Kamran Əliyev: Azərbaycanın və Gürcüstanın prokurorluq orqanları arasında münasibətlər yeni müstəvidə daha da inkişaf edəcək
Siyasət

Kamran Əliyev: Azərbaycanın və Gürcüstanın prokurorluq orqanları arasında münasibətlər yeni müstəvidə daha da inkişaf edəcək

Azərbaycanın və Gürcüstanın prokurorluq orqanları arasında əməkdaşlıq çox yüksək səviyyədədir. İnanıram ki, Tbilisiyə bu səfərimiz zamanı apardığımız müzakirələrdən sonra münasibətlərimiz yeni müstəvidə daha da inkişaf edəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Tbilisidə səfərdə olan Azərbaycanın Baş prokuroru Kamran Əliyev jurnalistlərə açıqlamasında söyləyib.

Tbilisiyə Gürcüstanın Baş prokuroru İrakli Şotadzenin dəvəti ilə səfər etdiyini vurğulayan K.Əliyev deyib: "Bu səfər çərçivəsində çox səmərəli görüşlərimiz oldu. Apardığımız danışıqlardan və imzalanmış memorandumdan sonra münasibətlərimiz yeni mərhələyə qədəm qoyacaq".

Onun sözlərinə görə, görüşdə əsasən Azərbaycanın və Gürcüstanın Baş prokurorluqları arasındakı münasibətlər müzakirə olunub. Xüsusən də tərəflər arasında konkret cinayət işləri üzrə qarşılıqlı hüquqi yardımın göstərilməsi, təcrübə mübadiləsi, beynəlxalq platformalarda birgə mövqedən çıxış etmək, qarşılıqlı səfərlərin, birgə treninq və seminarların təşkili və bu kimi digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

AZƏRTAC