İXTİSASLI FƏHLƏ KADRLARI YETİŞDİRMƏK GÜNÜN TƏLƏBİDİR
Region

İXTİSASLI FƏHLƏ KADRLARI YETİŞDİRMƏK GÜNÜN TƏLƏBİDİR

Ölkənin sürətli və davamlı inkişaf və tərəqqisi yüksəkixtisaslı kadrların,  bacarıqlı,  qabiliyyətli və səriştəli  mütəxəssislərin,  peşə sahiblərinin hazırlanmasını  zəruri edib.

Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi Nazirlər Kabinetinin 11. 10. 2016-cı il tarixli 405 nömrəli qərarına və təhsil nazirinin 18. 12. 2020-ci il tarixli F-546 nömrəli əmrinə əsasən 1№ li Gəncə Peşə Liseyi və 3№ li Gəncə Peşə Məktəbi birləşdirilərək onların bazasında yaradılmışdır. Mərkəzin amalı müasirləşmiş dünyada  yüksəkixtisaslı və səriştəli peşə ixtisasçılarının günün tələbləri baxımdan yetişdirməkdir.  Bu nümunəvi mərkəzə təcrübəli və uzun müddət rəhbərlik edən Şahin Məhərrəmovdan yeni idaretmə sisteminə uyğun,  mərkəzdə təlimin modernləşməsi haqqında məlumat verməyini xahiş etdik. O  qeyd etdi ki,  son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılmışdır.  Təhsilin normativ- hüquqi bazası təkmilləşdirilmiş,  maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları əsasında geniş tədbirlər həyata keçirilmişdir.  Həmin məqsədlə müxtəlif şəhər və rayonlarda müasir,  dünya standartlarına uyğun məktəb binaları tikilmiş və mövcud təhsil obyektlərində əsaslı təmir-bərpa işləri uğurla aparılmışdır. Təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə yaxşılaşmış və genişlənmişdir.   

Qədim və zəngin tarixə malik olan Azərbaycan peşə-ixtisas təhsili bu günə qədər çox mürəkkəb,  eyni zamanda şərəfli bir yol keçmiş,  ölkə iqtisadiyyatının ilkin peşə-ixtisas kadrlarına olan ehtiyacının ödənilməsində mühüm rol oynamışdır.  

Azərbaycanda ilkin peşə-ixtisas təhsilinin həm kəmiyyət və həm də keyfiyyət baxımından sürətli inkişafı,  ictimaiyyət arasında nüfuzunun artması ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdən başlamışdır.  1988-1993-cü illərdə respublikada yaranmış mürəkkəb iqtisadi-siyasi şərait bütün sahələrdə olduğu kimi,  peşə təhsilinin inkişafına da öz mənfi təsirini göstərmişdir. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə  qayıdan Heydər Əliyevin səyləri nəticəsində ölkədə ilkin peşə təhsili sahəsinə diqqət artmış,  onun inkişafı üçün bir sıra qərarlar qəbul edilmiş,  ilkin peşə məktəblərinə peşə liseyi və peşə məktəbləri statusu verilmiş,  peşə təhsil mərkəzləri yaradılmışdır.

Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin ərazisi 50426 kvadratmetr olmaqla layihə əsasında tikilmiş,  təmir olunmuş 3 korpusdan ibarətdir və 2-ci korpus (3№li Gəncə Peşə Məktəbi) uyğunlaşdırılmış yataqxana binasında yerləşdirilmişdir.  Mərkəzin əsas korpusunda fənn,  kompüter otaqları,  laboratoriyalar,  isitmə və soyutma sistemlərinə xidmət üzrə mütəxəssis,  torna və frezer dəzgahlarının operatoru,  qaynaqçı,  quru inşaat üzrə avtomobil çilingəri,  elektrik maşınlarının təmiri,   emalatxanaları mövcuddur və müasir avadanlıqlarla təchiz olunub.   

Mərkəzin 1-ci korpusunda bərbər,   vizajist,  manikürçü,  dülgər,  qaynaqçı,  avtomobil emalatxanaları,  laboratoriya,  kitabxana,  akt zalı,  dəmiryol ixtisasları ilə bağlı otaqlar və 150 nəfərlik müasir yataqxana tələbələrin ixtiyarındadır.  Mərkəzin 2-ci korpusunda dərzi emalatxanası,  dağ-mədən işləri üzrə laboratoriya,  avtomobil laboratoriyası,  çilingər-santexnik emalatxanası,  kompüter otaqları  fəaliyyət göstərir.  Mərkəzdə müasir kitablarla təchiz olunmuş geniş kitabxanalar və 350 nəfərlik akt zalı mövcuddur. Ümumilikdə,  mərkəzdə  180 pedaqoji işçi şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olur.  

Bu gün müasir səviyyədə təchiz olunmuş emalatxanalar şagirdlərin mükəmməl təhsilə və səriştəli peşəyə yiyələnməsinə stimul verir.

Binanın ətrafında yaşıllaşdırma işləri aparılıb,  150-dən çox ağac və bəzək kolları əkilmiş,  demək olar ki,  müəssisə yaşıllığa və gül-çiçəyə bürünmüşdür. 

Onu qeyd etmək lazımdır ki,  mərkəzdə bir neçə layihə öz əksini tapıb. Belə ki,  Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi,  2017-2020” layihəsi çərçivəsində Gəncə regional komponenti üzrə “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsinin açılış mərasimi məhz burada keçirilmişdir. Bu layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Təhsilə dəstək proqramı”nın tərkib hissəsidir.  Layihənin əsas məqsədi peşə təhsilinin keyfiyyətini artırmaq,  Gəncə və ətraf rayonlarda peşə təhsilinin cəlbediciliyini yüksəltməkdir.

Mərkəzin “AzerGold” QSC,  “Gilan Holdinq”,  “Det-Al Alüminium”,  “Gəncə Əlvan Metal emalı” ASC,  Gəncə Avtomobil Zavodu kimi şirkətlərlə  əməkdaşlığı mövcuddur. Ümumiyyətlə, bu yönümlü layihələr Gəncə şəhərində və ətraf rayonlarda peşə təhsilinin inkişafında mühüm töhfə verməkdədir.

Zabit XƏLİLOV,

“Respublika”.