Kəlbəcər və Qubadlı Hərbi prokurorluqlarının inzibati binalarının açılışı olub
Digər xəbərlər

Kəlbəcər və Qubadlı Hərbi prokurorluqlarının inzibati binalarının açılışı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında 2021-ci il 1 aprel tarixli Sərəncamının icrası ilə əlaqədar Kəlbəcər və Qubadlı rayonlarında müvafiq Hərbi prokurorluqların inzibati binalarının inşasına başlanılıb, inşası qısa vaxtda başa çatdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 26-da və 27-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Respublika Baş Prokurorluğunun və Hərbi Prokurorluğun rəhbər əməkdaşlarından ibarət nümayəndə heyəti Kəlbəcər və Qubadlı rayonlarında səfərdə olub.

Səfər çərçivəsində nümayəndə heyəti Kəlbəcər və Qubadlı Hərbi prokurorluqlarının yeni inzibati binalarının açılış mərasimində iştirak edib.

Açılış mərasimlərində çıxış edən Baş prokuror Kamran Əliyev Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə müstəqil Azərbaycanın bütün sahələrdə durmadan inkişaf etdiyini, günbəgün daha da qüdrətləndiyini bildirərək, bunun parlaq nümunəsi kimi 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə xalqın və dövlətin sarsılmaz birliyi nəticəsində rəşadətli Ordumuz torpaqlarımızı düşmən işğalından azad etdiyini vurğulayıb.

Azərbaycan Prezidentinin prokurorluq orqanlarının inkişafına daim diqqət göstərdiyi vurğulanaraq, yeni inzibati binaların istifadəyə verilməsinin də məhz bu qayğının bariz göstəricisi olduğu qeyd edilib.

Prokurorluğun əməkdaşları xidmətlərinin daha səmərəli və peşəkar təşkili üçün yaradılan yüksək şəraitə, eləcə də müasir maddi-texniki təminata və təchizata görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Baş prokuror hər iki Hərbi Prokurorluğun, eləcə də Kəlbəcər və Qubadlı Rayon prokurorluqlarının əməkdaşları ilə görüşüb, onlara fəaliyyətləri ilə bağlı tapşırıq və tövsiyələrini verib. Daha sonra inzibati binaların həyətində ağaclar əkilib və digər abadlıq işləri görülüb.

Respublikanın hərbi prokuroru Xanlar Vəliyev də Hərbi prokurorluqlarda yaradılmış iş şəraiti ilə tanış olaraq əməkdaşlarla görüşüb, fəaliyyətlərində uğurlar arzu edib.

Səfər çərçivəsində Baş prokurorun rəhbərliyi ilə nümayəndə heyəti Kəlbəcər rayonunda yerləşən N saylı hərbi hissədə, eləcə də Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində xidmətdə olan hərbçilərlə görüşüb, onların xidmət və məişət şəraiti ilə maraqlanıb.

Daha sonra xidmətdə fərqlənən hərbi qulluqçulara Baş prokuror tərəfindən qiymətli hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Bundan başqa, heyət səyyar hospitalda müalicə alan hərbçilərlə görüşərək, onların müalicə vəziyyəti ilə maraqlanıb.

Sentyabrın 27-də - Anım Günündə Füzuli rayonunun Horadiz şəhərində yerləşən "Qəhrəmanlar parkı"nda şəhidlər üçün yaradılmış abidə ziyarət edilib, orada şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

AZƏRTAC