KƏLBƏCƏR:  DAĞLAR YİYƏSİZ QALMADI
Digər xəbərlər

KƏLBƏCƏR:  DAĞLAR YİYƏSİZ QALMADI

“Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə görə, həm iqliminin gözəlliyinə görə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikada həmişə çox hörmətə, ehtirama layiq olubdur. Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistanın silahlı qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin vətəndaşları, sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar”.

Heydər ƏLİYEV,

ümummilli lider.

Ötən əsrin 90-cı illərində Azərbaycanda baş verən ictimai-siyasi hadisələr, hakimiyyət çəkişmələri, yenicə müstəqillik əldə etmiş ölkəmizin sərhədlərinin tam nəzarətsiz qalması zaman-zaman Azərbaycan torpaqlarının hesabına özlərinə dövlət qurmuş ermənilərə münbit şərait yaratdı və bundan məharətlə bəhrələnən bədxah qonşularımız  bir-birinin ardınca 20 faiz torpaqlarımızı  işğala məruz qoyaraq, dinc sakinlərin var-dövlətini talamaqla onlara divan tutdu. Ermənilərin bu ədalətsizliyinə, soyqırımı aktlarına nədənsə, dünya göz yumdu, səsini çıxaran olmadı. Azərbaycan təklənmiş vəziyyətdə qaldı.  1993-cü ildə mənfur erməni qəsbkarları havadarlarının köməyilə dünyada analoqu olmayan  təbii sərvəti zəngin  və şəfa qaynağı olan  mineral suyu ilə tanınan Kəlbəcər işğal edildi. Və beləliklə də bu qanlı cinayət azərbaycanlılara qarşı törədilən soyqırımın növbəti ssenarisi və davamı oldu.

Kəlbəcərin işğalı ilə bağlı  ümummilli liderimiz Heydər Əliyev deyirdi:  “Bu faciəni heç vaxt unutmaq olmaz, faciə nə qədər qəm-qüssə gətirsə də ,onu daim yaşatmaq lazımdır ki, bu faciələrdən hərə özü üçün ibrət götürsün”. Bəli, türk dünyasının fenomeni,  əbədiyaşar  Heydər Əliyevin  xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra, onun polad iradəsi və səyi nəticəsində qaçqınların ağır social-məişət problemləri öz həllini tapdı. Müvəqqəti olaraq yurd-yuvalarından ayrı düşən məcburi köçkünlər dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olundu. 1996-cı il aprelin 1-də ümummilli lider Heydər Əliyev Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin üçüncü ildönümü ilə əlaqədar rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə demişdir: “Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş torpaqları azad edilməlidir, respublikamızın ərazi bütövlüyü bərpa olunmalı və müstəqil dövlət kimi Azərbaycan bütün ərazisinin sahibi olmalıdır, bütün ərazisinə, öz sərhədlərinə tam nəzarət etmək hüququna nail olmalıdır. Bu, qarşımızda duran ən böyük, eyni zamanda deyə bilərəm ki, ən çətin vəzifədir”. 

Həyata keçirilən dövlət siyasəti nəticəsində çadır şəhərcikləri ləğv olunaraq, yeni salınan qəsəbələr bu insanların həyat şəraitini, demək olar ki, tamamilə yaxşılaşdırdı. Maddi durumlarının və yaşayış tərzinin yaxşılaşması üçün daim irimiqyaslı tədbirlər həyata keçirildi. Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyevin müvafiq sərəncamlarının uğurlu icrası nəticəsində digər işğal olunmuş rayonlar kimi, Kəlbəcərdən olan məcburi köçkünlərin də həyatında əsaslı dönüş yaransa da, hər bir kəlbəcərlinin yeganə arzu-diləyi   doğma  ocaqlarına  qayıtmaq olmuşdur. Erməni təcavüzü nəticəsində öz isti ocağını tərk etmiş onlarla soydaşımız Vətənsiz dünyasını dəyişdi, 30 il ərzində  onlar tək bircə arzu ilə  yaşadılar: - bircə dəfə o torpağı görə bilsəydim ...

Xüsusilə qeyd etmək lazımdır ki, dünyanın nüfuzlu  təşkilatı olan  BMT Təhlükəsizlik Şurası  922, 853, 874,  884 saylı qətnamələr qəbul etmişdi. 822 saylı qətnamə möhkəm atəşkəsin əldə edilməsi məqsədilə bütün hərbi əməliyyatların və düşmənçilik aktlarının dayandırılmasını, həmçinin işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılmasını tələb edirdi. Amma,  bu nüfuzlu təşkilatın qəbul etdiyi qətnamələr ermənilər üçün kağız parçasından başqa bir əhəmiyyət daşımadı.  Azərbaycan dövləti, onun uzaqgörən rəhbəri cənab İlham Əliyevin dəfələrlə beynəlxalq tribunalardan erməniləri sülhə səsləməsi, dünya liderlərini ermənilərə təsir etməyə çağırışları cavabsız qaldı. Bundan şirniklənən düşmən ölkəmizə qarşı hücum əməliyyatlarına başladı. Azərbaycan xalqının səbri tükənmişdi. Sentyabrın 27-dən əks-hücum əməliyyatlarına başlayan Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin əmri ilə düşmən mövqelərini darmadağın edərək İkinci Qarabağ müharibəsini tam Qələbə ilə bitirdi. Ərazi bütövlüyümüz bərpa olundu, 300-dən çox  şəhər və kənd döyüş meydanında azad olundu. Tarixi şəhərimiz olan Şuşa şəhəri noyabrın 8-də Azərbaycan əsgərinin taktiki əməliyyatı ilə düşməndən geri alındı. Bundan dərhal sonra Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı. Bəli, BMT-nin, Minsk qrupunun 30 ilə görə bilmədiyi, yaxud da görmək istəmədiyi işi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Müzəffər Ordusu 44 günə kökündən həll etdi. 30 ildən sonra haqq-ədalət bərpa olundu.

