İsveçrə Senatının sabiq sədri: Heydər Əliyevin beynəlxalq aləmə açıq olması bizim üçün əsl Qərb demokratiyası idi
MÜSAHİBƏLƏR

İsveçrə Senatının sabiq sədri: Heydər Əliyevin beynəlxalq aləmə açıq olması bizim üçün əsl Qərb demokratiyası idi

Heydər Əliyev hələ sovet dövründə beynəlxalq aləmə açıq bir şəxsiyyət idi. Bu, biz qərblilər üçün əsl Qərb demokratiyası idi. Heydər Əliyevin sayəsində Qərbi Avropa ölkələrinin nümayəndə heyətlərinin 1985-ci ildə Moskva Beynəlxalq Gənclər Festivalında iştirakına dair razılıq əldə olundu.

Bu sözləri İsveçrə Konfederasiyası Senatının sabiq sədri, politoloq Filippo Lombardi AZƏRTAC-a müsahibəsində deyib.

Ulu Öndərlə bağlı xoş xatirələrini bölüşən F.Lombardi qeyd edib: "Heydər Əliyev fenomenal siyasi xadim idi. Onunla gənclik illərində görüşmüşəm. 1985-ci ildə Moskva Beynəlxalq Gənclər Festivalına hazırlıq komitəsinin üzvü idim. Siyasi Büronun üzvü Heydər Əliyev isə festivalın Əməliyyat Komitəsinə rəhbərlik edirdi. Onunla görüşümdən xoş təəssüratlarım var. Belə dahi şəxsiyyətin arzularımızı, istəklərimizi diqqətlə dinləməsi biz gənclər üçün fəxr idi. Heydər Əliyev yaxşı bilirdi ki, festivalın müvəffəqiyyətlə keçirilməsi üçün təkcə yerli deyil, xarici ölkələrin gənclərinin də iştirakı vacibdir".

O diqqətə çatdırıb ki, illər sonra Azərbaycanın müstəqilliyinin bərpasında, Rusiya ilə münasibətlərin düzgün qurulmasında, ölkənin milli kimliyinin formalaşmasında böyük şəxsiyyət Heydər Əliyevin misilsiz rolu olub. Müstəqilliyini bərpa edən Azərbaycan çox mürəkkəb bir prosesi keçirdi, özünütəsdiq, müstəqilliyini bərpa etmək, kommunist rejimindən - tamamilə fərqli idarə sistemindən çıxan bir ölkəni idarə etmək asan deyildi və böyük müdriklik tələb edirdi. Bu gün açıq-aydın görürük ki, Heydər Əliyev Azərbaycanda həmin dövrün çağırışlarını məharətlə müəyyənləşdirdi, ölkəni düzgün inkişaf yoluna yönəltdi, müasir, iqtisadi cəhətdən dirçələn, beynəlxalq aləmə inteqrasiya edən ölkəyə çevirməyə nail oldu.

"Azərbaycan mənə İsveçrəni - güclü dövlətlərlə əhatə olunan, öz müstəqilliyi və onu əhatə edən dağları ilə fəxr edən bir ölkəni xatırladır.

2013-cü ildə İsveçrə Konfederasiyasının Senatına sədrlik etdiyim dövrdə Azərbaycana rəsmi səfərim zamanı Prezident İlham Əliyevlə görüşmüşdüm. Bu görüş çərçivəsində də mən Heydər Əliyevlə bağlı xatirələrimdən söz açdım.

Bu səfərim zamanı mən müasirləşən, quruculuq işlərini davam etdirən Azərbaycanı daha yaxından tanıdım”, - deyə politoloq vurğulayıb.

Prezident İlham Əliyevin Heydər Əliyev siyasətini, onun siyasi kursunu uğurla davam etdirdiyini bildirən Filippo Lombardi deyib: "Heydər Əliyev kimi böyük şəxsiyyəti tanımağımla fəxr edirəm".

AZƏRTAC