İstehsalçı-tranzit-istehlakçı ölkələr arasında balans yaradılır
Siyasət

İstehsalçı-tranzit-istehlakçı ölkələr arasında balans yaradılır

"Biz aydın görməyə başlamışıq ki, burada balansa ehtiyac var, – biz əlbəttə, enerji layihələrindən başladıq, – istehsalçı, tranzit ölkəsi və istehlakçı arasında balans. Biz hamı üçün uduşlu vəziyyət yaratmağa müvəffəq olduq və maraqların balansı təmin edildi". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən "Avrasiya Orta Dəhlizi: Yoldan magistrala" mövzusunda panel iclasında bildirib.

Tarixi İpək Yolunun keçdiyi Azərbaycanın yerləşdiyi ərazi bütün dövrlərdə Avropa və Asiyanı, hətta ən uzaq dövlətləri belə birləşdirən, strateji ticari-iqtisadi dəhlizlərin qovuşduğu məkanlardan biri kimi tanınıb. Müasir şəraitdə ölkələr arasında əlaqələrin məzmunu yeni keyfiyyət dəyişikliyinə məruz qalsa da, regional nəqliyyat dəhlizləri ümumdünya kommunikasiya sistemində çəkisini və mövqeyini qoruyub saxlayır. Qloballaşan dünyanın yeni geoiqtisadi çağırışları kontekstində ölkəmizin bu sahədə rolu artır. Azərbaycanın əlverişli coğrafi mövqeyi, həyata keçirilən irimiqyaslı layihələr ölkəmizin tranzit və yükdaşıma potensialından daha səmərəli istifadə etməsinə imkan yaradır.

Son illərdə gerçəkləşdirilən beynəlxalq layihələr ölkəmizin regionun logistika məkanında liderlik mövqeyini möhkəmləndirir, onun beynəlxalq tranzit ölkə kimi nüfuzu və əhəmiyyəti durmadan artır.

Azərbaycanın nəqliyyat strukturunda Ələt Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi mühüm yer tutur və kompleks tam istifadəyə verildikdən sonra bu logistik mərkəz regionun avtomobil, dəmir və dəniz yollarının kəsişmə nöqtəsinə çevriləcək. Bu liman Çindən tutmuş Mərkəzi Asiya və Avropayadək tranzit daşımalara yeni məzmun və dinamizm verəcəkdir. Bundan əlavə, limanın ətrafında təşkil olunacaq azad ticarət zonası daha çox yükdaşımaların həyata keçirilməsinə əlverişli şərait yaradacaq.

Ölkəmizin regional nəqliyyat dəhlizinə çevrilməsində Bakı-Tbilisi-Qars dəmir yolunun önəmi daha yüksəkdir. Respublikamızın açıq dənizə çıxışı olmasa da, hazırda ölkəmiz geniş Avrasiya məkanında mühüm nəqliyyat-logistika habına çevrilməkdədir. Əlbəttə, burada dövlətin siyasi iradəsi, həyata keçirilən siyasət böyük önəm daşıyır. Əslində, ayrılıqda hər hansı ölkə tranzit daşımalarında zəncirin yalnız bir həlqəsidir və onun hansısa uğura imza atması absurddur. Söhbət tranzit daşımalarından gedirsə, burada qonşu ölkələrin əməkdaşlığı, bir-birilə xoş münasibətləri önə çıxır. Bunu ölkəmizin timsalında da aydın şəkildə görmək mümkündür.

Coğrafi mövqe öz yerində, Azərbaycanın Ermənistan istisna olmaqla, bütün region dövlətləri ilə xoş mərama əsaslanan münasibətlər qurması ölkəmizin tranzit daşımaları sahəsində uğurlar qazanmasını şərtləndirən çox mühüm amillərdən biri qismində çıxış edir. Eyni zamanda, möhkəm qanunvericilik bazası, quru və su sərhədlərinə malik olması, qonşu dövlətlərlə uyğunlaşdırılmış optimal qiymət siyasəti kimi amillər də Azərbaycanın tranzit ölkəsi kimi cəlbediciliyini artırır.

2022-ci il iyunun 26-da Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət başçılarının VI Zirvə Toplantısında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətlərinin, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın Xəzər dənizində sabitliyin və təhlükəsizliyin təmin olunması üçün mühüm amil olduğunu qeyd etmişdir.

Xəzər dənizi region xalqlarının rifahının yüksəldilməsi, bir çox beynəlxalq və regional layihələrin həyata keçirilməsi üçün səmərəli nəqliyyat infrastrukturlarına malikdir. Bu gün Azərbaycan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır. Şərq-Qərb və Şimal-Cənub marşrutları ilə Azərbaycan ərazisindən keçən yükdaşımaları hər il artmaqdadır. Prezident İlham Əliyevin müəllifi olduğu böyük iqtisadi əhəmiyyətə malik bu limanın istifadəyə verilməsi Xəzər dənizində logistika infrastrukturuna Azərbaycanın böyük töhfəsidir.

Ən son texnologiyalar əsasında inşa olunan Bakı Beynəlxalq Ticarət Limanının yükaşırma qabiliyyəti ildə 15 milyon tona bərabərdir. Dünyanın ən iri layihəsindən biri sayılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun tikintisi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilib. Artıq altı ilə yaxındır istifadəyə verilən BTQ qitələrarası daşımalar üçün geniş imkanlar açıb. Çin ilə Avropa ölkələri arasında ən qısa marşrut olan bu dəmir yolunun yaratdığı əlverişli şərait bir çox, xüsusilə Şərq ölkələrinin diqqətini cəlb edir. Bu dəmir yolu xətti Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox azaltmağa imkan verir. Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.

BTQ-nin əsas missiyası yalnız Asiya ilə Avropa arasında yükdaşımaları həyata keçirmək deyil. Eyni zamanda Şimaldan və Cənubdan gələn yüklərin Asiya və Avropaya daşınmasını təmin etmək də bu dəmir yolu xəttinin əhəmiyyətini bir daha göstərir. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi iqtisadi cəhətdən ən optimal marşrutdur. Marşrutun yük bazası Hindistan və Körfəz ölkələri, Rusiya, Skandinaviya bölgəsi və Şimali Avropa ölkələri ilə ticarət əsasında qurulur.

Qlobal miqyasda Azərbaycanla Gürcüstan və Türkiyə arasında ikitərəfli və üçtərəfli əməkdaşlıq formatı mövcuddur və bu əlaqələr də müsbət nəticələr verməkdədir. Burada ölkəmizdə bərqərar olan uzunmüddətli daxili sabitliyin önəmini də xüsusi qeyd etmək lazımdır. Azərbaycanda daxili qarşıdurmalar, terror təhlükəsi, narkoticarət marşrutu yoxdur və s. Ölkədəki mültikultural mühit milli zəmində ziddiyyətlərin yaranmasını istisna edir. Bütün bu amillər də ölkələrin və transmilli şirkətlərin öz yüklərini Azərbaycan üzərindən daşımasına imkan yaradır. Bir sözlə, son 20 ildə bütün ölkə üzrə yaradılan müasir yol-nəqliyyat infrastrukturu Azərbaycanın qısa müddətdə Avrasiyanın mühüm tranzit habına çevrilməsini şərtləndirən ən əsas faktorlardan biridir. Azərbaycan həm də istehsalçı-tranzit-istehlakçı arasında balans yaradan qüvvədir.

Zümrüd QURBANQIZI,

"Respublika".