KEÇƏN IL ÖLKƏDƏ 322 MIN TONA YAXIN “AĞ QIZIL
İQTİSADİYYAT

KEÇƏN IL ÖLKƏDƏ 322 MIN TONA YAXIN “AĞ QIZIL" ISTEHSAL OLUNUB

Bu, ondan əvvəlki ilin göstəricisindən 35 min ton artıqdır

Pambıqçılıq bir neçə əsrdir ki, Azərbaycanın kənd təsərrüfatında ən aparıcı sahələrdən biridir. Hələ 100 il bundan öncə Xalq Cümhuriyyəti dövründə pambıq müəssisələri Azərbaycanda yüksək istehsal gücünə malik idilər. Həm də təkcə Mərkəzi Aranda deyil, düzən Qarabağda da pambıqçılıq yaxşı inkişaf etmişdi.

Amma pambıqçılığın əsl inkişaf dövrü məhz ümummilli lider Heydər Əliyevin adı və yorulmaz fəaliyyəti ilə bağlıdır. Məhz onun dövründə respublikamızda 1 milyon ton pambıq istehsal olunmuşdur.

Dövlət başçısı cənab İlham Əliyev də bu sahənin inkişaf etdirilməsinə ciddi fikir verir. Məhz onun rəhbərliyi altında pambıqçılığın inkişafı ilə bağlı Sabirabad, Saatlı, Bərdə müşavirələri keçirildi və bu sahənin əvvəlki şöhrəti bərpa olundu. Bu diqqət və qayğı sayəsində son 5-6 il ərzində indi pambıqçılıq ölkəmizdə nəinki bərpa olunaraq keçmiş şöhrətini özünə qaytarıb, həmçinin, yeni zirvələr fəth etməyə başlayıb. Xatırladaq ki, 2021-ci ilin yekununda respublikamızda 287 min ton "ağ qızıl" toplanmışdı. Bu isə hər hektardan 28,5 sentner məhsul deməkdir.

Ötən il isə ölkə pambıqçıları yeni rekord qazanıblar. 104,3 min hektar pambıq sahəsindən 321,8 min ton "ağ qızıl "istehsal edərək rekord qələbə əldə ediblər. Məhsuldarlıq da müvafiq olaraq hər hektardan 28,5-dən 30,9 sentnerə yüksəlib. Hər hektardan 31 sentner isə pambıqçılıqda yüksək göstərici sayılır.

Xatırladaq ki, məhsul istehsaçılarına subsidiyalar, güzəştli kreditlər verilir, onlar ən müasir kənd təsərrüfatı texnikaları ilə təchiz olunurlar. Dövlətin dəstəyi ilə ötən il pambığın fermerlərdən alış qiymətləri hər tona görə dalbadal iki dəfə artırılıb. Bütün bunlar isə məhsul istehsalçılarını daha yaxşı işləməyə ruhlandırır.

N.ƏHMƏDOĞLU,

"Respublika".