İSTİQLALIMIZIN VƏ DÖVLƏTÇİLİYİMİZİN XİLAS GÜNÜ
SİYASƏT

İSTİQLALIMIZIN VƏ DÖVLƏTÇİLİYİMİZİN XİLAS GÜNÜ

1994-cü il oktyabrın 4-də də öz antimilli xislətlərini gizlədə bilməyən qiyamçılar dövlət çevrilişinəcəhd göstərdilər

1993-cü ildə xalqın təkidli xahişi ilə ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı. Ümummilli liderimiz real təhlükə qarşısında olan Azərbaycanı bir sıra xarici dövlətlərin, həmçinin bəzi yerli qüvvələrin maliyyə dəstəyi, diktəsi ilə hazırlanmış qəsdlərdən qorudu. Məhz ulu öndərin sayəsində ölkəmiz dövlət müstəqilliyini qoruyub saxlaya bildi.

Belə qəsdlərdən biri də 1994-cü ilin oktyabrında baş vermişdir. Həmin günlərdə ölkəmizdə silahlı dövlət çevrilişinə cəhd göstərilmişdi. Belə ki, oktyabrın 4-də Gəncədə Surət Hüseynovun tərəfdarlarından ibarət 300-ə yaxın silahlı şəhər icra hakimiyyətinin binasını və başqa strateji obyektləri ələ keçirmişdi. Eyni zamanda, Bakıda iki hərbi hissənin əsgərləri silahlarını Prezident Sarayı, Ali Sovet və Müdafiə Nazirliyi binalarına tuşlayıb əmrə hazır vəziyyətdə dayanmışdılar.

Ulu öndər həmişə olduğu kimi, bu hadisələrdə də xalqın köməyinə arxalandı. "Birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram", - deyən ümummilli lider müstəqil dövlətimizi müdafiə etmək məqsədilə radio və televiziya ilə xalqa birbaşa müraciət etdi. Müraciətində Azərbaycan Prezidenti Heydər Əliyev xalqı Prezident Aparatının qarşısına dəvət edərək dövlətçiliyimizi, suverenliyimizi qorumaq üçün birliyə, həmrəyliyə çağırdı. Gecə saatları olmasına baxmayaraq, xalq həmin an onun səsinə səs verdi və oktyabrın 4-dən 5-nə keçən gecə yüz minlərlə paytaxt, eləcə də digər şəhərlərin, rayonların sakinləri Prezident Sarayı qarşısına toplaşdı. Xalqın ulu öndərin ətrafında mütəşəkkil bir formada toplaşdığını, daha doğrusu, "Xalq-Heydər Əliyev, Heydər Əliyev-Xalq" birliyinin parlaq təcəssümünü görən dövlət çevrilişi cəhdinin təşkilatçıları öz çirkin niyyətlərindən əl çəkdilər.

Oktyabrın 5-də Azadlıq meydanında bir milyona qədər insanın iştirakı ilə keçirilən izdihamlı ümumrespublika mitinqi isə xalqla ulu öndərin həmrəyliyinin sarsılmazlığını bir daha göstərdi. Bunu həm də Azərbaycan Prezidentinə xalqın hörmətinin, ehtiramının, sədaqətinin nümayişi kimi də xarakterizə etmək olar. Beləliklə, xalqa söykənən ulu öndər bircə güllə belə atılmadan qiyam və dövlət çevrilişi yolu ilə hakimiyyətə gəlmək istəyənlərin cəhdlərinin qarşısını öz müdrik siyasəti ilə almağa nail oldu. Ümummilli liderin dövlətçiliyi müdafiə etmək məqsədilə atdığı addımlar, onun bu istiqamətdəki qətiyyəti dünyanın bir sıra ölkələrində də təqdir edildi.

10 iyun 1999-cu ildə keçirilmiş Təhlükəsizlik Şurasının iclasında ulu öndər o günlərdən söz açarkən demişdir: "Bəli, 1994-cü ilin oktyabrında burada hakimiyyəti silah gücü ilə, qanunsuz olaraq devirməyə çalışmışdılar. O vaxt da xalq bizi müdafiə etdi. Xalqın gücü qarşısında heç kəs dura bilməzdi. Bəziləri həmin o gecələr çox narahat idi, amma mən arxayın idim. Mən heç vaxt narahat deyildim. Arxayın idim ki, son məqamda mənim ən böyük silahım vardır. O silah da xalqın mənə, Azərbaycan Prezidentinə olan münasibətidir. Bunu da sübut etməyə ehtiyac yoxdur, artıq göründü". Ulu öndər həmçinin bildirmişdir ki, məhz buna görə də biz 1994-cü ilin oktyabr hadisələrindən xilas ola bildik.

