Kəlbəcər rayonunda
Siyasət

Kəlbəcər rayonunda "Qamışlı" Kiçik Su Elektrik Stansiyası istifadəyə verilib

Mayın 27- Kəlbəcər rayonunda "Qamışlı" Kiçik Su Elektrik Stansiyasının açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev stansiyanın açılışında iştirak edib.

"AzərEnerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısına stansiyada görülən işlər barədə məlumat verdi.

Kəlbəcəri tərk edərkən ermənilərin avadanlıqlarını daşıyaraq tamamilə dağıtdıqları "Qamışlı" Kiçik Su Elektrik Stansiyası da "AzərEnerji" tərəfindən tamamilə yenidən tikilib. Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərin yaşıl enerji zonasına çevrilməsi ilə bağlı strategiyasına uyğun olaraq yaradılan 6,3 meqavat gücündə "Qamışlı" Kiçik Su Elektrik Stansiyası üçün maşın zalı inşa edilib.

Bildirildi ki, "Qamışlı" stansiyası da daxil olmaqla indiyədək azad edilən ərazilərdə tikilmiş tikilən su elektrik stansiyalarının hər birində çayın 50 faiz təminatı nəzərə alınmaqla ekoloji normanın saxlanılması üçün derivasiya boruları çayın axını ilə paralel quraşdırılıb. Burada boru ilə axan su da yenidən çaya buraxılır. Bütün yerlərdə, o cümlədən "Qamışlı" stansiyasında da su ehtiyatlarından səmərəli istifadə olunması, daşqınların qarşısının alınması su itkisinə yol verilməməsi üçün çayın məcrasına uyğun idarəolunan suqəbuledicilər tikilib. Eyni zamanda, təbii mühitin, flora faunanın qorunması da aidiyyəti dövlət qurumları ilə razılaşdırılmış şəkildə xüsusi diqqətdə saxlanılıb.

Prezident İlham Əliyev "Qamışlı" Kiçik Su Elektrik Stansiyasını işə saldı.

İki hidroaqreqatdan ibarət "Qamışlı" stansiyasında 110 kilovoltluq yarımstansiya yaradılıb. Burada enerjisistemə tam inteqrasiya olunmaqla məsafədən idarəetməyə imkan verən mərkəzləşmiş SCADA sistemi qurulub. Stansiyada Avropanın aparıcı şirkətlərinin istehsalı olan müasir hidroturbinlər, generatorlar, idarəetmə, rele mühafizəsi avtomatika panelləri quraşdırılıb.

"Qamışlı" Kiçik Su Elektrik Stansiyasında ümumilikdə il ərzində 18,5 milyon kilovat-saat ekoloji cəhətdən təmiz yaşıl hidroenerjinin istehsal edilməsi nəzərdə tutulur.

AZƏRTAC