Müzəffər Ali Baş Komandan, praqmatik dövlət başçısının rəhbərliyi və qətiyyəti, Qalib Ordumuzun şücaəti və igidliyi sayəsində ulu torpaqlarımıza qovuşduq. Azərbaycanın haqq savaşından sonra bütün dünya azərbaycanlıları qürurlandı. Yurd-yuvasından didərgin düşmüş milyonlarla insanın sevinci, qüruru ikiqat oldu. Qarabağda muğam səsi, məscidlərdə azan səsi ucaldı. Müqəddəs torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə Azərbaycan ərazi bütövlüyünün təmin olunması ilə qalib oldu. Bu gün  digər işğaldan azad olunmuş rayonlar kimi Kəlbəcər rayonu da öz doğmalarına qovuşub. Kəlbəcər dağlarının, Kəlbəcər yaylaqlarının keçmiş şöhrəti özünə qayıdır. Yenə də qoyunçuluq, arıçılıq təsərrüfatları öz doğma ünvanına üz tutur. Artıq Kəlbəcər dağlarına kütləvi  heyvan sürüləri və yüzlərlə arı ailəsi köçürülmüşdür. Kəlbəcər Rayon Polis şöbəsi burada təhlükəsizlik tədbirləri görür. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi bu dövlət əhəmiyyətli işə öz töhfəsini verir. Həmçinin, Kəlbəcər Aqrar İnkişaf Mərkəzi və rayon Baytarlıq İdarəsinin əməkdaşları da mütəmadi olaraq burada profilaktik tədbirlər aparır, peyvəndləmə işləri həyata keçirirlər. Bir sözlə, 27 ildən sonra bütün sahələrdə iş gedir.

Kəlbəcər  rayonunun bərpası azad edilmiş digər rayonlara nisbətən daha çətindir. Bu səbəbdən burada yenidənqurma işi daha çox əmək tələb edir. Çətinliyə baxmayaraq, Kəlbəcər və Laçın rayonlarında 10-dan çox tunel inşa edilir. Onların arasında ən böyük tunelin uzunluğu təxminən 12 kilometrdir. Bu tunel Murov dağının altından çəkilir. Keçən il 4 su elektrik stansiyası istifadəyə verilib. Bu il isə 5 su elektrik stansiyasının istifadəyə verilməsi nəzərdə tutulur. Kəlbəcərin özünəməxsus füsunkar təbiəti var. Məğrur dağları, şəfalı suları insana rahatlıq verir.  Kəlbəcər şəhərinin Baş Planında da rayonun təbii gözəlliyi əsas götürülür. Çünki  Kəlbəcərin havası, suyu 30 il öz sakinlərinin yolunu gözləyib. Hərbi hissələr, ictimai yerlər  isə artıq fəaliyyət göstərir. Ölkə Prezidenti cənab İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına səfərləri bir daha sübut edir ki, qarşıya qoyulan hədəflərə çatmaq yolunda intensiv işlər görülür, bütün infrastruktur layihələr uğurla icra olunur.

Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev iyunun 26-da Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimindən sonra çıxışı zamanı demişdir: "Bu gün Kəlbəcər şəhərinin Baş Planı mənə təqdim edildi. Bu Baş Planı hazırlayan şirkət Zəngilan şəhərinin Baş Planını da hazırlayıb. Mən o vaxt demişdim ki, Zəngilan şəhəri təbiətə sıx inteqrasiya olunmalıdır, park-şəhər olmalıdır, Kəlbəcər də həmçinin. Kəlbəcərin də özünəməxsus füsunkar təbiəti var. Kəlbəcər şəhərinin Baş Planının təsdiq olunması əlbəttə ki, bu təbii gözəlliyi ehtiva edir. Artıq ilin sonuna qədər müfəssəl layihələndirmə gedəcək və ondan sonra yaşayış binaları, məktəb, xəstəxana inşa ediləcəkdir. Hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir. Göstəriş vermişəm ki, Kəlbəcərdə mütləq aşıq mərkəzi və lazım olan digər tikililər inşa edilsin. Bu, ancaq Kəlbəcər şəhərinin Baş planıdır. Kəlbəcər rayonunun inkişafı ilə bağlı isə bizdə konsepsiya artıq hazırdır. Kəndlərin yenidən qurulması konsepsiyamız hazırdır və biz bunu icra edəcəyik".

Bəli, Kəlbəcər həmişəkindən də gözəl, müasir olacaq, vətəndaşları xoşbəxt, əmin-amanlıq  şəraitində yaşayacaqlar. Yenə də Sarıyer yaylağı, Gəlinqayası öz qonaqlarına qucaq açacaq,  bundan sonra o dağların,  yaylaqların toylu-düyünlü, çal-çağırlı günləri elə o dağların özü qədər əbədi olacaqdır.

            Zabit XƏLİLOV,

            “Respublika”.