Kəlbəcər sakini: Ötən illər ərzində doğma torpağımın qoxusunu unutmadım
MÜSAHİBƏLƏR

Kəlbəcər sakini: Ötən illər ərzində doğma torpağımın qoxusunu unutmadım

1993-cü ildə doğma yurdumdan məcburi köçkün düşdüm. Hazırda Gəncə şəhərində yaşayıram. Nə qədər rayon, şəhər gəzsəm də, öz torpağımın qoxusunu, ciyərlərimə çəkdiyim təmiz havasını, suyunu unutmadım. Uzun illərin həsrəti mənə doğma Kəlbəcərimin qədrini bilməyi öyrətdi. Ölkəmizin hər yeri gözəldir, amma hər kəsə doğulub boya-başa çatdığı, ayaq açdığı, gözəl günlərini keçirdiyi yer daha əzizdir. Bu illər ərzində öyrəndim ki, mən necə də əvəzolunmaz təbiətə malik bir yerdən uzaq düşmüşəm.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Kəlbəcər rayonu Dəmirçidam kəndinin sakini Bilal Qaraşov deyib.

"Bu sevinci bizə yaşadan Ali Baş Komandan, Prezident İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdaram. Hər günü bir tarix olan 44 gün ərzində alnımızdakı damğa silindi. Doğma yurduma ayaq basanda hiss etdim ki, mən torpağımı, torpağım da məni gözləyirmiş. Öz qanları, canları ilə bu torpaqları quldurlardan təmizləyən şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm. Biz öz doğma torpaqlarımızı yenidən dirçəldəcək və əvvəlki kimi canlandıracağıq" , - deyə B.Qaraşov bildirib.

AZƏRTAC