Kambocanın Baş naziri: Heydər Əliyev Azərbaycan dövlətinin inkişafı üçün böyük işlər görüb
Digər xəbərlər

Kambocanın Baş naziri: Heydər Əliyev Azərbaycan dövlətinin inkişafı üçün böyük işlər görüb

Noyabrın 24-də Milli Məclisin sədri Sahibə Qafarova Kamboca Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Akka Moha Sena Padei Teko Hun Sen ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Kamboca Krallığının Baş naziri Hun Sen Azərbaycan parlamentinin rəhbərini səmimiyyətlə salamlayaraq, Milli Məclisin ASEAN Parlamentlərarası Assambleyasına müşahidəçi üzv qəbul olunması münasibətilə təbriklərini çatdırıb.

Baş nazir 2014-cü ildə Azərbaycanda səfərdə olduğunu xatırladaraq, ölkəmiz və paytaxt Bakı haqqında xoş təəssüratlarını bölüşüb. O, 1980-ci illərdə də Azərbaycanda olduğunu və xalqımızın ümummilli lideri Heydər Əliyevlə iki dəfə görüşdüyünü bildirib. Hun Sen Heydər Əliyevin dünya səviyyəsində tanınan dövlət xadimi olduğunu və Azərbaycan dövlətinin inkişafı üçün böyük işlər gördüyünü qeyd edib.

Ölkəsinin Azərbaycanla münasibətləri müxtəlif istiqamətlərdə inkişaf etdirmək istədiyini söyləyən Baş nazir beynəlxalq təşkilatlarda əməkdaşlığın, o cümədən Qoşulmama Hərəkatında təmsilçiliyin əhəmiyyətini qeyd edib. Hun Sen ölkəmizin təşkilata uğurlu sədrliyini, həmçinin Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin əhəmiyyətini vurğulayıb.

Milli Məclisin sədri Kamboca Krallığına səfərindən, burada keçirdiyi görüşlərdən məmnunluğunu bildirib, göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkür edib.

S.Qafarova parlamentlərimiz arasında qarşılıqlı fəaliyyətin dövlətlərimiz arasında əlaqələrin daha da inkişafına müsbət təsirini qeyd edərək, ikitərəfli və çoxtərəfli parlamentlərarası əlaqələrimizi inkişaf etdirməyin, həmçinin dostluq qruplarının fəaliyyətinin, deputatlarımız arasında əməkdaşlığın önəmini vurğulayıb.

Sahibə Qafarova Azərbaycanın iştirakı ilə həyata keçirilən irimiqyaslı layihələr, beynəlxalq məsələlərin həllinə dair qlobal təşəbbüslər haqqında Baş nazirə məlumat verib. O, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə görülən işləri diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi Hərəkatın parlament ölçüsünün inkişaf etdirilməsi təşəbbüsünü irəli sürüb və 2021-ci ildə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi təsis olunub. Milli Məclisin sədri Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti, təşkilatın qarşısında duran vəzifələr haqqında geniş məlumat verib, Parlament Şəbəkəsinin digər parlamentlərarası təşkilatlarla əməkdaşlığını genişləndirməyə çalışdığını söyləyib.

Görüşdə Milli Məclisin sədri Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərlə torpaqlarını 30 illik işğaldan azad etməsi, regionda sülh və sabitliyin təmin olunması istiqamətində səyləri barədə də məlumat verib. Sahibə Qafarova diqqətə çatdırıb ki, müharibənin başa çatmasından iki ilə yaxın vaxt keçsə də, Ermənistan əldə olunan razılaşmalara əməl etməkdən boyun qaçırır, regionun sülh gündəliyinin irəliləməsinə maneə törədir. S.Qafarova torpaqlarımızın Ermənistan tərəfindən 30 illik işğalı dövründə Azərbaycanın şəhər və rayonlarının, infrastrukturun, mədəni və tarixi abidələrin tamamilə dağıdılması haqqında da danışıb. Qeyd edilib ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq və tikinti işləri həyata keçirir, bu ərazilərimiz bərpa edilir. Lakin Ermənistanın bu ərazilərdə basdırdığı çoxlu sayda mina bərpa işlərinə ciddi əngəl törədir. Sahibə Qafarova diqqətə çatdırıb ki, iki il əvvəl müharibə başa çatandan indiyədək mina partlayışları nəticəsində təxminən 270 azərbaycanlı həlak olub və ya ağır yaralanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Milli Məclisin sədri Sahibə Qafarova Kambocanın Baş nazirinə "Qarabağ: işğaldan əvvəl və sonra" adlı kitabı təqdim edib.

AZƏRTAC