Sonrakı araşdırmalar göstərmişdir ki, 1994-cü ilin oktyabr hadisələri təkcə oktyabrın 4-də başlanmamışdı. Belə ki, 1994-cü ilin oktyabr hadisələri həmin il sentyabrın 20-də dünyanın hegemon dövlətlərinin iştirakı ilə müasir Azərbaycanın tarixində və taleyində mühüm rol oynayan ilk böyük neft müqaviləsini - "Əsrin müqaviləsi"ni imzalayandan sonra, yəni sentyabrın 21-də başlanmışdı. Belə ki, həmin gün Milli Təhlükəsizlik Nazirliyinin həbsxanasından 4 qatı cinayətkarı satqınlıq nəticəsində qaçıra bilmişdilər. Sentyabrın 29-da iki terror aktı olmuşdu: Milli Məclis sədrinin müavini Afiyəddin Cəlilov və Xüsusi İdarənin rəisi, polkovnik Şəmsi Rəhimov qətlə yetirilmişdilər. Oktyabrın 2-də Azərbaycan Prokurorluğu bir qrup cinayətkar tərəfindən zəbt edilmişdi. Bunun davamı olaraq oktyabrın 4-də Surət Hüseynovun rəhbərliyi ilə silahlı çevrilişə cəhd göstərilmişdi.

Yəni bütün bunlar bir daha sübut etmişdir ki, 1994-cü ilin oktyabrındakı hadisələr çox-çox əvvəl hazırlanmış və bu, ilk növbədə, Azərbaycanın müstəqilliyinə, o cümlədən ümummilli lider Heydər Əliyevə qarşı yönəlmişdi. Çünki istər xaricdə, istər də daxildə olan bəzi qüvvələr ulu öndərin Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi uğurlu islahatları həzm edə bilmirdilər. Odur ki, onlar ölkəmizdə aranı qarışdırmaq üçün fürsət gözləyirdilər. Amma ulu öndərin nüfuzu, cəsarəti, siyasəti imkan vermədi ki, kimlərsə hakimiyyəti qanunsuz yollarla zəbt etsin. Beləliklə, onların sonrakı niyyətləri də puça çıxmışdır.

Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra dövlət çevrilişlərinə cəhdlər edilsə də, onların qarşısı siyasi rasionallıqla zamanında atılmış addımlar və görülmüş tədbirlər sayəsində alındı. Digər tərəfdən, əgər 1991-1993-cü illər ərəfəsində edilmiş çevriliş cəhdləri hakimiyyət boşluğu və böhranından, ölkəyə rəhbərlik edən şəxslərin siyasi irrasionallığından qaynaqlanırdısa, 1993-cü ildən sonrakı cəhdlər ümummilli lider Heydər Əliyevin siyasi sabitliyi və ümummilli bütövlüyü təmin etmək üçün gördüyü tədbirlərə əks reaksiya idi. Başqa sözlə, ulu öndərin sistematik tədbirlər planının fonunda məlum çevriliş cəhdlərinin arxasında və əsasında duran dağıdıcı daxili və xarici qüvvələr ölkəmizdə siyasi sabitliyin təmin edilməsinə yönəlik strateji tədbirlərin qarşısını almağa və ölkədə yenidən anarxiya mühiti yaratmağa çalışırdılar. Amma ölkədəki situasiya əvvəlki kimi deyildi. Ulu öndər Heydər Əliyevin sürətli strateji tədbirlər planı və milli siyasəti sayəsində bölücü faktorların neytrallaşdırılmasına və ictimai-siyasi müstəvidə siyasi sabitliyin təmin olunmasına nail olundu. 3-4 oktyabr 1994-cü il hadisələrinin müvafiq profilaktik tədbirlərin görülməsi sayəsində qarşısının alınmasından sonra ölkəmiz çevriliş cəhdlərinin son halqası olan 16 mart 1995-ci il hadisələri ilə qarşı-qarşıya qaldı. Bu qiyam, əslində, 3-4 oktyabr hadisələrinin məntiqi davamı idi. Çünki hər iki akt eyni bir mərkəzdən idarə olunur və analoji məqsədlərə xidmət edirdi. Son məqsəd isə 70 illik fasilədən sonra öz müstəqilliyini yenidən bərpa etmiş Azərbaycanı müxtəlif qüvvələrin iştirakı ilə parçalamaq idi.

Amma "Biz Azərbaycanı bu vəziyyətdən çıxarmağa qadirik, çıxarmalıyıq və çıxaracağıq", - deyən ulu öndər Heydər Əliyevin realist təfəkkürün fonunda etdiyi ardıcıl strateji və taktiki həmlələr sayəsində bölücü aktlar neytrallaşdırıldı və ölkə daxilindəki antaqonist qüvvələr arasında ümumi konsensusa nail olunmaqla siyasi sabitlik bərpa edildi. Bütün bu prosesləri və olayları rasional və praqmatik təfəkkürün fonunda dəyərləndirən ulu öndər Heydər Əliyev deyirdi: "Azərbaycan heç bir ölkənin təsiri altına düşməyəcəkdir. Azərbaycan öz müstəqilliyini qoruyacaqdır. Bu da bir Prezident kimi mənim siyasətimin əsas ana xəttidir. Bunun üçün də hamı bir yolla getməlidir. Burada başqa bir yol yoxdur. Burada başqa yolla gedən adam, demək, məqsəd daşıyır. O məqsədlərə bu gün Azərbaycanda yer yoxdur".

Emin QASIMOV,

"Respublika".