altında olan torpaqlarımızı bizə qaytardı", - deyib Nərminə Mustafayeva. Bu gün Azərbaycan ulu öndərin qoyduğu irs əsasında hərtərəfli inkişaf edir, beynəlxalq aləmin layiqli üzvüdür və ölkəmizin dünyada artan nüfuzu göz önündədir.

Mərasimdə çıxış edən Türkiyə Xarici İşlər Nazirliyinin İstanbul Təmsilçiliyinin rəhbəri səfir Ayşe Usluer ümummilli liderin Türkiyə-Azərbaycan münasibətlərinə töhfəsindən danışıb, Heydər Əliyevin bütün Türk dünyası üçün böyük lider olduğunu vurğulayıb.

Türkiyə Böyük Millət Məclisinin deputatı Şamil Ayrım, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında fədakar xidmətlərindən, Azərbaycan-Türkiyə dostluq və qardaşlığının tarixi köklərindən və hazırda Türkiyə ilə strateji müttəfiqlik sayəsində regionda sülhün, təhlükəsizliyin təmin olunmasından bəhs edib: "Düşünürəm ki, Heydər Əliyev kimi uzaqgörən siyasi xadim məhz bu günlərin gələcəyini hesablaya bilib. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, Şuşa Bəyannaməsinin imzalanması, azad olunan torpaqlarda yenidənqurma işləri və tarixi ədalətin bərpa edilməsi ilə ümummilli liderin də ruhu şaddır".

Daha sonra tədbir iştirakçıları Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün bu ərazidəki büstünü ziyarət edərək önünə gül dəstələri düzüblər.

Onu da qeyd edək ki, Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş konsulluğunun təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ümummilli lider Heydər Əliyevin şəkli İstanbulun tarixi Qalata qülləsinə proyeksiya olunub.

 Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.