Kəlbəcərdə yaylaq mövsümü başa çatır, qoyunçuluq təsərrüfatları qışlaqlara qayıdır
Region

Kəlbəcərdə yaylaq mövsümü başa çatır, qoyunçuluq təsərrüfatları qışlaqlara qayıdır

Kəlbəcər yaylaqlarında yaylaq mövsümü başa çatmaq üzrədir. Kənd Təsərrüfatı Nazirliyinin iyun ayında həyata keçirdiyi pilot layihə çərçivəsində Kəlbəcər yaylaqlarına köçürülmüş qoyunçuluq təsərrüfatları artıq qışlaqlara qayıtmağa hazırlaşır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kəlbəcər yaylaqlarının zəngin bitki örtüyü heyvandarlıqla məşğul olan kəlbəcərli fermerlərin üzünü güldürüb. Fermerlər 3 ay ərzində heyvanlarda heç bir xəstəlik müşahidə olunmadığını, ətlik sort qoyunların çəkisinin iki dəfə artdığını qeyd edirlər.

Fermer Nurəhməd Məmmədovla söhbət edirik. Deyir ki, Kəlbəcər torpaqları qiymətli torpaqlardır. “Bu il təsərrüfatımızı Kəlbəcər yaylaqlarına gətirdik. Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları daim bizi diqqətdə saxlayıblar. 1200 baş xırdabuynuzlu heyvan gətirmişik. Üç aydan çoxdur ki heyvanlarımız burada qalır. Yaylaq mövsümü 5-10 günə bitir və biz də təsərrüfatımızı Aran bölgəsinə aparacağıq”, - deyə o bildirib.

Kənd Təsərrüfatı Nazirliyi işğaldan azad edilmiş ərazilərdə yerləşən yaylaqlara köçürülmüş təsərrüfatların yenidən qışlaq bölgələrinə qaytarılması prosesinin təşkilinə başlayıb. Nazirliyin şöbə müdiri Vüqar Hüseynovun sözlərinə görə, hazırda Kəlbəcər ərazisinə köçürülmüş 6 təsərrüfatdan ikisinin qışlağa qayıdışı başa çatıb: “Hazırda Kəlbəcərin Sarıyer yaylağındayıq. Pilot layihənin həyata keçirildiyi üç ay ərzində nazirliyimizin əməkdaşları tərəfindən yaylaqlara köçürülmüş təsərrüfatlarda davamlı olaraq monitorinqlər keçirilib. Monitorinqlərin əsas məqsədi yerlərdə mövcud olan riskləri dəyərləndirmək və yaylağa köç etmiş təsərrüfatlarda çalışan fermerlərin dislokasiya nöqtələrində davranışlarını qiymətləndirməkdir. Bu qiymətləndirmələr növbəti mövsümdə yaylaqlara təsərrüfatların köçürülməsində mühüm rol oynayacaq. Pilot layihə çərçivəsində nazirlik tərəfindən Kəlbəcər yaylaqlarına 6 qoyunçuluq təsərrüfatı köçürülüb və apardığımız monitorinqlər göstərir ki, yaylaqların bitki örtüyü, yem potensialı heyvanların inkişafına kifayət qədər müsbət təsir göstərib. Fermerlər də qeyd edirlər ki, heyvanların çəkisi iki dəfə artıb, ətlik istiqamətdə müsbət nəticələr əldə olunub. Yaxın günlərdə pilot layihənin icra müddəti başa çatır. Qoyunçuluq təsərrüfatlarının rəhbərləri tərəfindən heyvanların qışlaq zonasına köçürülməsi ilə bağlı nazirliyə müraciətlər olub”.

Nazirlik rəsmisi bildirir ki, Kəlbəcər yaylaqlarına qoyunçuluq təsərrüfatlarının köçürülməsi ilə bağlı pilot layihə bütün istiqamətlərdə uğurla başa çatıb.

“Yaylaqlara təsərrüfatların köçürülməsi işğaldan azad olunmuş ərazilərə qayıdışın ilk mərhələsi hesab olunur. Nəticə etibarilə bu mərhələ uğurla başa çatıb. Bu münasibətlə kəlbəcərli fermerlərimizi, Azərbaycan xalqını, aqrar sektorda çalışan bütün insanları təbrik edirik”, - deyə V.Hüseynov əlavə edib.

Qeyd edək ki, işğaldan azad edilmiş Kəlbəcər rayonunda heyvandarlığın inkişafı üçün böyük potensial mövcuddur. Kəlbəcər yaylaqları sovetlər dövründə heyvan sürülərinin əsas köç yeri olub. Rayonun Sarıyer, Söyüdlü, Qoşadaş və digər yaylaqlarında zəngin ehtiyat bitki örtüyü mövcuddur. İşğaldan əvvəlki dövrlərdə Azərbaycanın 30-dan artıq rayonunun heyvandarlıq təsərrüfatı mövsüm zamanı bu yaylaqların imkanından yararlanıb.

AZƏRTAC