İyulun 15-də Gənclər və İdman Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib.
İdman

İyulun 15-də Gənclər və İdman Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib.

AZƏRTAC xəbər verir ki, seçkilər “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq təşkil olunub.

Qeydə alınan 43 vətəndaş cəmiyyəti institutu arasında keçirilmiş seçkidə 129 təşkilat səsvermədə təmsil olunub.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının konfrans zalında keçirilən seçkiləri açıq elan edən gənclər və idman nazirinin müavini, seçki komissiyasının sədri İntiqam Babayev İctimai Şuranın əhəmiyyəti, ictimai nəzarətin həyata keçirilməsində dövlət və qeyri-hökumət təşkilatlarının əməkdaşlığında danışıb.

Sonra İ.Babayev 1994-cü ildən nazirliyin yanında yalnız Gənclərlə İş üzrə İctimai Şuranın olduğunu bildirib. O, nazirliyin iki dövlət siyasətini icra etdiyi üçün qanunvericiliyin tələblərinə görə hər iki sahəni təmsil edən vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın formalaşdırılmasının vacibliyini vurğulayıb və seçkinin tam şəffaf, ədalətli keçirilməsi üçün bütün imkanların yaradıldığını qeyd edib.

Gizli şəkildə keçirilən səsvermənin nəticələrinə əsasən, heç bir vətəndaş cəmiyyəti institutunun nümayəndəsi səslərin çoxluğunu qazana bilməyib. Qanunvericiliyin tələblərinə görə, təkrar seçkilər iyulun 17-də saat 10:00-dan 13:00-dək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının konfrans zalında keçiriləcək.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şura 1994-cü ildən fəaliyyət göstərir. İctimai Şuranın əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı qərarların qəbulu prosesində gənclər təşkilatlarının iştirakını təmin etməkdir. İndiyədək şuranın iclaslarında Prezident, Milli Məclis və bələdiyyə seçkilərində gənclərin iştirakı, qanunların və dövlət proqramlarının layihələri, Azərbaycan Gənclərinin forumlarının keçirilməsi, gənclərin vətənpərvərlik tərbiyəsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair faktların dünya ictimaiyyətinə çatdırılması, gənclərin sosial şəbəkələrdə fəaliyyəti və s. məsələlər müzakirə olunub, dünyada və respublikada baş verən mühüm ictimai-siyasi hadisələrə münasibət bildirilib.

AZƏRTAC