Jurnalistlər Füzuli-Zəngilan avtomobil yolunda minatəmizləmə əməliyyatı ilə tanış olublar
Digər xəbərlər

Jurnalistlər Füzuli-Zəngilan avtomobil yolunda minatəmizləmə əməliyyatı ilə tanış olublar

İşğaldan azad olunan ərazilərdə mina və partlamamış silah-sursatların təmizlənməsi məqsədilə ANAMA tərəfindən plana uyğun olaraq işlər aparılır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ANAMA və Daxili İşlər Nazirliyinin birgə təşkil etdiyi növbəti mediatur çərçivəsində Füzuli-Zəngilan avtomobil yolunun Cəbrayıl rayonundan keçən hissəsində minatəmizləmə əməliyyatı izlənilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun nümayəndəsi Aslan Qiyaslı jurnalistlərə açıqlamasında bildirib ki, azad olunan torpaqlarda minatəmizləmə əməliyyatları sürətlə aparılır: "Əsas məqsədimiz dinc əhalinin təhlükəli ərazilərə keçməsinin qarşısını almaqla bədbəxt hadisələrin baş verməsini önləməkdir. Çünki ərazilər həddən artıq çirkli olduğu üçün hər an bədbəxt hadisələrin baş verməsi qaçılmazdır. Vətən müharibəsindən sonra mina və hərbi sursatların partlaması nəticəsində baş vermiş hadisələrin 53 faizi azad edilən ərazilərə qanunsuz səfərlər nəticəsində yaşanıb. Bu məqsədlə Daxili İşlər Nazirliyinin əməkdaşları üzərlərinə düşən vəzifəni yerinə yetirməklə, əhalini təhlükəli ərazilərə səfər etməməyə çağırır".

ANAMA-nın əməkdaşı Habil Babayev isə qeyd edib ki, minatəmizləmə əməliyyatı 3 üsulla - əllə, texnika və itlər vasitəsilə aparılır. Relyefi daha çətin olan ərazilərdə mexaniki üsulla, yəni uzaqdan idarə olunan texnikalardan istifadə edilir. Həmçinin minatəmizləmə işləri üçün xüsusi təlim keçmiş itlər də əraziyə cəlb olunub.

"Füzuli-Zəngilan avtomobil yolunun Cəbrayıldan keçən hissəsində daha çox mina basdırılıb. Buradan həm tank, həm də piyada əleyhinə minalar aşkarlanır. Bununla bərabər partlamamış sursatlara və düşmən tərəfindən qurulan digər gizli partladıcılara da rast gəlinir", - deyə o əlavə edib.

Jurnalistlər ərazidən tapılan minaların partlatma yolu ilə zərərsizləşdirilmə prosesini də izləyiblər.

AZƏRTAC