İtaliyalı parlamentarilər Prezident İlham Əliyevi yubileyi münasibətilə təbrik ediblər
Digər xəbərlər

İtaliyalı parlamentarilər Prezident İlham Əliyevi yubileyi münasibətilə təbrik ediblər

İtaliyanın müxtəlif siyasi partiyalarının təmsilçisi olan çoxsaylı parlamentarilər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi yubileyi münasibətilə təbrik ediblər.

AZƏRTAC xəbər verir ki, İtaliyanın Deputatlar Palatasının sədr müavini, "Yaşayan İtaliya" partiyasının sədri, deputat Ettore Rozatonun İtaliya mətbuatında dərc olunmuş təbrik mesajında deyilir: "2020-ci ildə rəhbərlik etdiyim İtaliya nümayəndə heyəti Qarabağ müharibəsindən sonra azad olunmuş və dağıdılmış ərazilərə səfər edən ilk xarici nümayəndə heyəti olub və həmin səfər vaxtı Prezident İlham Əliyevlə Bakıda keçirdiyimiz görüş hafizəmə həkk edilib. Bu görüş həm də uzun illərdir ölkələrimizi bir-birinə bağlayan möhkəm dostluq və əməkdaşlıq münasibətlərini gücləndirmək üçün bir fürsət idi. Bu möhkəm bağlar qarşılıqlı institusional səfərlərin həyata keçirilməsi ilə siyasi, iqtisadi və mədəni səviyyələrdə daha da güclənməkdə davam edir".

İtaliya Senatının Xarici əlaqələr və emiqrasiya daimi komissiyasının sədri, "5 Ulduz Hərəkatı" partiyasının təmsilçisi, senator Vito Petroçelli Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edərək bildirir: Bu illər ərzində Prezident İlham Əliyev İtaliya ilə Azərbaycan arasındakı əlaqələri möhkəmləndirərək onları çoxölçülü strateji tərəfdaşlıq səviyyəsinə çatdırıb. Ölkələrimiz bütün sahələr üzrə ikitərəfli münasibətləri və çoxtərəfli müstəvidə əməkdaşlığı kəmiyyət və keyfiyyət baxımından daha da gücləndirə bilər. Əminəm ki, Prezidentin ölkəyə uzaqgörən rəhbərliyi uzunmüddətli perspektivdə Azərbaycanda və bütün Cənubi Qafqazda sülhün, sabitliyin, təhlükəsizliyin, davamlı inkişafın möhkəmləndirilməsində açar rolunu oynayacaq".

İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, "Liqa" partiyasından olan senator Stefano Luçidi isə təbrik məktubunda isə deyilir: "Prezident İlham Əliyev İtaliyanın dostu və etibarlı tərəfdaşı olan bir ölkənin rəhbəridir. Əldə olunmuş sülhün Azərbaycan xalqına və bütün regiona daha yaxşı rifah və əmin-amanlıq gətirməsi arzusu ilə təbriklərimi izhar edirəm".

İtaliya parlamentində İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının sədri, "Liqa" partiyasından olan deputat Rossana Boldi təbrikində deyib: "Azərbaycan Prezidenti İlham Əliyevə hörmətimi, ölkəsində və bütün Cənubi Qafqazda sülhə və davamlı inkişafa tam şəkildə nail olması arzumu çatdırıram".

İtaliya Senatının "5 Ulduz Hərəkatı" partiyasından olan üzvü, senator Canluka Kastaldi də dövlətimizin başçısını təbrik edən parlamentarilər arasındadır. O bildirib: "Bizi böyük dostluğun ifadəsi olan strateji tərəfdaşlığın birləşdirdiyi ölkənin Lideri, Azərbaycan Prezidenti İlham Əliyevə yubileyi münasibətilə ən xoş arzularımı çatdırıram. Onun Azərbaycana prezidentliyi dövrü ölkəsinin nail olduğu mühüm yüksəliş üçün həlledici oldu. Azərbaycanda sülhün bərqərar olmasını təmin edən ölkənin ərazi bütövlüyünün bərpası Prezident İlham Əliyevin uzaqgörənliyinin təcəssümüdür".

