İyun ayında ölkəmizdə seysmologiyaya dair beynəlxalq konfrans keçiriləcək. Konfrans müddətində Şuşanın Daşaltı kəndində Türkiyənin Azərbaycana verdiyi seysmik stansiya quraşdırılacaq. Stansiyanın quraşdırılması Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar görülən tədbirlər çərçivəsində həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Türkiyədə aparılan tədqiqatlara dair keçirilən mətbuat konfransında deyib.
Q.Yetirmişli bildirib ki, ümumilikdə Qarabağ və Şərqi Zəngəzurda 10 kompleks stansiya quraşdırılacaq və seysmik, geofiziki, geodinamik tədqiqatlar aparılacaq.