İtaliya Senatının "İrəli İtaliya" partiyasından olan üzvü, senator Maria Rizzotti isə ürək sözlərini belə ifadə edib: "Adı ölkəsinin son illərdəki əsaslı yüksəlişi və İtaliya ilə möhkəm dostluqla bağlı olan Azərbaycan Prezidenti İlham Əliyevin yubileyi münasibətilə ona ünvanlanan təbrik mesajlarına qoşulmaqdan böyük məmnunluq hissi duyuram. Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra həmin ölkəyə baş tutmuş ötənilki səfərim zamanı Prezident İlham Əliyevlə görüşmək imkanım oldu. Arzum budur ki, xalqlarımız və ölkələrimiz arasında dostluğun gücləndirilməsi üçün gələcək illərdə yeni imkanlar açılsın və artıq əldə edilmiş sülh bu gözəl diyarda daha da möhkəmlənsin".

ATƏT-in Parlament Assambleyasında İtaliya nümayəndə heyətinin sədri, "Liqa" partiyasından olan deputat Paolo Qrimoldi təbrikində vurğulayıb ki, Azərbaycanla dostluq enerji böhranı yaşanan bir dövrdə heç vaxt indiki qədər vacib olmayıb.

Təbriklərə qoşulan Senatın komissiya sədri, "Yaşayan İtaliya" partiyasının təmsilçisi, senator Mauro Marino isə qeyd edib: "Azərbaycanın mühüm məqsədlərə çatmasına töhfə verən, ölkəsi ilə İtaliya arasında möhkəm dostluq əlaqələrinin dəstəkləyicisi olan Prezident İlham Əliyevə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Azərbaycana hər səfərim zamanı bu ölkənin sabitlik və tərəqqi yolu ilə necə irəliləməsinin, hər dəfə İtaliyaya daha da yaxınlaşmasının şahidi olmuşam. Əminəm ki, bu proses davam edəcək".

İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının sabiq sədri, senator Sercio Divina təbrikində bildirib: "İtaliya-Azərbaycan tərəfdaşlığı xüsusən də qlobal enerji böhranının tüğyan etdiyi dövrdə getdikcə daha strateji xarakter alır. Ölkələrimiz arasındakı münasibətlər getdikcə möhkəmlənir və bu, xüsusən də ölkəmizlə münasibətə hər zaman inamla yanaşan Prezident İlham Əliyevin uzaqgörənliyi sayəsindədir".

İtaliya Senatının "İrəli İtaliya" partiyasından olan üzvü, senator Urania Papatheu təbrik ismarıcında qeyd edib: "Azərbaycan Prezidenti İlham Əliyevə yubileyi münasibətilə ən səmimi təbriklərimi çatdırıram. Bu, mühüm tarixdir. Prezident İlham Əliyev ölkəsi üçün çox mühüm bir rəhbərdir. Onun fəaliyyəti və uzaqgörənliyi sayəsində Azərbaycanla İtaliya arasında dostluğun möhkəmləndirilməsini arzulayıram. Azərbaycan, əslində, ölkəmiz üçün etibarlı, strateji tərəfdaşdır, əsas neft, qaz və enerji təchizatçımızdır. Prezident İlham Əliyevə ölkəsində əldə olunan sülhün Azərbaycan xalqına daha yaxşı rifah, sülh və əmin-amanlıq gətirməsini arzu edirəm".

Parlamentarilərin təbrik mesajları İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələri, o cümlədən "Nova News", "Insideover", "Kmetro0", "Agenparl", "AGI", "LaPresse", "9Colonne", "Eurasianews", "Giornale Diplomatico" və sair kimi mətbu orqanları tərəfindən yayılıb.

AZƏRTAC